AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
01 oktyabr 2018 | 03:10   
Paylaşın:        

Oktyabrın 1-də Milli Məclisin Aqrar siyasət komitəsi payız sessiyasında növbəti iclasını keçirdi. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, iclasın gündəliyində altı məsələ var.
Qanun layihələrini Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə təqdim etdi. Bildirildi ki, “Tütün və tütün məmulatı haqqında” qanunun 1,13,14 və 15-ci maddələrinə təklif olunan dəyişikliklər qanunvericiliyin uyğunlaşdırılması xarakteri daşıyır, 2017-ci ilin dekabrında qəbul olunmuş “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunla əlaqədardır.
Sonra iclasda Azərbaycan və Serbiya hökumətləri arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş barədə məlumat verildi. Sazişin müsbət əhəmiyyəti qeyd olundu.
Bildirildi ki, komitəyə birinci oxunuşda daxil olmuş növbəti üç qanun layihəsi ölkədə Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətə başlaması ilə əlaqədardır. Baytarlıq, fitosanitar nəzarəti və yeyinti məhsulları haqqında qanunlara edilən əlavə bu qurumun işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır. Belə ki, adı çəkilən qanunların tələbləri pozulduğu hallarda İnzibati Xətalar Məcəlləsinə əsasən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq ediləcək cərimələrdən toplanan vəsaitin 50 faizi bu qurumun öz hesabına köçürüləcək.
Komitədə “Torpaq bazarı haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi məsələsinə də baxıldı. Bu layihənin “Torpaq icarəsi haqqında” qanuna bu ilin 31 mayında edilmiş dəyişikliklə əlaqədar olduğu diqqətə çatdırıldı. Bildirildi ki, yeni sənəd dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan daha səmərəli istifadə edilməsini tənzimləyən həmin qanunun tətbiqi məqsədilə hazırlanıb.
Qanun layihələrinin müzakirəsində Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, komitənin sədr müavini Eldar Quliyev, deputatlar Cavanşir Paşazadə, Novruz Aslan, Aydın Hüseynov rəylərini bildirdilər. 
Baxılan qanun layihələrinin Milli Məclisin plenar iclasına tövsiyə olunması məqsədəuyğun sayıldı.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU