ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
24 sentyabr 2018 | 07:09   
Paylaşın:        

Sentyabrın 24-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2018-ci ilin payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri Hadi Rəcəbli bir neçə gün əvvəl Azərbaycan Parlamentinin 100 iliyi münasibəti ilə Milli Məclisdə keçirilmiş təntənəli mərasim barədə xoş təəssüratlarını bölüşdü, payız sessiyasının başlaması münasibəti ilə təbriklərini çatdırdı.
Sonra Hadi Rəcəbli 2018-ci ilin yaz və növbədənkənar sessiyaları  dövründə komitədə görülən işlər barədə məlumat verdi. Bildirildi ki, bu müddətdə 10 iclas keçirilib, 34 məsələ müzakirə olunub. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” yeni qanun layihələri, “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığın asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında” sənəd, habelə 29 qanun və 1 Konstitusiya qanununa dəyişikliklər  Milli Məclisin müzakirəsinə tövsiyə edilib.
Hesabat dövründə komitəyə 648 sənəd, o cümlədən vətəndaşlardan 579 ərizə, nazirliklərdən və idarələrdən 69 cavab məktubu daxil olub. Komitənin ünvanına daxil olan ərizələr əsasən sosial xarakter daşıyır. Müraciətlərdə ünvanlı sosial yardım, pensiyaların artırılması, veteranların imtiyazları, torpaq sahəsinin verilməsi, səhiyyə problemləri, əlillərin mənzillə təmin olunması ilə əlaqədar məsələlər əhatə olunub. Komitədə 366 nəfər vətəndaş qəbul edilib və onların ərizələri aidiyyəti üzrə əlaqədar təşkilatlara və idarələrə göndərilib.
2018-ci ilin payız sessiyasının qanunvericilik işləri planı barədə danışan komitə sədri bildirdi ki, komitədə “Turizm haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-ci il büdcəsi haqqında”, Azərbaycan Respublikasında 2019-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikası 2019-ci il  üçün ehtiyac meyarının həddi haqqında”, “İşsizlikdən sığorta fondunun 2019-ci il büdcəsi haqqında” qanun layihələrinə baxılacaq, bir sıra beynəlxalq sazişlər təsdiq ediləcək, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü ilə bəzi qanunvericilik aktlarına dəyişikliklərlə bağlı təqdim edilən layihələr müzakirə olunacaq.
Komitənin 2018-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində fəaliyyəti müsbət qiymətləndirildi, payız sessiyası üçün nəzərdə tutulan iş planı təsdiq edildi.
İclasda “İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında məsələyə baxıldı. Bildirildi ki, 4 fəsil, 25 maddədən ibarət olan sənəd əməkdaşlığın gücləndirilməsi üzrə İƏT Nizamnaməsinin müddəalarına əsaslanaraq, üzv dövlətlərin üzləşdiyi məşğulluq, əmək və sosial müdafiə ilə bağlı problemlərin həll olunmasının,  mövcud imkanlar çərçivəsində yoxsulluğun azaldılmasının zəruri olduğunu nəzərə alaraq tərtib edilib. Sənəddə üzv dövlətlərdə əmək, məşğulluq və sosial müdafiə sistemlərinin inkişafı, üzv dövlətlərin əhalisinin mənafeyi naminə əmək və məşğulluq proqramları və layihələrin tətbiqində özəl sektordan olan səhmdarların və sponsorların cəlb olunması və  digər önəmli məqamlar ehtiva olunub.
Sonra parlament Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev bir sıra qanunlara təklif olunan dəyişiklikləri təqdim etdi. Qeyd olundu ki, bu dəyişikliklər 2017-ci ilin dekabrında ölkə əhalisinin sağlamlığının qorunması, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna uyğunlaşdırılması məqsədi ilə aparılıb.
Diqqətə çatdırıldı ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə  yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə, qanunla qadağan edilmiş yerlərdə tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə müvafiq cərimələr nəzərdə tutulur. Habelə bu məcəllədə və “Tütün və tütün məmulatı haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda “siqaret” sözünün “tütün” sözü ilə əvəz olunması ilə bağlı və digər redaktə xarakterli düzəlişlər edilib.
Eyni zamanda, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” qanunlara yeni müddəalar əlavə olunur. Əlavələrə əsasən, tütün məmulatlarını və tütün istifadəsi prosesini nümayiş etdirməmək, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərləri, tamaşaları, proqramları efirdə, kabel yayımı vasitəsilə açıq yayımlamamaq nəzərdə tutulur. Habelə, qeyd edilir ki, teleradio yayımçıları tütündən istifadənin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırırlar. Bu verilişlərin 45 dəqiqəsi saat 17.30-23.00 arasında olmaqla, saat 08.00-23.00 arasında yayımlanır və verilişlərin surəti hər ay Milli Televiziya və Radio Şurasına təhvil verilir.
“Teatr və teatr fəaliyyəti haqqında” qanuna edilən əlavədə də deyilir ki, teatr tamaşalarında tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi qadağandır.
Bildirildi ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna görə, ayrı-ayrı ərazilərdə, binalarda və obyektlərdə tütün çəkilməsinə qadağa qoyulur. Bununla əlaqədar olaraq, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət nizamnaməsi”ndə və  “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə müvafiq düzəlişlər edilib.
Qeyd edildi ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun 13.1-ci maddəsinin yeni redaksiyasına əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı, habelə onlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır.
Nəzərə çatdırıldı ki, 2018-ci il 31 may tarixində “Torpaq icarəsi haqqında” qanuna edilən dəyişikliklərə əsasən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsinin yeni qayda və şərtləri (dövlət mülkiyyətində olan digər təyinatlı torpaqların icarəsindən fərqli qaydalar müəyyən etməklə) müəyyən edilib. Bununla əlaqədar “Torpaq bazarı haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda müvafiq düzəlişlər aparılıb.
Komitə üzvləri Jalə Əliyeva, Rauf Əliyev, Musa Quliyev, Araz Əlizadə, İlham Məmmədov, Elmira Axundova, Yaqub Mahmudov təqdim olunan dəyişikliklər barədə öz fikirlərini açıqladılar, təkliflər verdilər. Qanun layihələri Milli Məclisin plenar sessiyasına tövsiyə edildi.
İclasın sonunda Hadi Rəcəbli çıxış edərək yeni yaradılan “DOST” xidmətinin  tanıdılması məqsədilə yaxın günlərdə dinləmələrin keçirilməsini məqsədəmüvafiq hesab etdi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU