AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNDƏ
Sentyabrın 25-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirildi. Komitə sədri Aqiyə Naxçıvanlı iclası açaraq sentyabr ayının 21-də Azərbaycan Parlamentinin 100 illiyi münasibəti ilə keçirilmiş təntənəli yubiley mərasimini xatırladı. Prezident İlham Əliyevin tədbirdə iştirakını xüsusi vurğulayan komitə sədri bildirdi ki, dövlət başçısının öz çıxışında Milli Məclisin işini təqdir etməsi qürurvericidir.
Sonra Aqiyə Naxçıvanlı gündəlikdəki məsələlər haqqında məlumat verdi. Əvvəlcə, 2018-ci ilin yaz və növbədənkənar sessiyalarında görülən işlər barədə danışıldı. Qeyd edildi ki, bu müddətdə komitənin 3 iclası keçirilib, 4 məsələ, o cümlədən 2 qanun layihəsi müzakirə olunub.
Komitə üzvləri cari ilin fevral ayında Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində olub, orada məskunlaşan uşaqların sosial durumu, təhsil və sağlamlıqları ilə yaxından maraqlanıblar. Komitənin iştirakı ilə aprel ayında Bakı şəhərinin Nizami və Suraxanı rayonlarında görkəmli oftalmoloq alim, ictimai və elm xadimi Zərifə Əliyevanın 95 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib.
Diqqətə çatdırıldı ki, komitə fəaliyyətə başladığı dövrdən etibarən “Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” mövzusunda bir sıra geniş tədbirlər təşkil olunub. Bu silsilədən mayın 23-də keçirilmiş “Azərbaycan ailə modeli: müasirlik və dəyərlər” mövzusunda geniş dinləmələri qeyd etmək olar. Tədbirdə ailə institutunun möhkəmləndirilməsi, gənc nəslin sağlam ruhda tərbiyə olunması, erkən nikahların, boşanmaların qarşısının alınması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Bununla yanaşı, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Milli Məclisdə keçirilmiş tədbir də təqdirəlayiqdir.
Ötən sessiya ərzində komitənin ünvanına 149 məktub daxil olub. Bu məktublarda göstərilən şikayətlər ətraflı araşdırılaraq aidiyyəti qurumlara göndərilib. 98 vətəndaş qəbul olunub, onları narahat edən məsələlərin bir çoxu yerindəcə həll olunub, bəzi problemlərin aradan qaldırılması ilə bağlı müvafiq təşkilatlara müraciətlər göndərilib. Komitənin gördüyü işlər məqbul hesab edildi.
Sonra 2018-ci ilin payız sessiyasında komitədə görüləcək işlər barədə məlumat verildi və iş planı qəbul edildi.
Komitə sədri gündəlikdə digər məsələ - “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim etdi. Bildirildi ki, sənəd ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında 6 mart 2018-ci il tarixində Milli Məclisə daxil olub. Əvvəlcə layihə ilə bağlı komitədə geniş müzakirələr aparıldı. Sonra sənədə Milli Məclisin 12 iyun tarixli plenar iclasında birinci oxunuşda konseptual baxımdan qiymət verildi, bəzi təkliflər irəli sürüldü. Səsləndirilən təkliflər qanunda öz əksini tapıb.
Qanun uşaqların sağlam böyüməsi, onların psixi, fiziki, sosial inkişafına ziyan vuran informasiya məhsullarından müdafiə olunması sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Sənəddə qeyd edilir ki, ölkə ərazisində istehsal olunan kompüter və digər elektron oyunların işarələnməsi satışa çıxarılmazdan, istehlakçıya təqdim edilməzdən və ya şəbəkəyə yerləşdirilməzdən əvvəl həyata keçirilməlidir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhəddindən yüz əlli metrdən az olan məsafədə yayılmasına yol verilmir.
İclasda çıxış edən deputatlar Sahibə Qafarova, Tahir Rzayev, Sədaqət Vəliyeva, Ağacan Abıyev, Dilarə Cəbrayılova, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova layihə barədə fikirlərini açıqladılar. Bildirildi ki, son illərdə informasiya-kommunikasiya texnologiyalarının həyatımıza nüfuz etməsinin həm müsbət, həm də mənfi təsiri var. Ona görə də informasiya resurslarının imkanlarından doğru istifadə olunmalıdır. Təqdim olunan layihə uşaqları onların psixologiyasına zərər verən informasiyalardan qorumaq istiqamətində əməli addımların atılması baxımından böyük əhəmiyyətə malikdir.
Müzakirələrin sonunda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti