Azərbaycanda DOST xidməti yaradılır

Tədbirlər
17 oktyabr 2018 | 06:10   
Paylaşın:        

Ölkəmizdə “Dayanıqlı və Operativ Sosial Təminat” (DOST) sisteminin qurulması və hüquqi bazasının möhkəmləndirilməsi ilə əlaqədar oktyabrın 17-də Milli Məclisin Əmək və sosial siyasət komitəsində dinləmə keçirildi.
Öncə Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ölkəmizdə sosial sahədə aparılan islahatlardan və əldə olunan uğurlu nəticələrdən söz açdı. Bildirdi ki, bu sahənin inkişafı, əhalinin sosial durumunun daha da yaxşılaşması daim Azərbaycan Prezidentinin diqqət mərkəzindədir. Elə sosial sahədə ASAN xidmətin analoqu olan DOST xidmətinin yaradılması da dövlət başçısının təşəbbüsüdür.
Sonra iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatı dinlənildi. DOST layihəsinin koordinatoru Fərid Məmmədov rəngli slaydlar vasitəsilə “Dayanıqlı və Operativ Sosial Təminat” sistemini şərh etdi. Bildirildi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırda 8 istiqamət üzrə xidmət göstərir. Layihədə mövcud çətinliklər 6 istiqamət üzrə nəzərdə tutulub. Problemlərin həlli üçün 3 əsas addım müəyyənləşdirilib. Layihə üzrə 124 xidmət müəyyən edilib və təhlil olunub. Beynəlxalq təcrübə öyrənilib. Nazirlikdə DOST layihəsinin icra qrupu yaradılıb, müxtəlif istiqamətlər üzrə həm özəl, həm də dövlət sektorundan mütəxəssislər cəlb olunub. Əməkdaşlar fəaliyyət göstərir. 
Deputatlara DOST layihəsinin fəaliyyət strukturu, operativ modeli, konsepsiyası, proseslərin icra mexanizmi, yol xəritəsi, indiyədək görülmüş işlər barədə ətraflı məlumat verildi. Bildirildi ki, DOST-un brend kitabı, elektron formada xidmət üzrə pasport nümunəsi və s. hazırlanıb. Yeni qurumun mərkəzləri 5 kateqoriyada olacaq. Bakıda 5, bölgələrdə 30 mərkəz fəaliyyət göstərəcək.
Fikir mübadiləsində rəy və təkliflər bildirildi. Komitənin sədr müavini Rauf Əliyev, deputatlar Elmira Axundova, Jalə Əliyeva, Yaqub Mahmudov, İlham Məmmədov, Araz Əlizadə layihəni yüksək qiymətləndirdilər. Vurğulandı ki, ölkəmizdə belə bir qurumun yaradılması təqdirə layiqdir. Komitə üzvləri DOST layihəsinin reallaşması üçün dəstəyə və əməkdaşlığa hazırdırlar. 
Müzakirə zamanı Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli deputatları maraqlandıran məqamlara aydınlıq gətirdi, sualları cavablandırdı.

 

Milli Məclisin
Mətbuat xidməti
 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU