MİLLİ MƏCLİSDƏ KONFRANS

Tədbirlər
25 sentyabr 2018 | 06:09   
Paylaşın:        

Sentyabrın 25-də parlamentdə “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu” mövzusunda konfrans keçirildi.
Azərbaycan  Dayanıqlı İnkişaf  üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat  Nazirliyi  və  BMT-nin Ərzaq  və Kənd  Təsərrüfatı  Təşkilatının (FAO) dəstəyi  ilə  keçirilən konfransı giriş sözü  ilə  Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov açdı. Tədbirin əhəmiyyətini qeyd edən komitə  sədri bildirdi ki, dünyada qloballaşmanın intensivləşməsi yeni çağırışlar doğurur. Bu çağırışlara cavab vermək də öz növbəsində dövlətlər və hökumətlər qarşısında vacib tələblərdən biri kimi dayanır.
Bu baxımdan BMT-nin ərzaq və kənd təsərrüfatı, ərzaq təhlükəsizliyinə dair həyata keçirdiyi tədbirlərin  təqdiralayiq  olduğunu  vurğulayan Eldar İbrahimov qeyd etdi ki,  ulu öndər Heydər Əliyevin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə “2003-2005-ci illər üçün Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə” Dövlət proqramı, habelə, “Ərzaq təhlükəsizliyinin təmin edilməsinə dair” Dövlət proqramı təsdiq edilib. Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunan müsbət meylləri davam etdirmək məqsədi ilə Prezident İlham Əliyevin imzaladığı Fərmanla “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf”, “Əhalinin ərzaq və etibarlı təminatına dair” və “Regional inkişafa dair” dövlət proqramları qəbul edilib. Bu dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə bu sahədə köklü dəyişikliklər baş verir.
Komitə  sədri onu da diqqətə çatdırdı ki, ölkə başçısı İlham Əliyev hər zaman dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını  qeyd  edir. Bunun əyani sübütu kimi, təkcə onu demək kifayətdir ki, son 15 ildə ölkədə ümümdaxili məhsul hər il orta hesabla 10-11 faiz, əhalinin hər nəfərinə düşən ümumdaxili məhsul 3-4 dəfə artır, minumum sosial standartların səviyyəsi, əhalinin gəlirləri dəfələrlə yüksəlir, infilyasiyanın aşağı səviyyədə saxlanılması təmin edilir. Dayanıqlı inkişaf məqsədlərində nəzərdə tutulan hədəflərə çatmaq üçün Prezident Baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələnirmə Şurasının yaradılması haqqında Fərman verib.  Azərbaycanda həyata keçirilən bu işlər BMT və digər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir.
Toplantıda çıxış edən BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Qulam İsaqzai əvvəlcə Parlamentin 100 illik yubileyi münasibətilə millət vəkillərinə  təbriklərini  çatdırdı. Bildirildi ki, üç il əvvəl dünya dövlətlərinin rəhbərləri  tərəfindən aclığın, yoxsulluğun və ayri-seçkiliyə yol açan amillərin aradan qaldırılması kimi məqsədləri  hədəf  seçən  proqramlar qəbul edildi. O, qidalanma, kənd  təsərrüfatının inkişafı, açlığın  və yoxsulluğun ləğvi  sahəsində  FAO-nun  gördüyü  işlərdən söz  açdı. Bildirildi ki, bu gün dünyada 50 milyondan çox kasıb var, hər üç nəfərdən biri düzgün qidalanmır. Bu isə onu göstərir ki, üç il əvvəl razılaşdırılan proqramlar  hələ də  düzgün tarazlanmır.
Qulam İsaqzai iqlim dəyişikliyi, miqrasiya, urbanizasiya kimi fövqəladə amillərin bu işi çətinləşdirən məqamlar  olduğunu qeyd  etdi.  O,  bu problemlərin aradan qaldırılması  sahəsundə  Azərbaycanda  atılan  konkret addımların çox sevindirici olduğunu  dilə gətirdi.
Sonra FAO-nun ölkəmizdəki Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak çıxış  edərək bildirdi ki, Azərbaycan əhalisinin 50 faizi kəndlərdə yaşayır. Kənd yerlərində yoxsulluğun aradan qaldırılması təkcə kənd təsərrüfatının üzərinə  düşməməlidir. Digər sektorların inkişafı da iqtisadiyyatın və yoxsulluğun azaldımasına kömək edə bilər. O, FAO-nun Azərbaycanla əməkdaşlığını çox yüksək qiymətləndirdi və ölkədəki iqtisadi inkişafı, qida təhlükəsizliyi sahəsindəki nailiyyətləri xüsusi vurğuladı.
İclasda iştirak edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirdi ki, Azərbaycan hər zaman beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Ölkəmizin BMT və onun qurumları, o cümlədən FAO ilə geniş əməkdaşlıq əlaqələri var. BMT-nin minilliyin inkişafı məqsədlərinin icrası ərəfəsində Azərbaycan əhəmiyyətli irəliləyişlərə nail olub. Qeyd edildi ki, ölkəmizdə ifrat yoxsulluq tamamilə aradan qaldırılıb, mütləq yoxsulluq səviyyəsi on dəfə azalıb, əhalinin gəlirləri on dəfədən çox artıb, işsizlik 5 faizə endirilib. “Ərzaq təhlükəsizliyi Proqramı”nın icrası nəticəsində ölkəmizdə açlıq probleminə son qoyulub.
Toplantıda kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, avstriyalı ekspert Hamid El Bilali, Milli Məclisin komitə sədrləri Hadi Rəcəbli, Ziyad Səmədzadə,  millət  vəkilləri Eldar Quliyev, Hüseynbala Mirələmov,  Məlahət  İbrahimqızı  çıxış edərək bu  tədbirin mühüm əhəmiyyəti olduğunu bildirdilər. Dünyada aclığın ləğvi, qida təhlükəsizliyinin təmin edilməsi, dayanıqlı inkişaf məqsədlərinin hədəflərinə nail olmaq, kənd təsərrüfatının inkişafı ilə bağlı fkirlər  səsləndirildi.
Tədbirdə mövzu ətrafında müzakirələr aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU