MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
02 noyabr 2018 | 04:11   
Paylaşın:        

Noyabrın 2-də Milli Məclisin  növbəti plenar  iclası  keçirildi.  İclası Milli Məclisin Sədri  Oqtay Əsədov  aparırdı. 
Gündəliyin  təsdiqindən sonra  müzakirələrə  başlanıldı. Əvvəlcə Hüquq  siyasəti  və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyə daxil edilən 7 məsələ - Azərbaycan Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə,  Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki appelyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi barədə məsələlərlə əlaqədar  məlumat verdi.
O, son illər məhkəmə sistemində islahatların keyfiyyətcə yeni mərhələyə yüksəldiyini vurğuladı. Həyata keçirilən tədbirlər barədə danışdı. Komitə  sədri bildirdi ki, Məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlı özünüidarə orqanı olan Məhkəmə Hüquq Şurasının səlahiyyətləri genişləndirilib. Ölkəmizdəki sürətli iqtisadi inkişaf mülki və inzibati xarakterli işlərin də artımına gətirib çıxarıb. Məhz bununla bağlı olaraq, eyni zamanda, səslənmiş təkliflər nəzərə alınaraq 2007-ci illə müqayisədə məhkəmə hakimlərinin sayı iki dəfə artırılıb. Bununla yanaşı, məhkəmə-hüquq islahatları çərçivəsində qanunvericilik, institusional tədbirlər də görülüb. Prezident İlham Əliyevin son dövrlər korrupsiya və neqativ hallara qarşı mübarizənin gücləndirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr məhkəmə-hüquq sistemindən də kənarda qalmayıb.
Məhkəmə Hüquq Şurasının fəaliyyəti dövründə 230-dan çox hakim barədə intizam icraatı başlanılıb, qanun pozuntusu və digər neqativ hallara yol verdiyinə görə 100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb. Hazırda Ali Məhkəmədə bir, Naxçıvan Muxtar Respublikası Ali məhkəməsində üç və Apellyasiya məhkəmələrində isə bütövlükdə 26 vakansiya mövcuddur.
Sonra Əli Hüseynli yeni namizədlər barəsində məlumatı diqqətə çatdırdı. “Məhkəmələr və hakimlər haqqında” qanuna uyğun olaraq Sənan Firudin oğlu Hacıyevin Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsinə, Novruzov Əsgər Novruz oğlu, Allahverdiyev Mehman Dünyamalı oğlu, Xıdırov Əhliman Mehman oğlunun Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimləri təyin edilməsinə razılıq verildi.
İclasda Sadıqov Vahid Nəriman oğlu, Əhmədov İlham Bayram oğlu, Məmmədova Şərafət Asif qızı, Məhərrəmova Şeyda Ədalət qızı, Məmmədov Habil Çingiz oğlu,  Rəhimov Elmar Eldar oğlu,  Kərimli İlham Əziz oğlu, Abdulov Rəşad Məhərrəm oğlu, Babayev Fuad Fikrət oğlu, Əliyev Zaur Əli oğlu, Hüseyn Aida Əli qızı və  Kamran Əkbərovun “Məhkəmələr və hakimlər haqqında” qanunun müvafiq  hissələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin hakimləri  vəzifəsinə təyin edilməsi  məqsədə uyğun sayıldı. 
Bildirildi ki, Salman Hüseynov, Afiq Hüseynzadə və Rəşad Məmmədov Gəncə Apellyasiya Məhkəməsinin, Hökümə Babayeva, Ruhiyyə Əsgərova, Fuad Məmmədov, Məhəmmədəli Rzayev Sumqayıt Apellyasiya Məhkəməsinin,  Fehruz Abbasov, Müşfiq Həsənov, Taleh Kərimov, Fuad Sultanov, Elşad Əliyev Şirvan Apellyasiya Məhkəməsinin, Akif Eyvazov, Ayaz Mahmudov, Vəzirxan Məlikov və Mübariz Hüseynov isə Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi  nəzərdə  tutulur. Məsələlər ayrı-ayrılıqda  səsə  qoyularaq  təsdiqləndi.
İclasda  Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov üçüncü oxunuşda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda nəzərdə tutulan dəyişiklikləri təqdim etdi. Bildirildi ki, televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanması qadağan edilir. Sənəd  səsə  qoyularaq  təsdiq  edildi.
Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda şərh etdi. Dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 (yüz) manat məbləğində və tütün məmulatlarının ətraf mühitə atılmasına görə 50 (əlli) manat məbləğində cərimə nəzərdə tutulur. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud təklif edilməsinə görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimələnəcək. Sənəd  səsvermə  yolu ilə təsdiq  edildi.
Rafael Hüseynov “Televiziya və radio yayımı haqqında”qanunda dəyişiklik edilməsi barədə sənədi üçüncü oxunuşda təqdim etdi. Bildirildi ki, qanun layihəsinə əsasən sənədə “tütün məmulatlarını və tütün istifadəsi prosesini təbliğat məqsədilə nümayiş etdirməmək, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirildiyi əsərləri, tamaşaları, proqramları efirdə, kabel yayımı vasitəsilə açıq yayımlamamaq” məzmunlu 40.2.2-1-ci maddə əlavə edilir. “İctimai televiziya və radio yayımı haqqında” qanuna da eyni məqsədli yeni maddənin əlavə olunduğu diqqətə  çatdırıldı.
Sonra Rafael Hüseynov üçüncü oxunuşda “Teatr və teatr fəaliyyəti haqqında” qanunda edilən dəyişiklikləri diqqətə  çatdırdı.  Qeyd  olundu ki,  dəyişikliyə görə sənədə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun müvafiq  maddəsinə teatr tamaşalarında tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirilməsi qadağandır” məzmunlu yeni  əlavə edilir. Komitə  sədri bildirdi ki, hər üç qanunda nəzərdə tutulan dəyişikliklər “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
Deputatlar, ikinci oxunuşda “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanunlarına da münasibət  bildirdilər. Qanun layihələri ayrı-ayrılıqda səsvermə yolu ilə təsdiq edildi.
Bununla da Milli Məclisin bugünkü iclası  öz işini  başa çatdırdı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU