TƏBİİ EHTİYATLAR, ENERGETİKA VƏ EKOLOGİYA KOMİTƏSİNDƏ
Oktyabrın 11-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirildi.
İclası açan Milli Məclis Sədrinin müavini, komitə sədri Valeh Ələsgərov 2018-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlərdən danışdı. Bildirildi ki, hesabat dövründə komitənin 10 iclası keçirilmiş, 18 məsələyə baxılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında komitəyə daxil olmuş 13 qanun layihəsi parlamentdə qəbul edilmişdir. “Ələt Azad İqtisadi Zonası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi barədə” mühüm qanun layihələri, eləcə də “Energetika haqqında”, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Elektrik və istilik stansiyaları haqqında” , “Su təchizatı və tullantı suları haqqında” və digər sənədlərdə edilən dəyişikliklər bu qəbildəndir.
Qeyd olundu ki, hesabat dövründə komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olmuş 79 ərizə və müraciət daxil olmuş, qaldırılan məsələlərin bir çoxu müsbət həllini tapmışdır. Komitə üzvləri xaricdə xidməti ezamiyyətlərdə olmuş, energetika, ətraf mühit və digər sahələr üzrə keçirilən seminar və konfranslarda iştirak etmiş, qaldırılan məsələlərə fəal münasibət bildirmişlər. Hesabat komitə üzvləri tərəfindən məqbul hesab edildi.
Sonra komitədə “Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Dövlət Neft Şirkəti və BP Eksploreyşn (Azərbaycan) Limited şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsinə baxıldı.
Sənədi ətraflı şərh edən Valeh Ələsgərov bildirdi ki, Saziş Azərbaycan Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited şirkəti arasında bu il aprelin 26-da imzalanıb. Kontrakt sahəsi Xəzər dənizi ərazisində 3197 kv.km-i əhatə edir. Bu ərazidə indiyə qədər kəşfiyyat işləri aparılmayıb.
İclasda iştirak edən Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, millət vəkilləri Şəmsəddin Hacıyev, Elman Nəsirov, Mirkazım Kazımov, Kamilə Əliyeva sənədin əhəmiyyətindən danışdılar, Sazişi Azərbaycan neft strategiyasının yeni uğuru kimi qiymətləndirdilər.
Sənəd Milli Məclisin plenar iclasında baxılması üçün tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti