MİLLİ MƏCLİSİN İCLASINDA
Oktyabrın 30-da parlamentin növbəti plenar iclası keçirildi. İclasa Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov sədrlik edirdi. Gündəlik təsdiqləndikdən sonra cari məsələlərə baxıldı. Deputatlar günün aktual məsələlərinə münasibət bildirdilər, bir sıra təkliflər irəli sürdülər.
İclasda öncə üçüncü oxunuşda müzakirəyə çıxarılmış 23 qanun layihəsinə baxıldı. Həmin qanun layihələrini Milli Məclisə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı təqdim etdilər. Bildirildi ki, qanunvericiliyin uyğunlaşdırılması, bir sıra hüquqi aktların hazırlanmasında səmərəliliyin artırılması, müvafiq sərəncam və qanunların icrası məqsədilə hazırlanmış həmin qanun layihələri komitələrdə və plenar iclaslarda birinci və ikinci oxunuşda ətraflı müzakirə olunub. İrəli sürülən təkliflər nəzərə alınıb.
Məlumatlar dinlənildikdən sonra fikir mübadiləsi aparıldı. Səsvermə zamanı deputatlar “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda dəyişiklik edilməsinə razılıq verdilər.
Ölkəmizdə iki yeni medalın – “Diplomatik xidmətə verilən töhfəyə görə” medalının və “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalının təsisi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliklər edilməsi məqsədəuyğun sayıldı.
Mülki Prosessual Məcəlləyə, Vergi və Gömrük Məcəllələrinə, Mülki Məcəlləyə, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə təklif olunan dəyişikliklərə dair 9 qanun layihəsi parlamentdə qəbul olundu.
Millət vəkilləri “Təhsil haqqında”, “Banklar haqqında”, “İpoteka haqqında”, “Lotereyalar haqqında”, “İnzibati icraat haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Pasportlar haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanun layihələrinə təklif olunan dəyişikliklərin və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin üçüncü oxunuşda qəbul olunmasını zəruri saydılar.
Sonra iclasda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emomali Rəhmonun Birgə Bəyanatının təsdiq edilməsi haqqında” məsələni təqdim etdi. Parlament Birgə Bəyanatı təsdiqlədi.
Gündəlikdəki növbəti məsələni şərh edən Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirdi ki, “Dövlət sirri haqqında” qanun layihəsinə təklif olunan dəyişikliyə əsasən dövlət sirrinin mühafizəsini təmin edən orqanların siyahısı genişləndirilir, məhkəmə və prokurorluq orqanları ilə yanaşı bu işə müvafiq icra hakimiyyəti orqanları da daxil edilir.
Deputatların rəyləri dinlənildikdən sonra layihə səsə qoyuldu və qəbul edildi.
İclasda “Avtomobil yolları haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanun layihələrinə təklif olunan dəyişikliklərə də baxıldı və qəbul olundu. Deputatlar qanunvericiliyin uyğunlaşdırılması baxımından Mülki Prosessual Məcəllədə və Cəzaların İcrası Məcəlləsində, həmçinin “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda dəyişiklik edilməsini məqsədəuyğun saydılar.
Milli Məclis “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsinə razılıq verdi.
Deputatlar gömrük və miqrasiya orqanlarında qulluq keçmə, dövlət vergi və daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamələrdə dəyişiklik edilməsinə dair qanun layihələrini də məqbul saydılar.
Sonra plenar iclasda ikinci oxunuşda müzakirəyə çıxarılmış 6 qanun layihəsinə baxıldı. I vitse-spiker və komitə sədri Ziyafət Əsgərovun, komitə sədri Əli Hüseynlinin, Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyevin məlumatları dinlənildi. Qanun layihələrinin hər biri ayrı-ayrılıqda ikinci oxunuşun prosedur qaydalarına uyğun olaraq əsas kimi qəbul edildi. Fikir mübadiləsi aparıldıqdan sonra 3 oktyabr 1997-ci il tarixli qanunla təsdiqlənmiş “Hərbi xidmət keçmə haqqında Əsasnamə”də, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Dövlət rüsumu haqqında”, “Baytarlıq, haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” qanunlarda dəyişiklik edilməsi səsə qoyuldu və müsbət münasibət bildirildi.
Səhər iclasındakı müzakirələrdə Fərəc Quliyev, Zahid Oruc, Rüfət Quliyev, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Əli Hüseynli, Ziyafət Əsgərov, Xanhüseyn Kazımlı, Çingiz Qənizadə, Musa Quliyev, Aytən Mustafayeva rəy və təkliflərini diqqətə çatdırdılar.
Fasilədən sonra Milli Məclis işini davam etdirdi. Deputatlar birinci oxunuşda plenar iclasa təqdim olunmuş 9 qanun layihəsinə baxdılar.
Komitə sədrlərinin məlumatları dinlənildikdən sonra “Aviasiya haqqında”, “Dövlət borcu haqqında”, “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi məsələləri səsə qoyuldu və qəbul edildi. Cinayət Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliyə dair 3 qanun layihəsi də səsvermə zamanı müsbət qarşılandı.
İclasda 17 may 1996-cı il tarixli qanunla təsdiq olunmuş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunlarda dəyişikliklər edilməsinə dair layihələri təqdim edən Əli Hüseynli hər üç məsələni ətraflı şərh etdi.
Qanun layihələrinin müzakirəsində Qüdrət Həsənquliyev, Musa Quliyev, Fazil Mustafa, Aqil Abbas, Zahid Oruc, Rasim Musabəyov, Aydın Hüseynov rəylərini bildirdilər, irad və təkliflərini nəzərə çatdırdılar.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyuldu və birinci oxunuşda qəbul edildi.
İclasın yekununda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Psixoloji yardım haqqında” qanun layihəsini Milli Məclisə təqdim etdi. Bildirdi ki, yeni qanun ölkəmizdə psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyənləşdirir. Komitə sədri deputatlara ölkəmizdə psixoloq kadrlarının hazırlanması sahəsində görülən işlər barədə də məlumat verdi.
Müzakirələrdə Qüdrət Həsənquliyev, Tahir Rzayev, Aqiyə Naxçıvanlı, Nizami Cəfərov, İlham Məmmədov, Səməd Seyidov, İsa Həbibbəyli, Zahid Oruc, Ülviyyə Həmzəyeva rəy və təkliflərini bildirdilər.
Fikir mübadiləsinə yekun vuran komitə sədri Əhliman Əmiraslanov qeyd etdi ki, deputat həmkarlarının təklifləri növbəti oxunuşlarda nəzərə alınacaq. Sonra layihə səsə qoyuldu və birinci oxunuşda qəbul edildi.
Bununla da Milli Məclis bugünkü işini başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti