MİLLİ MƏCLİSİN İCLASINDA
Oktyabrın 5-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov gündəliyi təqdim etdi.
Əvvəlcə Vergi Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olundu. Sənədlə bağlı məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, dəyişikliyə əsasən sənədin 44.5-ci maddəsi yeni redaksiyada verilir. Həmin maddədə deyilir: “Ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir”. Qeyd olundu ki, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında sənəd “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun icrası məqsədilə hazırlanıb. Sənəd səsə qoyularaq birinci oxunuşda təsdiqləndi.
Ziyad Səmədzadə Gömrük Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsini də birinci oxunuşda təqdim etdi. Bildirildi ki, Məcəllənin 323.1.5-ci və 323.1.6-cı maddələri ləğv olunur. Vergi Məcəlləsində olduğu kimi, bu sənədə də ekspert rəyinin alınması ilə bağlı yeni maddə əlavə edilir. Bu sənədin də “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna uyğunlaşdırma məqsədi ilə hazırlandığı vurğulandı. Sənəd səsvermə yolu ilə ilk oxunuşda təsdiq edildi.
Ziyad Səmədzadə gündəlikdəki digər iki məsələ - Mülki Məcəllədə və “Banklar haqqında” qanunda dəyişikliklər edilməsi ilə bağlı sənədləri birinci oxunuşda birlikdə şərh etdi. Qeyd edildi ki, nəzərdə tutulan dəyişikliklərə əsasən Mülki Məcəllənin 49-1-ci maddəsinə “qanunla müəyyən edilmiş digər şəxslər” məzmunlu yeni bənd əlavə olunacaq. Eyni zamanda, 55-ci maddəyə “Bankların yenidən təşkili “Banklar haqqında” qanuna uyğun həyata keçirilir” məzmunlu 55.6-cı bənd daxil ediləcək.
Qanun layihələrinə görə yerli bankların, onların filial, şöbə və nümayəndəliklərinin, habelə xarici bankların yerli filial və nümayəndəliklərinin ləğvi “Banklar haqqında” qanunun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək. Eyni zamanda, hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydaları qanunla müəyyənləşdiriləcək. Səhmdar cəmiyyətin təsisi zamanı səhmlərin buraxılışı və dövlət qeydiyyatı bu sənədlərlə müəyyən edilmiş qaydada həyata keçiriləcək. Mülki Məcəllədə, həmçinin bir sıra texniki dəyişikliklərin edilməsinin nəzərdə tutulduğu da qeyd olundu.
Bildirldi ki, “Banklar haqqında” Qanunda edilməsi nəzərdə tutulan dəyişikliklərə əsasən bank ən azı üç hüquqi və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır və fəaliyyət göstərir. Bundan əlavə, cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa hüquqi şəxsə və ya fərdi sahibkara (idarəçiyə) verilə bilməz. Sənədə, həmçinin “bankın Audit Komitəsinin üzvlərini təyin və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək” məzmunlu maddə əlavə edilir. Dəyişikliyə əsasən bankın digər idarəetmə orqanlarının üzvü olan şəxslər bankın Audit Komitəsinin üzvü ola bilməz. Qanuna bir sıra texniki dəyişikliklərin edilməsi də nəzərdə tutuldu. Hər iki sənəd ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda təsdiq edildi.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Mülki Məcəllədə dəyişiklik edilməsi barədə digər qanun layihəsini birinci oxunuşda təqdim etdi. Bildirildi ki, Məcəlləyə “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 22 iyun tarixli Fərmanının 9.2-ci bəndinin icrası, habelə bu sahədə məmur-vətəndaş təmasının minimum səviyyəyə çatdırılması, şəffaflığın artırılması, sağlam və təhlükəsiz elektron informasiya mübadiləsinin təmin edilməsi məqsədilə bir sıra dəyişikliklər edilir. Dəyişikliklər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının qeydiyyatının və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı müddəaların hüquqi əsasının formalaşdırılmasını, həmçinin ipoteka kağızının tərtib olunması, ipoteka qoyan tərəfindən imzalanmasını, onun notariat qaydasında təsdiqlənməsini və digər prosedurların elektron qaydada həyata keçirilməsini əks etdirir. Sənəd səsə qoyularaq ilk oxunuş üçün qəbul edildi.
Sonra iclasda “İpoteka haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə birinci oxunuşda baxıldı. Bildirildi ki, dəyişikliyə əsasən daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı “sənədsiz adlı qiymətli kağız” formasında rəsmiləşdirilir. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının mülkiyyətçisi - ipoteka kağızının elektron sistemində mülkiyyət hüququnu rəsmiləşdirilmiş şəxsdir. Sənəd səsvermə yolu ilə birinci oxunuşda təsdiqləndi.
Ziyad Səmədzadə birinci oxunuşda müzakirə edilən “Lotereyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi şərh edərkən bildirdi ki, qanun layihəsi elektron lotereyaların təşkili və keçirilməsinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur. Bu lotereyaların “Fərdi məlumatlar haqqında” qanuna əsasən dövlət qeydiyyatına alınmış elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsini məqsədəuyğun sayır. Dəyişikliklərə görə stimullaşdırıcı lotereyada iştirak etmək üçün lotoreya obyektinin qiymətindən əlavə haqqın alınmasına yol verilmir. Stimullaşdırıcı lotereyalar yalnız tirajlı formada keçirilir. Bu qanun layihəsi də millət vəkilləri tərəfindən ilk oxunuş üçün razılıqla qarşılandı.
Əli Hüseynli birinci oxunuşda nəzərdən keçirilən Cinayət Məcəlləsində təklif olunan dəyişiklikləri təqdim etdi. Qeyd olundu ki, dəyişikliklər yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması hallarına görə cinayət məsuliyyətinin sərtləşdirilməsi məqsədi ilə təklif edilir. Yerin təkindən istifadə qaydalarının pozulmasının ağir nəticələrə və insan ölümünə səbəb olmasının yeni cinayət tərkibləri kimi müəyyən edilməsi, əhəmiyyətli zərər vurma ilə bağlı mövcud cinayət tərkibinin sanksiyasına azadlıqdan məhrum etmə cəzasının əlavə edilməsi və cərimənin minimum və maksimum məbləğinin artırılması nəzərdə tutulur. Bildirildi ki, ərazidə qanunsuz tikinti aparılması əhəmiyyətli zərərə səbəb olduqda altı min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırlması ilə cəzalandırılır. Sənəd səsə qoyularaq birinci oxunuşda təsdiq edildi.
Sonra iclasda İnzibati Xətalar və Cinayət məcəllələrində, “İnzibati icraat haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyesti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə uyğunlaşdırma məqsədi ilə edilən dəyişikliklər birinci oxunuşda nəzərdən keçirildi. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ilk oxunuş üçün təsdiqləndi.
İclasda “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklər birinci oxunuşda müzakirə edildi. Bununla əlaqədar məlumatı diqqətə çatdıran Əli Hüseynli bildirdi ki, qanun layihəsinə əsasən “Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar” adlı 3-cü maddəyə “əl-barmaq izləri” sözləri əlavə ediləcək. Bu qanun layihəsi də səsvermə yolu ilə birinci oxunuşda məqsəduyğun hesab edildi.
Birinci oxunuşda nəzərdən keçirilən “Pasportlar haqqında” qanunda edilən dəyişikliklərə görə diplomatik pasportlar Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə, eyni zamanda, müvafiq icra hakimiyyəti orqanının xarici dövlətlərdə və beynəlxalq təşilatlarda nümayəndələrinə də veriləcək. Sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
Cinayət Məcəlləsinə edilən dəyişiklikləri birinci oxunuşda şərh edən Əli Hüseynli bildirdi ki, sənəd qanunvericiliyə uyğunlaşdırma məqsədi ilə hazırlanıb. Cinayət Məcəlləsinin 213-cü maddəsinin adında dəyişiklik edilərək “vergi ödəməkdən yayınma” sözləri “Vergiləri işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma”sözləri ilə əvz edilir. Sənəd səsə qoyularaq ilk oxunuşda qəbul edildi.
Sonra İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə birinci oxunuşda baxıldı. Bildirildi ki, sənədə “Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması” məzmunlu yeni 516-1-ci maddə əlavə olunub. Bu maddəyə əsasən, dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər 100 manatdan 300 manatadək məbləğdə cərimə edilirlər. Qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə olunacaqlar. Bildirldi ki, qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimələr tətbiq ediləcək. Bu sənəd də birinci oxunuşda qəbul olundu.
İclasda birinci oxunuşda “Bələdiyyələrin statusu haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edildi. Sənədi şərh edən Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə qeyd etdi ki, qəbiristanlıqların salınması və idarə olunması məsələlərində bələdiyyələrin üzərinə düşən vəzifələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilmədiyi hallarda məsuliyyət məsələsini təmin etmək məqsədilə sənədin 4-cü maddəsinə bəzi dəyişikliklər edilməsi təklif olunur. Birinci oxunuşda nəzərdən keçirilən “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunda edilən dəyişikliklərin də bu sənədə uyğunlaşdırma məqsədi ilə aparıldığı bildirldi. Hər iki sənəd ayrı-ayrılıqda səsə qoyularaq ilk oxunuş üçün təsdiq edildi.
Bununla da Milli Məclisin bugünkü iclası öz işini başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti