MİLLİ MƏCLİSİN İCLASINDA
Oktyabrın 16-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədov iclası açıq elan etdikdən sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” (ikinci oxunuş) və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi” barədə (ikinci oxunuş) qanun layihəsini təqdim etdi.
Bildirdi ki, qanun layihələrinə təklif olunan dəyişikliklərdə məqsəd Mülki Məcəllə ilə “Banklar haqqında” qanun arasında olan ziddiyyətlərin aradan qaldırılmasıdır.
Qanun layihələri ikinci oxunuşda qəbul edildi.
Sonra “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” (ikinci oxunuş) və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” (ikinci oxunuş) qanun layihələri müzakirəyə təqdim edildi. Bildirildi ki, dəyişikliklər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının qeydiyyatının və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı müddəaların hüquqi əsasının formalaşdırılması, həmçinin ipoteka kağızının tərtib olunması, ipoteka qoyan tərəfindən imzalanması, onun notariat qaydasında təsdiqlənməsi və digər prosedurların elektron qaydada həyata keçirilməsini nəzərdə tutur. Məqsəd vətəndaş-məmur qarşılaşmasını minimuma endirməkdir.
Bu qanun layihələri də ikinci oxunuşda qəbul edildi.
Sonra komitə sədri Ziyad Səmədzadə “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun layihəsi haqqında (ikinci oxunuş) məlumat verdi. Dəyişikliklər lotereyaların, o cümlədən elektron lotereyaların təşkili və keçirilməsinə nəzarət mexanizmlərinin, bu sahədə hüquqi bazanın daha da təkmilləşdirilməsini, lotereya təşkilatçısının təsisçisinə dair tələblərin, lotereyalarda iştirak edən şəxslərin yaş məhdudiyyətinə dair müddəaların qanuna daxil edilməsini, elektron lotereyaların dövlət qeydiyyatına alınmış elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda təsdiqləndi.
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” (ikinci oxunuş) qanun layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi və qanun layihəsi ikinci oxunuşda qəbul edildi.
İclasda daha sonra “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” (ikinci oxunuş) və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” (ikinci oxunuş) qanun layihələri müzakirəyə çıxarıldı. Hər iki layihə barədə komitə sədri Əli Hüseynli məlumat verərək bildirdi ki, dəyişikliklər yerin təkinin qorunması və istifadəsi qaydalarının pozulmasına görə cinayət və inzibati məsuliyyətin sərtləşdirilməsini nəzərdə tutur.
Layihələr ikinci oxunuşda təsdiq olundu.
Deputatlar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə də (ikinci oxunuş) müsbət münasibət bildirdilər. Dəyişiklik dövlət və bələdiyyə torpaqlarının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar rayon (şəhər) icra hakimiyyəti başçılarının sərəncamlarının məhkəmələrdə mübahisələndirilməsi məsələsinin tənzimlənməsi ilə bağlıdır.
Sonra Komitə sədri Əli Hüseynli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsini (ikinci oxunuş) müzakirəyə təqdim etdi. Qeyd etdi ki, layihə “Doing Business 2018” hesabatının “Biznesə başlama” indikatoru üzrə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması, hüquqi şəxslərin qeydiyyatı zamanı qanuni təmsilçi barədə qeydiyyat orqanına yanlış məlumatların verilməsinin qarşısının alınması məqsədi ilə hazırlanıb.
Layihə ikinci oxunuşda təsdiq olundu.
İclasda “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi (ikinci oxunuş) də müzakirə edildi. Layihəyə əsasən 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izlərinin götürülməsi nəzərdə tutulmur.
Qanun layihəsi ikinci oxunuşda qəbul olundu.
Məlumat verildi ki, “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi (ikinci oxunuş) isə diplomatik pasport daşıyan vətəndaşların əhatə dairəsini genişləndirir. Belə ki, dəyişikliklərə əsasən Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə, müvafiq icra hakimiyyəti orqanının xarici dövlətlərdə və beynəlxalq təşkilatlardakı nümayəndələrinə diplomatik pasport veriləcək.
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı bildirildi ki, dəyişikliklər texnikidir və uyğunlaşdırma məqsədi daşıyır.
Hər iki layihə ikinci oxunuşda təsdiq olundu.
Daha sonra “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” (ikinci oxunuş), “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” (ikinci oxunuş) və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” (ikinci oxunuş) qanun layihələri müzakirə edildi.
Qeyd olundu ki, İnzibati Xətalar Məcəlləsinə olunan dəyişiklik qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutmaq məqsədilə təklif edilir. “Bələdiyyələrin statusu haqqında” qanundakı dəyişiklik qəbiristanlıqların salınması və idarə olunması məsələlərində bələdiyyələrin üzərinə düşən vəzifələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilmədiyi hallarda məsuliyyət məsələsini təmin etmək məqsədilə təklif olunur. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi isə “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2017-ci il 29 dekabr tarixli qanuna uyğun olaraq hazırlanıb və yerli (bələdiyyə) büdcədə qəbiristanlıqların salınması, saxlanması, qorunması, idarə olunması, abadlaşdırılması məqsədi ilə zəruri xərclərin nəzərdə tutulmasını təsbit edir. Bu məsələ barədə Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin məlumatı dinlənildikdən sonra eyni zərfdə daxil olmuş üç qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
İclasda son olaraq “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) müzakirə edildi. Layihə ilə bağlı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı məlumat verdi. Qeyd etdi ki, əvvəlki oxunuş zamanı müzakirələrdə deputatlar tərəfindən bir sıra təkliflər səsləndirilib. Bəzi təkliflər nəzərə alınıb, o cümlədən qanun layihəsinə 3 yeni maddə əlavə olunub. Qanun layihəsi uşaqların həm fiziki, həm də mənəvi sağlamlığını qorumaq üçün mühüm əhəmiyyətə malikdir.
Müzakirələr zamanı Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova, deputatlardan Tahir Kərimli, Elman Nəsirov, Əflatun Amaşov, Aqil Abbas, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Fəzail Ağamalı, Sahibə Qafarova, Zahid Oruc layihə ilə bağlı fikir və təkliflərini bildirdilər.
Yekunda qanun layihəsi ikinci oxunuşda qəbul edildi.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti