MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASINDA İLK PLENAR İCLASI KEÇİRİLDİ
Oktyabrın 1-də Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov payız sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra Milli Məclisin Sədri bildirdi ki, məlum olduğu kimi, Azərbaycan parlamentinin 100 illiyi münasibəti ilə sentyabrın 21-də Milli Məclisin təntənəli iclası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasda iştirak etmiş və geniş nitq söyləmişdir. Möhtərəm Prezidentimizin nitqində Azərbaycan dövlətinin və parlamentinin tarixi, ölkəmizin bugünkü inkişafı, dövlətimizin daxili və xarici siyasəti ilə bağlı çox dəyərli fikirlər ifadə edilmişdir. Dövlət başçısı Milli Məclisin fəaliyyətinə yüksək qiymət vermişdir. Cənab Prezidentin söylədiyi bu fikir bizim üçün çox əhəmiyyətlidir: “Bu gün Azərbaycan uğurla inkişaf edir və mən bu inkişafda Azərbaycan parlamentinin rolunu xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan parlamenti həm Heydər Əliyevin dövründə, həm də bu gün öz fəaliyyəti ilə ölkəmizin müstəqilliyini möhkəmləndirir, inkişafını təmin edir, bu inkişafa öz töhfəsini verir.
... Bizim qanunvericilik bazamız ən yüksək meyarlara cavab verir. Biz bir çox beynəlxalq konvensiyalara qoşulmuşuq və azadlıqların təmin edilməsində, demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var”.
Milli Məclisin Sədri parlamentin fəaliyyətinə bu cür yüksək qiymət verdiyinə görə möhtərəm cənab Prezidentə deputatların adından və öz adından dərin minnətdarlığını bildirdi. Onu əmin etdi ki, həmişə olduğu kimi, bundan sonra da Milli Məclis Azərbaycan Respublikası Prezidentinin uzaqgörən siyasətini parlament səviyyəsində dəstəkləmək üçün bütün tədbirləri görəcəkdir.
Sədr bildirdi ki, təntənəli iclasda 44 ölkədən və 9 beynəlxalq təşkilatdan 300-ə yaxın nümayəndə iştirak etmişdir. Onların arasında 14 parlament sədri, 20 sədr müavini vardı.
Bundan başqa, həmin iclasda ölkəmizdə akkreditə olunmuş səfirlər və səfirliklərin nümayəndələri də iştirak edirdilər. Tədbirdə 39 nəfər təbrik nitqi söyləmişdir. Sədr diqqətə çatdırdı ki, biz Azərbaycan parlamentinin yubileyinin yüksək səviyyədə qeyd edilməsinə nail olmuşuq. O, bu münasibətlə deputatların hər birinə təbriklərini çatdırdı və minnətdarlığını bildirdi.
Sonra Sədr bildirdi ki, Milli Məclis 2018-ci ilin yaz və növbədənkənar sessiyalarını uğurla başa vurmuşdur. Bu dövr ərzində parlamentin 16 iclası keçirilmiş, bu iclaslarda 261 qanun və qərar qəbul edilmişdir.
Milli Məclisin beynəlxalq əlaqələri daha da inkişaf etmişdir. Parlamentin yaz, növbədənkənar sessiyalarında və sonrakı dövrdə millət vəkillərimiz 38 ölkəyə 90-a qədər səfər həyata keçirmişlər. 57 xarici dövlətin 100-ə qədər nümayəndə heyəti Milli Məclisdə olmuşdur. Milli Məclisin xətti ilə Bakıda 5 beynəlxalq təşkilatın tədbirləri keçirilmişdir.
Sədr Milli Məclisin payız sessiyasında deputatlara uğurlar arzuladı. Bildirdi ki, bu sessiyada bir sıra zəruri aktların qəbul olunması nəzərdə tutulur. Milli Məclis xüsusən Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında qanun layihəsini və büdcə zərfinə daxil olan digər sənədləri müzakirə və qəbul edəcəkdir.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin məlumatından sonra millət vəkilləri “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununu (ikinci səsvermə) və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununu (birinci oxunuşda) səsə qoyaraq təsdiqlədilər.
Sonra deputatlar Milli Məclisin 2018-ci il payız sessiyasının qanunvericilik işləri planını müzakirə etdilər. Çıxış edən deputatlar Fazil Mustafa, Zahid Oruc, Vahid Əhmədov, Fərəc Quliyev, Azay Quliyev, Əli Məsimli, Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Gövhər Baxşəliyeva, Qənirə Paşayeva, Əflatun Amaşov, Rafael Hüseynov, Araz Əlizadə, Aytən Mustafazadə, Hikmət Məmmədov, Tahir Kərimli və Aqil Abbas qanunvericilik işləri planı barədə fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər.
Sonra deputatlar Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun təqdimatından sonra “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu, “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sərhəd nümayəndələrinin/sərhəd komissarlarının fəaliyyəti haqqında” Sazişi və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair” Protokolu təsdiq etdilər.
Bildirildi ki, bu beynəlxalq sənədlər ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın daha da inkişafına xidmət edir.
Milli Məclisin komitə sədrləri Rafael Hüseynovun, Ülvi Quliyevin və Hadi Rəcəblinin müvafiq təqdimatlarından sonra millət vəkilləri “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” Sazişi, “Futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma haqqında Avropa Şurası Konvensiyası”nın təsdiq edilməsi barədə” və “İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qanun layihələrini səsə qoyaraq təsdiqlədilər.
İclasda “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının yaradılması haqqında” Sazış, həmçinin “Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ekstradisiya haqqında” Saziş də səsə qoyularaq təsdiqləndi.
Fasilədən sonra millət vəkilləri “Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında”, “Aviasiya haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlara texniki xarakterli dəyişikliklər etdilər.
Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər barədə məlumat verdi. Bildirdi ki, bu dəyişikliklər uyğunlaşdırma məqsədi daşıyır.
Komitə sədri diqqətə çatdırdı ki, İnzibati Xətalar Məcəlləsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Standartlaşdırma haqqında” qanunlara təklif olunan dəyişikliklər isə redaktə xarakterlidir. Millət vəkilləri təklif olunan dəyişiklikləri təsdiq etdilər.
Deputatlar Vergi, İnzibati Xətalar və Mənzil məcəllələrinə, “Yaşıllıqların mühafizəsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Mədəniyyət haqqında”, “Milli arxiv fondu haqqında” və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlara uyğunlaşdırma, texniki və redaktə xarakterli dəyişikliklər etdilər.
Sonra Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyələrin statusu haqqında” və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunlara təklif olunan dəyişiklikləri diqqətə çatdırdı. Bildirdi ki, hər üç qanuna təklif olunan dəyişiklik eyni xarakterlidir və “Reklam haqqında” Qanuna 2017-ci il 17 noyabr tarixində edilmiş dəyişikliyin tətbiqi ilə əlaqədardır. Deputatlar bu dəyişikliklərə də müsbət münasibət bildirdilər.
Sonra “Diplomatik xidmətə verilən töhfəyə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) və “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) səsə qoyularaq qəbul edildi.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Elm haqqında” Qanuna təklif olunan dəyişikliklər və “Təhsil haqqında” Qanuna dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş) məlumat verdi.
Bildirdi ki, hər iki qanuna nəzərdə tutulan dəyişiklik Azərbaycan Respublikası Prezidentinin “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” 2017-ci il 6 dekabr tarixli və “Qoşulmama hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” 2018-ci il 10 yanvar tarixli Sərəncamlarının icrası məqsədilə təklif olunur. Hər iki qanuna təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul edildi.
İclasda İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi (birinci oxunuş), “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi, “Televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “İctimai televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Teatr və teatr fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” qanun layihəsi, “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” qanun layihəsi və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi, həmçinin Mülki Prosessual Məcəllədə dəyişikliklər edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) səsə qoyularaq qəbul edildi. Bildirildi ki, bu dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır və ölkə qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edir.
Bununla da Milli Məclisin payız sessiyasında ilk plenar iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti