MİLLİ MƏCLİSDƏ İNSAN ALVERİNƏ VƏ MİQRASİYA PROBLEMLƏRİNƏ HƏSR OLUNMUŞ KONFRANS
Oktyabrın 30-da Milli Məclisdə “İnsan alveri və miqrant qaçaqçılığına çoxtərəfli yanaşmalar: Beynəlxalq və milli qanunvericilik, operativ baza” mövzusunda konfrans keçirildi.
Konfransı giriş sözü ilə açan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli tədbirin əhəmiyyətindən danışdı. Bildirildi ki, son illər parlamentdə həm insan alverinə qarşı mübarizə, həm də miqrasiya məsələlərinin tənzimlənməsi ilə bağlı beynəlxalq standartlara uyğun olan mükəmməl qanunvericilik bazası yaradılmışdır. Qeyd olundu ki, bu tədbir beynəlxalq transmilli mütəşəkkil cinayətlərin araşdırılması və insan alverinə məruz qalan şəxslərin müdafiəsi ilə bağlı beynəlxalq və regional müzakirələri genişləndirmək, insan alverinə və miqrantların qaçaqçılığına qarşı çoxsaylı problemlərə kompleks və inteqrasiya olunmuş çoxsahəli yanaşmaları təşviq etmək məqsədi ilə keçirilir.
Toplantıda çıxış edən Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirdi ki, konfrans çərçivəsində sözügedən mövzuda istər Azərbaycanda, istər regionda, istərsə də bütün dünyada mövcud vəziyyət, mövcud çətinliklər, əməkdaşlığa və tərəfdaşlığa əsaslanan fəaliyyətin müsbət nəticələri barədə fikir mübadiləsi aparılacaq, perspektivlərlə bağlı faydalı istiqamətlər müəyyənləşdiriləcək.
Vitse-spiker vurğuladı ki, bu gün Azərbaycan regionda özünəməxsus yeri, rolu olan, siyasi, iqtisadi, humanitar əlaqələrin intensivləşməsi baxımından müstəqil siyasətə görə seçilən bir ölkədir. Ölkəmiz insan alverinə və qaçaqmalçılığa qarşı mübarizəni daha da gücləndirmək üçün BMT-nin müvafiq konvensiyasına qoşulub. Bu konvensiyanın və ondan irəli gələn protokolların üzərimizə qoyduğu öhdəliklər bizi dost ölkələr və beynəlxalq təşkilatlarla çoxtərəfli və daha ciddi əməkdaşlığa sövq edir. Müasir inkişaf səviyyəsində insanlarin digər qrup insanlar və ya dairələr tərəfindən alver hədəfinə, qurbana çevrilməsi, alçaldıcı rəftara məruz qalması, dilənçiliyə, itaətkarlığa məcbur edilməsi yolverilməzdir.
Toplantıda iştirak edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxış edərək bildirdi ki, miqrasiyanın əhatəsinin böyük olması müəyyən cinayətkar qruplar üçün qeyri-qanuni yollarla gəlir əldə etmək imkanıdır. Qanunsuz miqrant qaçaqmalçılğı anlayışı bu gün dünyada bir reallıqdır. Şimali Afrikadan Avropaya, Asiyadan Avropaya və digər istiqamətlərə olan axınları aydın görürük. Bu sahədə müəyyən tendensiyalar Azərbaycanda da müşahidə edilir və bunun qarşısını almaq üçün bütün səylər göstərilir. Ölkəmiz bu sahə ilə bağlı bütün beynəlxalq konvensiyalara qoşulub. Bu istiqamətdə qanunverciiliyin uyğunlaşdırılması demək olar ki, tam yekunlaşıb. Bu gün həm cinayət, həm miqrasiya sahəsində problemlərin qarşısını almaq üçün təkmil qanunvericiliyimiz mövcuddur. Ölkə başçısının bu sahə ilə bağlı fərman və sərəncamları imkan verir ki, insan alverinə qarşı mübarizədə sağlam mühit olsun.
Vüsal Hüseynov onu da vurğuladı ki, ölkəmizə məqsədli şəkildə, qeyri-qanuni yollarla miqrasiya axınını təşkil edən cinayətkar qrupların aşkar olunması istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilir.
Toplantıda mövzu ilə əlaqədar Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə üzrə Baş İdarəsinin rəisi, polis general-mayor Heydər Heydərov, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin əməkdaşı Aleksandra Nerisonu, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Serhan Aktorpaq fikirlərini bildirdilər. Çıxışlarda Qafqaz regionunun insan alveri və miqrant axını üçün əlverişli çoğrafi ərazidə yerləşməsi, Azərbaycanın hüquq-mühafizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığı, bu sahədə parlamentlərin rolu, etibarlı tərəfdaşlıq və məsuliyyət prinsiplərinin qorunması ilə bağlı məsələlərə toxunuldu.
Sonra tədbir plenar sessiyalar üzrə davam etdirildi. “İnsan alverinə qarşı hərtərəfli və beynəlxalq mübarizə cəhdləri” mövzusunda sessiyanı millət vəkili Məlahət İbrahimqızı təqdim etdi.
Sessiyada deputat, AŞPA-nın Miqrasiya, Qaçqınlar və Məcburi köçkünlər komitəsinin üzvü Sahibə Qafarova “İnsan hüquqlarının pozulmasının qarşısının alınması, insan alverinə qarşı mübarizədə milli parlamentlərin birgə səyləri” mövzusunda məruzə ilə çıxış etdi.
Sonra Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasının müavini İvan Korzh, Yunanıstan parlamentinin İnsan alverinə qarşı mübarizə üzrə Alt komitəsinin sədri Afrodita Stampouli, BMT-nin Narkotiklər və cinayətlər üzrə ədliyyə mütəxəssisi Hannah Stallard mövzu ilə əlaqədar çıxış etdilər.
Tədbir “İnsan alverinə qarşı mübarizədə müasir səylər”, “Hüququn aliliyi sayəsində insan alveri və miqrant qaçaqmalçılığı sahəsində görülən tədbirlər”, “İnsan alveri cinayətlərinin təqibi və istintaqı, miqrant hüquqlarının müdafiəsi” mövzusunda paralel sessiyalarla davam etdirildi.
Milli Məclisin
Mətbuat xidməti