HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ
Oktyabrın 22-də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası oldu. Komitənin sədri Əli Hüseynli bildirdi ki, gündəliyə daxil olan beş məsələdən üçü vaxtilə bu komitədə hazırlanmış və işçi qrupu ilə birgə müzakirə edilmiş qanun layihələridir.
Əli Hüseynli öncə “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənədi təqdim etdi. Qanun layihəsində hədiyyə alma ilə əlaqədar məhdudiyyətlərə dair 10-cu və maraqlar toqquşmasının qarşısının alınmasına dair 11-ci maddələrə təklif olunan dəyişiklikləri ətraflı şərh etdi.
Geniş müzakirədə Azay Quliyev, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Çingiz Qənizadə, Sabir Hacıyev rəy və təkliflərini diqqətə çatdırdılar.
Gündəlikdəki ikinci və üçüncü məsələni iclasda Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid təqdim etdi. Bildirdi ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 9-cu, 16-cı və 17-ci maddələrinə dəyişikliklər edilməsi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun və “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunun tətbiqi ilə əlaqədardır.
Sonra şöbə müdiri 17 may 1996-cı il tarixli qanunla təsdiq olunmuş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə qanun layihəsini ətraflı şərh etdi. Deputatların suallarını cavablandırdı.
Müzakirə zamanı parlamentin Daxili Nizamnaməsində dəyişikliklərə dair sənədi hazırlayan işçi qrupa təşəkkür ifadə olundu. Komitə üzvləri Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Azay Quliyev, Çingiz Qənizadə, Tahir Kərimli, Elşən Musayev qanun layihəsini ciddi təhlil etdilər və sənədə bir sıra yeni təkliflər irəli sürüldü.
İclasda aparılan fikir mübadiləsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli yekunlaşdırdı. Qeyd olundu ki, bu qanun layihələri Milli Məclisdə üç oxunuşdan keçəcək. Müzakirədə səslənmiş yeni təkliflər işçi qrupu ilə birgə müzakirə olunaraq ayrıca layihə hazırlanacaq.
Qərara alındı ki, komitədə baxılan hər üç qanun layihəsi birinci oxunuşda parlamentin plenar iclasına təqdim edilsin.
Sonra “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə məsələyə də baxıldı və plenar iclasa tövsiyə olundu.
Deputatlar gömrük və miqrasiya orqanlarında qulluq keçmə, dövlət vergi və daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamələrdə dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsini də Milli Məclisin plenar iclasına tövsiyə etdilər.
Milli Məclisin
Mətbuat xidməti