AZƏRBAYCAN PARLAMENTİNİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ İCLAS KEÇİRİLDİ

Tədbirlər
21 sentyabr 2018 | 08:09   
Paylaşın:        

Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli iclas keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli  parlamentimizin bir əsrlik yubileyinə toplaşmış  44 xarici ölkənin  nümayəndə heyətini, 10-a yaxın beynəlxalq təşkilatın və ölkəmizdəki diplomatik korpusların təmsilçilərini salamladı.
Dövlət başçısı geniş nitqində qeyd etdi ki, Azərbaycan Parlamenti ölkədə müstəqilliyin möhkəmləndirilməsində və sürətli inkişafın təmin edilməsində müstəsna rol oynayır. Parlament diplomatiyası milli maraqlarımıza xidmət edir. Deputatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünyaya çatdırılması, beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyinin müdafiəsi istiqamətində fəal iş aparırlar.
(Prezident İlham Əliyevin  nitqinin mətni mətbuatda dərc olunacaq.)
Təntənəli yubiley tədbirinin açılış mərasimindən sonra qonaqlarla birgə ailə fotosu çəkdirildi.
***
Fasilədən sonra Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli iclas işini davam etdirdi.
Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Sonra iclasda Milli Məclisin Sədri Oqtay Əsədov nitq söylədi. Spiker qeyd etdi ki, 1995-ci ildə ölkəmizin yeni Konstitusiyası qəbul olunandan sonra Azərbaycan Prezidenti ilə parlamenti arasında bərqərar olmuş münasibətlər ildən-ilə daha da möhkəmlənir. Cənab Prezidentin Milli Məclisdə bugünkü çıxışı icra hakimiyyəti ilə qanunvericilik hakimiyyəti arasında yüksək səviyyəli münasibətlərin bariz nümunəsidir. 
Dağlıq Qarabağ məsələsi ilə əlaqədar Prezidentin toxunduğu məqamlara diqqət çəkən Milli Məclisin Sədri münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə çalışan, nüfuzlu təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü və haqlı mövqeyini dəstəkləyən qərar və qətnamələrin qəbuluna nail olan həmkarlarına və qonaqlara minnətdarlığını bildirdi.
Oqtay Əsədov təntənəli iclasda iştirak etmək üçün Bakıya təşrif buyurmuş xarici ölkələrin parlament sədrlərinə, sədr müavinlərinə, parlament nümayəndə heyətlərinə, beynəlxalq təşkilatların təmsilçilərinə, bütün qonaqlara “xoş gəlmisiniz” dedi. Deputatları və bütün xalqımızı Azərbaycan Parlamentinin yaranmasının 100 illiyi münasibəti ilə ürəkdən təbrik etdi. Azərbaycan dövlətçiliyinin əbədiyyətə qədər var olmasını arzuladı.  
İyirminci əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin və onun parlamentinin yaranma tarixindən söz açan Milli Məclisin Sədri vurğuladı ki, bu, xalqımızın dövlətçilik potensialının yeni tarixi şəraitdə təzahür etməsi və müstəqillik arzusunun gerçəkləşməsi idi. Parlamentli respublika sisteminin tətbiq edilməsi, demokratik və dünyəvi dövlət quruculuğu yolunda atılan inamlı addımlar təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin siyasi inkişafında yeni mərhələ açmışdı.  
Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin siyasi, iqtisadi, sosial, mədəni və hərbi sahələrdə qəbul etdiyi mütərəqqi qanunvericilik aktları müstəqil dövlətin səmərəli fəaliyyətinə imkan yaratmışdı. Dünyada birincilər sırasında və Şərq aləmində ilk dəfə olaraq kişilərlə qadınların bərabər seçki hüququ təsbit edilmişdi.
Spiker vurğuladı ki, Azərbaycan parlamenti öz fəaliyyətini demokratik prinsiplər əsasında qurmuşdu. Ölkədə mövcud olan bütün siyasi qüvvələr və cərəyanlar, müxtəlif millətlərin nümayəndələri qanunvericilik orqanında təmsil olunmuşdular. 100 il əvvəl yaranmış parlament ölkəmizdə dövlətçilik məfkurəsinin və siyasi mədəniyyətin inkişafında mühüm rol oynadı. Bu parlamentin uğurlu fəaliyyəti sübut etdi ki, Azərbaycan xalqı demokratik prinsiplərə əsaslanan milli dövlətini qurmağa qadirdir.
Oqtay Əsədov bildirdi ki, sovet hakimiyyəti dövründə “Sovetlər qurultayı” və “Ali Sovet” adları ilə fəaliyyət göstərən qanunvericilik orqanı məhdud səlahiyyətlərə malik olsa da, o  şəraitdə belə xalqımız parlamentarizm ənənələri¬ni qoruyub saxlaya bilmişdir. 
Qonaqların nəzərinə çatdırıldı ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız böyük böhran və sarsıntılar, erməni işğalı və vətəndaş müharibəsi təhlükəsi ilə qarşılaşmışdı. 1993-cü ilin iyun ayında böyük siyasi və dövlət xadimi  Heydər Əliyevin hakimiyyətə qayıdışı müstəqil dövlətimizi məhv olmaqdan xilas etdi. Ulu öndər Prezident seçilənədək dörd ay parlamentə rəhbərlik etdi. 1995-ci ildə onun rəhbərliyi ilə hazırlanmış Konstitusiya parlamentin formalaşmasının müasir standartlara uyğun  mexanizmini yaratdı.
Sədr qeyd etdi ki, Milli Məclisə indiyədək beş dəfə keçirilmiş azad, ədalətli və şəffaf seçkilər Azərbaycanın demokratik inkişafında mühüm rol oynayıb. 23 ilə yaxındır ki, Azərbaycan Milli Məclisi qanunvericilik hakimiyyəti səlahiyyətlərini uğurla həyata keçirir. Parlament ölkədə aparılan hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun möhkəm hüquqi bazasını yaradıb və təkmilləşdiribdir.
Parlamentin beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət yetirdiyini vurğulayan Oqtay Əsədov məlumat verdi ki, Milli Məclis 10 beynəlxalq parlament təşkilatının tam hüquqlu üzvüdür, bir neçə parlament təşkilatı ilə yaxından əməkdaşlıq edir. 80-dən çox ölkənin parlamentləri ilə əlaqələr üzrə işçi qrupları, bir neçə ikitərəfli komissiya yaradılıb.
Bildirildi ki, Milli Məclis Konstitusiyada nəzərdə tutulan nəzarət funksiyasını uğurla həyata keçirir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdı¬rıl¬masını daim diqqət mərkəzində saxlayır.
Ölkədə dövlət hakimiyyətinin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq münasibətləri bərqərar olub. Dövlət başçısı İlham Əliyev Konstitusiyada təsbit edilmiş qanunvericilik təşəbbüsü hüququna əsaslanaraq müasir dünya standartlarına uyğun qanun layihələrinin hazırlanmasını və parlamentə təqdim olunmasını təmin edir.
Yubiley iştirakçılarına məlumat verildi ki, Azərbaycan Prezidenti İlham Əliyev birinci və ikinci çağırış Milli Məclisin deputatı olub, 3 il AŞPA-dakı nümayəndə heyətimizə rəhbərlik edib. O, Milli Məclisin fəaliyyəti ilə bağlı məsələləri dərindən bildiyinə görə qanunvericilik orqanına çox böyük diqqət göstərir. Parlament bu dəstəyə  görə dövlət başçısına minnətdardır.
Bildirildi ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva 12 ilə yaxın Milli Məclisin deputatı olub, dövlətimizin qanunvericilik bazasının təkmilləşdirilməsində, parlamentin beynəlxalq əlaqələrinin inkişafında yaxından iştirak edib. Onun təklifi və dəstəyi ilə 4 amnistiya aktı qəbul olunub.
Milli Məclisin  gündəlik fəaliyyətindən söz açan Sədr bildirdi ki,  icra və məhkəmə hakimiyyəti orqanları, elm, təhsil və yaradıcılıq mərkəzləri ilə sıx əlaqə saxlanılır. Hakimiyyətin müxtəlif qolları arasında iş birliyi ölkəmizin strateji inkişaf xəttinin uğurla həyata keçməsini təmin edir.
İclasda vurğulandı ki, Azərbaycan Respublikası XX əsrin əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin, Milli Məclis isə Xalq Cümhuriyyəti parlamentinin varisidir. Azərbaycan parlamentinin 100 illik yubileyi münasibəti ilə bu gün keçirilən təntənələr zamanlar arasında canlı əlaqəni təcəssüm etdirir. İnamla söyləmək olar ki, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının yaratdıqları dövlətçilik və parlamentarizm ənənələri indiki Azərbaycan dövlətinin və parlamentinin fəaliyyətində layiqincə davam və inkişaf etdirilir.
Nitqinin yekununda Milli Məclisin Sədri Oqtay Əsədov qonaqlara bu bayram günündə bizimlə birlikdə olduqlarına görə bir daha təşəkkür etdi.
***
Sonra iclasda Azərbaycan Parlamentinin 100 illik tarixini əks etdirən film nümayiş olundu.
 Filmə baxışdan sonra çıxış üçün təntənəli iclasda iştirak edən xarici qonaqlara söz verildi.
Təbrik nitqlərində Bolqarıstan Milli Assambleyasının sədri Tsveta Karayançeva, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani, Belarusiya Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko, Küveyt Millət Məclisinin sədri Mərzuq əl Ğanim, Qırğız Respublikası Parlamentinin sədri Dastanbek Cumabekov, Bəhreyn Nümayəndələr Şurasının sədri Əhməd bin İbrahim Əl-Mulla, Cibuti Milli Assambleyasının sədri Mohamed Ali Huməd, Sudan Milli Assambleyasının sədri İbrahim Əhməd Ömər Azərbaycan parlamentinin fəaliyyətini, parlamentlərarası əlaqələrin inkişafına verdiyi töhfəni yüksək dəyərləndirdilər. Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu olduğunu vurğuladılar. Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını dedilər.
İclasda ATƏT PA-nın sədri Georgi Tsereteli  qeyd etdi ki, sələfinin izi ilə gedən Milli Məclis  Azərbaycanın inkişaf edərək regionda vacib ölkəyə çevrilməsinə mühüm töhfə verib.
 Rusiya Dövlət Dumasının sədr müavini Sergey Neverov, Misir Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərif, Qazaxıstan Senatının sədr müavini Bektas Beknazarov, Çexiya Deputatlar Palatasının sədr müavini Voytex Filip, Tacikistan Nümayəndələr Palatası sədrinin birinci müavini Azizi Abducabbor, İndoneziya Nümayəndələr Palatasının sədr müavini Aqus Hermanto, Macarıstan Milli Assambleyasının sədr müavini Ksaba Hende, Monteneqro Parlamentinin sədr müavini, Monteneqro-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Genci Nimanbequ, Polşa Senatının sədr müavini Adam Bielan, Serbiya Parlamentinin sədr müavini Veloyub Arsiç, Özbəkistan Parlament Məclisinin sədr müavini Sarvar Otamuratov, Vyetnam Milli Assambleyasının sədr müavini Uong Chu Luu Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə xoş diləklərini çatdırdılar. Ölkələrimiz arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bildirdilər. Qafqazın lider dövlətinə çevrilmiş müasir Azərbaycanın nailiyyətlərindən iftixarla söz açdılar. Ölkəmizin iştirakı ilə həyata keçirilən qlobal layihələrin yalnız bölgədə deyil, digər qitələrdə də sülhün və iqtisadi tərəqqinin inkişafına əsaslı zəmin yaratdığını vurğuladılar.
 Avstriya Milli Şurasının üzvü, Avstriya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Barbara Krenn, Böyük Britaniya Parlamentində Azərbaycan üzrə dostluq qrupunun rəhbəri Bob Bləkman, Fransada Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel ölkəmizin qurduğu dostluq əlaqələrindən, Azərbaycanda hökm sürən tolerantlıqdan, demokratik inkişafdan  məmnuniyyətlə söz açdılar. Söylədilər ki, müsəlman aləmində ilk demokratik dövlət yaratmaqla Azərbaycan müxtəlif dinlərin və xalqların nümayəndələrinin bir yerdə yaşamalarının nə qədər önəmli olduğunu nümayiş etdirib.
 İordaniya Parlamentinin deputatı Favzi Daoud, Hindistan Parlamentinin deputatı Kambadahally Hanumappa Muniyappa, İtaliya Deputatlar Palatasının üzvü Giovanni Russo, Litva Seyminin komitə sədri Rimante Şalaşeviçiute, Livan Milli Assambleyasında Livan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Ayoub Hmayed, PAİ-dəki Malta Parlamenti nümayəndə heyətinin rəhbəri Byron Camilleri, Slovakiya Parlamentində Azərbaycan üzrə parlament dostluq qrupunun rəhbəri Peter Marçek, Sloveniya Milli Assambleyasının komitə sədri Matyaz Nemek, Birləşmiş Ərəb Əmirlikləri Parlamentinin üzvü Jamal Al Hai, Avropa Parlamentinin üzvü Səyyad Kərim, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin təmsilçisi Cemal Öztürk, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibi Məhəmməd Xouraiçi Niass, Əlcəzair Parlamentinin sədr müavini Abdulrızaq Karabaş Azərbaycan parlamentinin 100 illiyinin təntənəli şəkildə qeyd olunmasını mühüm hadisə kimi dəyərləndirdilər. Bildirdilər ki, parlament azadlıq, demokratiya, ədalət prinsipləri və insanlar arasında bərabərliyin gücləndirilməsi istiqamətində mühüm rola malikdir. 100 il öncə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti dünyada birincilər sırasında, özü də Şərq aləmində ilk dəfə olaraq qadınlara seçki hüququ verib. Ötən illər ərzində Azərbaycan Parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün gözəl zəmin yaradıb.
Təbrik nitqləri yekunlaşdıqdan sonra Milli Məclisin Sədri Oqtay Əsədov yüksək səviyyədə keçən yubiley tədbirində iştirak edənlərə bir daha dərin təşəkkürünü bildirdi.
Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş Milli Məclisin təntənəli iclası Dövlət himnimizin sədaları altında başa çatdı.

 

Milli Məclisin
 Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU