İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ
Sentyabrın 24-də parlamentin payız sessiyasında ilk iclasına toplaşan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 18 məsələyə baxıldı.
Öncə komitənin sədri Ziyad Səmədzadə 2018-ci ilin yaz və növbədənkənar sessiyalarında görülmüş işlər barədə məlumat verdi. Bildirdi ki, 15 iclasda 62 məsələyə baxan, o cümlədən 61 qanun layihəsini geniş müzakirə edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ölkənin qanunvericilik bazasının zənginləşməsi istiqamətində var gücü ilə çalışıb. Payız sessiyasında da komitə qanunvericilik sahəsində işini əzmlə davam etdirəcək.
Fikir mübadiləsində yaz və növbədənkənar sessiyalar ərzində görülmüş işlər məqbul sayıldı, payız sessiyasının iş planı dəstəkləndi.
İclasda Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov gündəlikdəki əksər qanun layihələrini təqdim etdi. Bildirildi ki, “Aviasiya haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlara təklif olunan dəyişikliklər ötən ilin dekabrında Əmək Məcəlləsində edilən dəyişikliklərlə bağlıdır.
Vergi Məcəlləsində və Gömrük Məcəlləsində dəyişiklik edilməsinə dair birinci oxunuşda müzakirəyə çıxarılmış sənədlər isə 2017-ci ilin 15 dekabrında dəyişiklik edilmiş “Dövlət Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun icrası məqsədilə hazırlanıb.
Komitə üzvlərinə məlumat verildi ki, Vergi Məcəlləsində digər dəyişikliklərə dair sənədlər bu məcəllənin “Təhsil haqqında” və “Elm haqqında” qanunlara uyğunlaşdırılması xarakteri daşıyır, həmçinin “İcra haqqında” qanunda edilmiş dəyişikliklə əlaqədardır.
İclasda İnzibati Xətalar Məcəlləsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Standartlaşdırma haqqında”, “Bələdiyyələrin maliyyələşməsinin əsasları haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunlara təklif edilən dəyişikliklər də şərh olundu.
Gündəlikdəki digər qanun layihələrini komitə iclasına dəvət olunmuş sahə mütəxəssisləri təqdim etdilər.
Mülki Məcəllədə və “Banklar haqqında” qanunda dəyişikliyə dair birinci oxunuşa təqdim olunmuş layihələrdən danışan Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorunun müavini Asim Zülfüqarov bildirdi ki, hər iki sənədin bir sıra maddələrinə dəyişiklik edilməsi zərurəti təmsil etdiyi qurumun – MBNP-nın təkliflərinə əsasən meydana gəlib.
İclasda Mülki Məcəlləyə və “İpoteka haqqında” qanuna təklif olunan dəyişiklikləri İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədr müavini Rəhman Hümmətov şərh etdi. Məlum oldu ki, birinci oxunuşa çıxarılmış hər iki sənəd “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 2016-cı il 22 iyun tarixli Prezident Fərmanının icrası məqsədilə hazırlanıb.
Birinci oxunuşda müzakirəyə çıxarılmış “Lotereyalar haqqında” qanuna təklif olunan dəyişikliklər barədə deputatlara “Azərlotereya” ASC İdarə Heyətinin sədri Maqsud Tağıyev məlumat verdi. Bildirdi ki, layihə elektron lotereyaların da təşkili və keçirilməsinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur və bu lotereyaların “Fərdi məlumatlar haqqında” qanuna əsasən dövlət qeydiyyatına alınmış elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsini məqsədəuyğun sayır.
Gündəlikdəki məsələlər ətrafında komitədə geniş fikir mübadiləsi aparıldı. Deputatlar Vahid Əhmədov, Rüfət Quliyev, Əli Məsimli, İlham Əliyev, Şəmsəddin Hacıyev, Tahir Mirkişili, İqbal Məmmədov qanun layihələrinə münasibətlərini bildirdilər, təkliflərini diqqətə çatdırdılar.
Deputatları maraqlandıran suallara cavab verildi.
Müzakirələrin yekununda baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti