REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

Komitə iclasları
19 oktyabr 2018 | 02:10   
Paylaşın:        

Oktyabrın 19-da  Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası  keçirildi.
İclası  açan  komitə  sədri Arif  Rəhimzadə  əvvəlcə  “Yerli (bələdiyyə) vergilər  və ödənişlər  haqqında” qanunda  dəyişiklik  edilməsi barədə  sənədi  şərh etdi.  Qeyd  olundu ki, ölkə  Prezidentinin qanunvericilik təşəbbüsü  qaydasında  parlamentə  daxil olmuş  qanun layihəsi “Daşınmaz  əmlakın dövlət  reyestri  haqqında”  2018-ci il 13  fevral  tarixli qanunun  tətbiqi ilə əlaqədar  hazırlanmışdır.  Qanunun  tələblərinə uyğun olaraq  səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar  bələdiyyələrə müəyyən edilmiş qaydada  və  ödəniş əsasında  daşınmaz əmlakın dövlət reyestrinin məlumatları verilməlidir.  Qeyd  olundu ki, Nazirlər  Kabinetinin müvafiq  qərarı ilə  “Bələdiyyələrin yazılı  və ya elektron sorğuları  əsasında  daşınmaz əmlakın dövlət  reyestrinin  məlumatlarının verilmə qaydası və  bununla bağlı ödənişlərin miqdarı”  müəyyən edilmişdir.  Komitə  sədri  bildirdi ki, qanunda  edilən  dəyişikliklər özündə bu məsələləri  ehtiva  edir.
Sonra  komitə  üzvləri “Bələdiyyələrin statusu haqqında”  və “Bələdiyyə  maliyyəsinin əsasları haqqında”  qanun  layihələrində  edilən  dəyişiklikləri  üçüncü  oxunuşda  müzakirə  etdilər.  Bildirildi ki, hər  iki  sənəddə  edilən  dəyişikliklər  qəbristanlıqların salınması və idarə olunması  məsələlərində  bələdiyyələrin  üzərinə  düşən  vəzifələri müəyyən edir. Belə ki,  bələdiyyələrin  bu məsələləri  müvafiq  icra  hakimiyyəti orqanı  tərəfindən  müəyyən edilmiş  qaydalara uyğun olaraq  həyata  keçirmədiyi  hallarda  məsuliyyət  məsələsini  təmin edir və bələdiyyə  büdcəsindən  qəbristanlıqların salınması, saxlanması,  qorunması, idarə olunması və  abadlaşdırılması  məqsədi ilə zəruri  xərclərin  tutulmasını  təsbit  edir.
Millət  vəkilləri Rüstəm Xəlilov, Tahir  Rzayev, Fəzail İbrahimli, Kamran Bayramov, Azər Badamov, Malik Həsənov, Cavid  Osmanov, dəvət  olunmuş yerli  özünüidarəetmə sahəsinin mütəxəssisləri   sənədlərdə  edilən  dəyişikliklərin  bələdiyyələrin  fəaliyyətinin  təkmilləşdirilməsi   sahəsində çox  faydalı  olacağından söz  açdılar. 
Müzakirələrdən sonra  hər  3  sənəd  Milli Məclisin plenar iclasına  tövsiyə  edildi.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU