MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

Komitə iclasları
19 iyun 2012 | 05:06   
Paylaşın:        

İyunun 19-da  Milli Məclisin Hüquq siyasəti və dövlət  quruculuğu, İqtisadi  siyasət  komitələrinin birgə iclası keçirildi. İclası açan Hüquq siyasəti və dövlət  quruculuğu komitəsinin  sədri Əli Hüseynli bildirdi ki, gündəliyə “Şəhərsalma və Tikinti Məcəlləsi”nin üçüncü oxunuşda müzakirəsi  daxil edilib. Qeyd  olundu ki,  sənəd şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və  hüquqi şəxslərin bu sahədə hüquq və vəzifələrini müəyyənləşdirəcək. Bildirildi ki, layihənin ikinci oxunuşda müzakirəsi zamanı millət vəkillərinin verdiyi təklif və rəylərin hamısı öyrənilib, böyük əksəriyyəti nəzərə alınıb.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məcəllənin ölkə iqtisadiyyatının ikişafı baxımından, sosial həyat üçün vacib sənədlərdən biri olacağını dedi. Bildirildi ki, qanun layihəsi şəhərsalma və tikinti sahəsində bir sıra mövcud məsələlərin həllini təmin edəcək, bu sahədə mədəniyyətin inkişafına, sərbəst bazar münasibətlərinin mükəmməl formalaşmasına  müsbət təsir göstərəcək.
Layihənun  müzakirəsi  zamanı  vurğulandı ki, müvafiq icra hakimiyyəti orqanları və digər aidiyyəti qurumlar ümumi və baş planların layihəsinin onlara göndərildiyi gündən sonra 30 gün müddətində həmin sənədlərə dair yazılı rəy bildirməlidir. Bu müddət ərzində rəy bildirilməzsə,  sifarişçi ərazi planlaşmasının həmin orqan və qurumların maraqlarına toxunmaması mövqeyindən çıxış edə bilər. Ümumi və baş planların layihələri tam hazır olduqdan sonra təsdiq olunmaq üçün 10 gün ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Ümumi və baş planlar təsdiq olunduqdan sonra normativ hüquqi aktların dərci  qaydalarına uyğun dərc edilir və qüvvəyə minir. Məcəllə layihəsinin 79-cu maddəsində tikintisinə icazə tələb olmayan tikinti obyektləri göstərilir. Bu sıraya hündürlüyü ən çoxu 5 metr, sahəsi 50 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, hündürlüyü ən çoxu 5 metr, sahəsi ən çoxu 70 kvadratmetr olan kənd təsərrüfatı obyektlərinin, hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan, qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların tikintisi daxildir. Layihədə tikintiyə dair ümumi tələblər, mühəndis-axtarış işləri, tikintidə təhlükəsizlik, icazənin verilməsi üçün icraat, icazənin qüvvədə olma müddəti, texniki şərtlər, layihələrin ekspertizası, tikinti obyektinin istismarına icazə verilməsi, dövlət reyestri və digər məsələlər əksini tapır.
Sonra iclasda Cinayət və İnzibati Xətalar məcəllələrinə, “Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı”, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında qanunlara dəyişikliklər də müzakirə olundu.
Cinayət Məcəlləsinin kibercinayətlər fəslinə təklif olunan dəyişikliyə əsasən kompüter sisteminə daxil omaq hüququ olmadan həmin sistemə mühafizə tədbirlərini pozmaqla girmək, burada saxlanılan kompüter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olmaya görə iki il müddətinə müəyyən vəzifə tutmadan, yaxud konkret fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmək, min manatdan iki min manatadək cərimə və iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Layihədə bu cür hallarla bağlı daha bir neçə məsuliyyət halı müəyyənləşdirilir.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasında baxılmağa tövsiyyə olundu.

 

Milli Məclisin
Mətbuat  xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU