İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
03 oktyabr 2018 | 04:10   
Paylaşın:        
Oktyabrın 3-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi. Milli Məclis sədrinin müavini, komitənin sədri Bahar Muradova sentyabrın 21-də Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə Milli Məclisin təntənəli iclasının yüksək səviyyədə keçirilməsinə və parlamentin payız sessiyasının başlamasına görə təbriklərini çatdırdı. 
Sonra Bahar Muradova  bildirdi ki, 3 oktyabr tariximizdə çox əlamətdar bir gündür. 1993-cü il oktyabrın 3-də ümummilli lider Heydər Əliyev prezident seçkilərində Azərbaycan seçicilərinin 98 faizinin səsini, etimadını qazandı, rəsmən Azərbaycan Respublikasının Prezidenti oldu. Həmin vaxtdan da Azərbaycanda böyük inkişaf, dirçəliş mərhələsi başladı. Bu, Azərbaycanın siyasi tarixində çox əlamətdar günlərdən biridir.
Bahar Muradova diqqətə çatdırdı ki, bugünkü iclasın gündəliyinə  Milli Məclisin İnsan hüquqları komitəsinin 2018-ci il yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə hesabat, komitənin 2018-ci ilin payız sessiyası dövrünə dair iş planı və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) daxildir.
Komitə sədri bildirdi ki, ötən sessiya dövründə komitənin 6 iclası keçirilmiş, 10 məsələ müzakirə olunmuşdur. Komitənin ünvanına 552 sənəd daxil olmuş, 99 vətəndaş qəbul edilmişdir. Gələn sessiyada da komitənin xətti ilə insan hüquqlarının qorunmasına dair tədbirlər keçiriləcək, bir sıra qanunlara dəyişikliklər ediləcək və yeni qanun layihələri üzərində iş aparılacaqdır. 
İclasda çıxış edən komitə üzvləri Hikmət Məmmədov, Yevda Abramov, Əflatun Amaşov, Flora Qasımova, Tahir Kərimli, Elman Nəsirov və Sona Əliyeva işlər planı barədə fikirlərini bildirdilər, ötən sessiyanın yekunlarını yüksək qiymətləndirdilər.
Sonra gündəlikdəki üçüncü məsələ - “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə olundu.
Komitənin sədri Bahar Muradova bildirdi ki, bu məsələ həm İnsan hüquqları komitəsində, həm də Ailə, qadın və uşaq məsələləri komitəsində mütəxəssislərin iştirakı ilə müzakirə olunub. Layihənin birinci oxunuşda parlamentdə müzakirəsi zamanı səsləndirilmiş təkliflər təhlil olunub və nəzərə alınıb.
Bildirildi ki, bu qanun layihəsi uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Layihədə informasiya məhsulunun yaş təsnifatı, informasiya məhsulunun işarələnməsi, informasiya məhsullarının ekspertizasına dair ümumi tələblər və digər vacib məsələlər öz əksini tapmışdır.
Layihə barədə komitə üzvlərinin fikirləri dinlənildikdən sonra sənəd ikinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildi.
Bununla da komitənin iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti  




Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU