MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
18 oktyabr 2018 | 05:10   
Paylaşın:        
Oktyabrın 18-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirildi.
Komitənin sədri Rafael Hüseynov iclası açaraq 18 oktyabrın Azərbaycan tarixindəki önəmindən, ölkəmizin müstəqillik tarixindən danışdı, Müstəqillik günü münasibətilə təbriklərini çatdırdı. 
Sonra komitə sədri bildirdi ki, gündəliyə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanuna və bununla əlaqədar olaraq “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanunlara (üçüncü oxunuş) dəyişikliklər edilməsi barədə məsələlər daxildir.
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunda nəzərdə tutulan dəyişikliyə görə televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanması qadağan edilir.
Bununla əlaqədar olaraq “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanunlara eyni məzmunlu əlavələr edilir. 
Qeyd olundu ki, hər üç qanunda nəzərdə tutulan dəyişikliklər “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır.
Çıxış edən komitə üzvləri Elmira Axundova, Jalə Əliyeva, Fəzail İbrahibli təqdim olunan dəyişiklikləri dəstəklədilər və qanun layihələrini üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə etdilər.
Bununla da Mədəniyyət komitəsinin iclası başa çatdı.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU