İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ
Oktyabrın 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Ziyad Səmədzadə gündəliyə ikinci oxunuşla əlaqədar olan 8 məsələnin daxil olduğunu deyib.
Bildirildi ki, bu dəyişikliklərin əhəmiyyətli hissəsi bankların fəaliyyəti ilə bağlıdır. Prezident İlham Əliyevin Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalaması sevindirici hal kimi qiymətləndirildi. Qeyd olundu ki, bu sənəd ölkədəki bankların fəaliyyətində ciddi dönüşün yaranmasına səbəb olacaq. Vurğulandı ki, bu gün nəzərdə tutulan dəyişikliklərin əsas məqsədi bankların real sektora dəstəyini artırmaq, bürokratik əngəlləri aradan qaldırmaqdır. Eləcə də digər qanun layihəri qanunların səmərəliliyinin artırılması və icra mexanizminin təkmilləşdirilməsini nəzərdə tutur.
Əvvəlcə Vergi və Gömrük məcəllələrində nəzərdə tutulan dəyişikliklər müzakirə edildi. Bildirldi ki, hər iki sənəd “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli qanununun icrası məqsədilə hazırlanıb.
Qeyd olundu ki, Mülki Məcəlləyə “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 22 iyun tarixli Fərmanının 9.2-ci bəndinin icrası, habelə bu sahədə məmur-vətəndaş təmasının minimum səviyyəyə çatdırılması, şəffaflığın artırılması, sağlam və təhlükəsiz elektron informasiya mübadiləsinin təmin edilməsi məqsədilə bir sıra dəyişikliklər ediləcək. Dəyişikliklər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının qeydiyyatının və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı müddəalarının hüquqi əsasının formalaşdırılmasını, həmçinin ipoteka kağızının tərtib olunması, ipoteka qoyan tərəfindən imzalanmasını, onun notariat qaydasında təsdiqlənməsi və digər prosedurların elektron qaydada həyata keçirilməsini nəzərdə tutur.
Növbəti - “Banklar haqqında” qanuna dəyişikliklər edilməsi barədə sənəd Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında Mülki Məcəllə ilə bu qanun arasında ziddiyyətlərin aradan qaldırılması məqsədilə hazırlanıb. Dəyişikliyə əsasən bankın digər idarəetmə orqanlarının üzvü olan şəxslər bankın Audit Komitəsinin üzvü ola bilməz. Qanuna, həmçinin bir sıra texniki dəyişikliklərin edilməsi də nəzərdə tutulub.
“İpoteka haqqında” qanunda dəyişiklik edilməsi barədə sənəd isə daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının qeydiyyatının və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı müddəaların hüquqi əsasının formalaşdırılmasını, həmçinin ipoteka kağızının tərtib olunmasını, ipoteka qoyan tərəfindən imzalanmasını, onun notarial qaydada təsdiqlənməsini nəzərdə tutur.
Komitə sədri bildirdi ki, Mülki Məcəllənin digər maddələrinə edilməsi nəzərdə tutulan dəyişikliklər daha çox “Normativ hüquqi aktlar haqqında” qanunla dəqiqləşdirmə məqsədi daşıyır.
İclasda həmçinin “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” və “Lotereyalar haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə sənədlər də ikinci oxunuşda müzakirə edildi.
Komitə üzvləri müzakirə edilən məsələlər barədə fikir və təkliflərini səsləndirdilər.
Sonra bütün qanun layihələri ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti