MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNDƏ

Komitə iclasları
28 sentyabr 2018 | 04:09   
Paylaşın:        

Sentyabrın 28-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirildi. Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov bildirdi ki, gündəliyə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda,  “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ saylı qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklərin edilməsi barədə məsələlər daxil olunub. Layihələr ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə təqdim edilib.
Diqqətə çatdırıldı ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 33.1-ci maddəsində “məhkəmənin qərarı ilə”, 41.0.7-ci maddəsində  “məhkəmənin hökmü ilə” sözləri “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq” ifadəsi ilə əvəz edilir. Dəyişikliklər “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 914-VQD nömrəli Qanununa uyğunlaşdırılma məqsədi daşıyır.
Qeyd olundu ki, eyni məzmunlu düzəlişlərin “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 67-ci və 182-ci maddələrində aparılması nəzərdə tutulub. Digər düzəliş Əsasnamənin 167-ci maddəsinə aiddir. Yeni redaksiyaya əsasən, törətdiyi  cinayətə  görə  hərbi rütbədən məhrum edilməklə məhkum olunmuş hərbi qulluqçular məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün surəti icra olunması üçün hərbi hissəyə daxil olduğu vaxtdan, ali hərbi rütbədən məhrum etmə hallarında isə bu barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamı qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılırlar.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda edilən növbəti dəyişikliklərin mahiyyəti barədə danışan Ziyafət Əsgərov bildirdi ki, sənədin preambula hissəsində “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə” sözləri “hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara)” sözləri ilə əvəz edilir. Buna uyğun olaraq, qanunun əsas anlayışlar maddəsində “hərbi xidmət”in mənası düzəlişdən sonra “dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyət” kimi göstərilir. Qanunun bir sıra digər müddəalarında “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr” ifadəsinin çıxarılması nəzərdə tutulub.
Bildirildi ki, cari ilin 1 sentyabr tarixindən tətbiqinə başlanılmış yeni nəsil şəxsiyyət vəsiqələrinin 15 yaşdan verilməsi nəzərə alınaraq, baş verə biləcək uyğunsuzluqların qarşısının alınması məqsədi ilə qanunun müvafiq maddəsində vətəndaşların ilkin hərbi qeydiyyatının da 15 yaşdan aparılması  təklif olunur.
Ali təhsil müəssisələrində hərbi kafedraların artıq mövcud olmadığı nəzərə alınaraq, qanunun ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı ilə bağlı 11-ci maddəsi ləğv edilir.
Deputatlar Aydın Mirzəzadə, Hikmət Məmmədov öz çıxışlarında təqdim olunan düzəlişlərin məqsədəuyğun olduğunu söylədilər.
Komitə üzvləri qanun layihələrini Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə etdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU