BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ PARLAMENTLƏRARASI ƏLAQƏLƏR KOMİTƏSİNDƏ

Komitə iclasları
14 sentyabr 2018 | 05:09   
Paylaşın:        

Sentyabrın 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2018-ci ilin payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri Səməd Seyidov bu münasibətlə deputat həmkarlarını təbrik etdi. Qeyd olundu ki, bu iclas yaxın günlərdə keçiriləcək əlamətdar tarixi hadisəyə təsadüf edir. Belə ki, sentyabrın 15-də Bakının bolşevik işğalından azad edilməsinin 100 illiyi münasibəti ilə parad təşkil olunacaq. Səməd Seyidov vurğuladı ki, Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə keçiriləcək möhtəşəm tədbir iki ölkə arasında münasibətlərin dostluq, qardaşlıq, qarşılıqlı etimad əsasında qurulmasını bir daha sübut edir.
Sonra komitənin 2018-ci ilin yaz və növbədənkənar sessiyaları  ərzində gördüyü işlər barədə hesabatı dinlənildi. Bildirildi ki, ölkənin beynəlxalq əlaqələri dinamik inkişaf edir. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Azərbaycanın xarici siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair aktiv fəaliyyət göstərir, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı üzərinə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirib.
Sessiya müddətində komitəyə daxil olmuş ərizə, şikayət və məktublarda qaldırılmış məsələlər araşdırılaraq, həll olunması üçün müvafiq təşkilatlara və idarələrə göndərilib. Mütəmadi olaraq seçicilərin qəbulu təşkil edilib, müraciətləri nəzərdən keçirilib, onları narahat edən məsələlərin həlli istiqamətində lazımi tədbirlər görülüb. Komitənin 2018-ci ilin yaz və növbədənkənar sessiyalarında fəaliyyəti müsbət qiymətləndirildi.
Komitə sədri 2018-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planını diqqətə çatdırdı. Qeyd edildi ki, komitədə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş qanun və qərar layihələrinə baxılması, beynəlxalq və dövlətlərarası müqavilələrin təsdiqi, icrası və ləğv edilməsi qaydalarına aid qanun layihələrinin hazırlanması, bununla bağlı təqdim olunmuş qanun layihələrinə rəy verilməsi,   parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi barədə təkliflərin hazırlanması, bu məqsədlə  parlamentlərarası  əlaqələr üzrə işçi qrupları, Milli Məclisin beynəlxalq parlament təşkilatlarındakı nümayəndələri ilə yaxından əməkdaşlıq etmək, xarici ölkə parlamentləri təmsilçilərinin Azərbaycana və Azərbaycan parlament nümayəndələrinin digər dövlətlərə qarşılıqlı səfərlərini təşkil etmək nəzərdə tutulur.
Komitə üzvləri AŞPA, ATƏT PA, NATO PA, QDİƏT PA, QUAM PA, İƏT PA və bu qurumlara  daxil olan ölkələrin parlamentləri ilə əməkdaşlığın inkişafı, Avropa Birliyi ilə əlaqələrin möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcəklər. 2018-ci ilin payız sessiyasının iş planı qəbul edildi.
İclasda "Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun, "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sərhəd nümayəndələrinin/sərhəd komissarlarının fəaliyyəti haqqında" Sazişin, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında" Sazişin, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair" Protokolun, "Futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma haqqında Avropa Şurası Konvensiyası"nın,  "İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Nizamnaməsi"nin,  "Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ekstradisiya haqqında" Sazişin, "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının yaradılması haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihələri müzakirə olundu.
Komitə sədri layihələr barədə ətraflı məlumat verdi. Qeyd edildi ki,  adı çəkilən sənədlər Azərbaycan xalqının milli maraqlarına xidmət edir. Deputatlar müxtəlif sahələrdə əməkdaşlığa dair sazişlərin və digər sənədlərin ratifikasiyasını  məqsədəmüvafiq hesab etdilər.
Gündəlikdəki qanun layihələri Milli Məclisin plenar sessiyasında  baxılmaq üçün tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU