MİLLİ MƏCLİSİN KOMİTƏLƏRİNDƏ 2019-CU İLİN DÖVLƏT BÜDCƏSİNİN MÜZAKİRƏSİNƏ BAŞLANDI

Komitə iclasları
05 noyabr 2018 | 05:11   
Paylaşın:        
Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı.
İclası açan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanda uğurlu islahatların davam etdirildiyini, iqtisadi fəaliyyətin son 15 ildəki nəticələrinin kifayət qədər möhtəşəm rəqəmlərlə xarakterizə olunduğunu diqqətə çatdırdı. 
Bildirdi ki, Azərbaycan iqtisadiyyatı özünün yeni inkişaf mərhələsinə keçir, qloballaşan dünyada, risklərin artdığı bir şəraitdə öz davamlılığını nümayiş etdirir. Heç şübhəsiz, bu nailiyyətlərin əldə olunmasının əsasında Prezident İlham Əliyev tərəfindən aparılan düşünülmüş iqtisadi siyasət, ölkənin milli maraqlarına cavab verən iqtisadi inkişaf strategiyası dayanır. Dövlət büdcəsi bütün bu nailiyyətlərin əldə olunmasında mühüm bir vasitədir. Büdcənin hazırlanmasında iştirak edən strukturlar bu məsələyə kifayət qədər məsuliyyətlə yanaşırlar. Məhz belə yanaşmanın nəticəsidir ki, Azərbaycanın dövlət büdcəsinin göstəriciləri ildən-ilə yaxşılaşır.
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirdi ki, Azərbaycan Respublikasının 2019-cu il icmal və dövlət büdcələrinin layihələri “Büdcə sistemi haqqında” Qanundan irəli gələn tələbləri, Prezident İlham Əliyevin müəyyən etdiyi ölkənin strateji inkişaf prioritetləri və sosial iqtisadi siyasət hədəfləri, qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla tərtib olunub. Bu amillərlə yanaşı, proqnozlaşdırma zamanı İqtisadiyyat Nazirliyinin hazırladığı 2019-2022-ci illər üzrə ölkənin makroiqtisadi proqnoz göstəriciləri və gözlənilən iqtisadi meyllər, o cümlədən 2019-cu ildə Ümumi Daxili Məhsulun 3,6 faizlik, qeyri-neft sektorunda isə 3,9 faizlik real artım sürəti, dövlət büdcəsi və dövlət neft fondunun gəlirlərinin hesablanmasında isə bir barel xam neftin satış qiyməti 60 ABŞ dolları səviyyəsində qəbul edilib.
Nazir əlavə etdi ki, dünya əmtəə bazarlarında neftin qiyməti ilə bağlı müşahidə olunan müəyyən sabitləşmə və artım proseslərinin ölkə iqtisadiyyatına müsbət təsiri ehtimal olunsa da, regiondaki iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına potensial mənfi təsirləri nəzərdən qaçırılmamalıdır. Belə ki, qonşu ölkələr və əsas ticarət tərəfdaşlarımızın valyutalarının ucuzlaşması Azərbaycan manatının məzənnəsinin dəyərlənməsinə təzyiqləri artırır. Bu isə bir tərəfdən yerli istehsalçıların ixrac rəqabətliliyinin azalması, digər tərəfdən isə idxalın artımı risklərini aktuallaşdırır.
Nazir qeyd etdi ki, yuxarıda sadalanan xarici mənşəli makro iqtisadi təhdidlərin ölkə iqtisadiyyatına sirayət etməsinin qarşısının alınması 2019-cu ildə həyata keçiriləcək monetar və fiskal siyasətin əsas prioritetlərindən biri kimi gündəlikdə durmaqdadır. Bununla əlaqədar büdcənin sabitliyi və orta müddətli dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. 
Nazir diqqətə çatdırdı ki, 2019-cu ilin dövlət büdcəsinin tərtibindən başlayaraq növbəti illərin icmal və dövlət büdcələri yeni qəbul edilmiş büdcə qaydasına uyğun olaraq hazırlanacaq. Qaydanın tətbiqi neft qiymətlərinin qalxması və enməsi zamanı büdcənin daha dayanıqlı olmasını hədəfləyir.
İcmal büdcənin xərcləri 27 milyard 372 milyon manat, dövlət büdcəsinin xərcləri isə 24 milyard 780 milyon manatdır. Dövlət Neft Fondundan transfert isə  11 milyard 364 milyon manat müəyyən edilir.
Nazir qeyd etdi ki, gələn il icbari tibbi sığorta sisteminin bütün ölkə üzrə tətbiqi məqsədilə yekun hazırlıq işləri həyata keçiriləcək. Sistemin bütün ölkə üzrə tətbiqinə isə 2020-ci ildən başlanması gözlənilir.
2019-cu ildə icbari tibbi sığortaya 224 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Eyni zamanda, icbari tibbi sığortanın həyata keçirilməsi üçün müəyyən vəsaitlərin xüsusi fondda toplanılması məsələsinə baxılacaq.
Sonra çıxış edən iqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev diqqətə çatdırdı ki, ölkəmizdə aparılan uğurlu islahatların nəticəsidir ki, Azərbaycan “Doing Business-2019” hesabatında ən islahatçı ölkələr arasında ilk onluqda yer alıb. 
Azərbaycanda investisiyaların təşviqi mexanizmi çərçivəsində sahibkarlara bugünədək 2,7 milyard manat ayrılıb.
Bu layihələrin icrası 21 mindən çox yeni iş yeri açmağa imkan verəcək. İnvestisiyaların təşviqi sertifikatı almış 200-ə yaxın müəssisə artıq açılıb, digərləri isə ilin sonunadək işə düşəcək.
Nazir müavini əlavə edib ki, 2019-cu ildə əsas kapitala investisiyaların həcmi 17,9 milyard manat, o cümlədən xarici investisiya 7,5 milyard, daxili investisiya 10,4 milyard manat həcmində proqnozlaşdırılır.
Ş.Abdullayevin sözlərinə görə, ölkəmizdə 6 aqropark yaradılıb, 30 rayonda isə aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması ilə bağlı iş aparılır. Bununla bağlı investisiyaların həcmi 1,4 milyard manat təşkil edir.
İlin sonunadək Azərbaycanda daha 13 aqropark yaradılacaq.
İclasda çıxış edən vergilər naziri Mikayıl Cabbarov bildirdi ki, qarşıda dayanan əsas məqsəd iqtisadi artımın təmin edilməsi, sahibkarlığın inkişafının dəstəklənməsi, özəl investisiyaların səmərəli təşviqidir. Bu məqsədlə bərabər vergi yükünün təmin edilməsi qarşımızda duran əsas vəzifə kimi qəbul edilib. Qeyri-neft sektorunda nəzərdə tutulan vergi güzəştlərinin islahatı da buna yönəlib. Əmək bazarının və əmək haqqı sisteminin şəffaflaşdırılması üçün güclü vergi stimullarının yaradılması nəzərdə tutulur.
Nazir həmçinin qeyd etdi ki, vergidən yayınma miqyasının azaldılması üçün mal dövriyyəsinin sənədləşdirilməsi, aksizli malların dövriyyəsinə nəzarətin güclənməsi kimi istiqamətlər müəyyənləşib.
Vergitutma rejiminin təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergitutma bazasının genişləndirilməsi, vergi ödənişlərinin optimallaşdırılması və iqtisadi səmərəsinin yüksəldilməsi, ayrı-ayrı sahələrin iqtisadi inkişafını təmin etmək üçün güzəştlərin tətbiqi kimi istiqamətlər müəyyən olunub. 
Sonra Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirdi ki, 2019-cu ildə Dövlət Neft Fondunun büdcəsinin 4 milyard 214,9 milyon manat profisitlə icra ediləcəyi gözlənilir.
Fondun gələn il üçün gəlirləri 15 milyard 579,2 milyon manat, xərcləri isə 11 milyard 364,3 milyon manat nəzərdə tutulur. Azərbaycanın payına düşən mənfəət neftinin və qazının satışından əldə edilən xalis gəlirlər 13,218 milyard manat təşkil edəcək. Fondun vəsaitlərinin idarə olunmasından isə 1,571 milyard manat mənfəət əldə edilməsi proqnozlaşdırılır.
Çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov diqqətə çatdırdı ki, 2019-cu ilin dövlət büdcəsinin gəlirləri 2018-ci illə müqayisədə 3,5 faiz çox olmaqla 22,9 milyard manat məbləğində proqnozlaşdırılır.
Gələn il cari illə müqayisədə 11 tədiyyə növü üzrə artım, 5 tədiyyə növü üzrə isə azalma gözlənilir. 2019-cu ilin dövlət büdcəsi cari illə müqayisədə vergi gəlirlərinin azaldılması, qeyri-vergi gəlirlərinin artımının proqnozlaşdırılması ilə xarakterizə olunur. Qeyri-vergi gəlirlərinin artırılmasının əsas mənbələri kimi Dövlət Neft Fondundan transfertin 398,3 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətindən daxilolmalar 127,6 milyon manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyaları çıxış edir. Ümumiyyətlə, neftin baza qiymətinin növbəti ildə 9,1 faiz artaraq 60 dollar səviyyəsində qəbul olunması dövlət büdcəsinin neft gəlirlərinin artırılmasına əhəmiyyətli təsir göstərməyib. Gələn il Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertinin məbləği 11 milyard 364,3 milyon manat məbləğində, dövlət büdcəsinin gəlirlərində payı 49,5 faiz səviyyəsindədir.
Vüqar Gülməmmədovun sözlərinə görə, növbəti ildə Dövlət Neft Fondunun investisiyayönümlü xərclərinin dövlət büdcəsi vasitəsilə icra edilməsi nəzərdə tutulur. Gələn il büdcə gəlirlərinin 15,1 faizi Dövlət Gömrük Komitəsinin payı olaraq proqnozlaşdırılıb və bu qurum vasitəsilə 2018-ci illə müqayisədə 8,2 faiz çox olmaqla 3,5 milyard manat vəsait təmin ediləcək.
İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirdi ki, Dövlət Sosial Müdafiə Fondunun 2019-cu ilin üçün büdcə gəlirləri 3 milyard 928 milyon manat məbləğində proqnozlaşdırılır. Bu vəsaitin 97 faizi əhaliyə yönəldiləcək. Nəticədə də ödəniləcək əmək pensiyalarının məcburi dövlət sığorta haqları hesabına sosial müavinətlərin məbləği artacaq. 
Nazir qeyd etdi ki, gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək: Yaşa görə əmək pensiyasının orta aylıq məbləği 272 manata çatacaq. Bu isə həyata keçirilən siyasətin ana məqsədidir. Digər tərəfdən, İşsizlikdən Sığorta Fondunun büdcəsi 83 milyon 451 min manat məbləğində proqnozlaşdırılır. Bu qiymətləndirmə cari ilin göstəricilərindən 4.7 faiz artıq olacaq. 
Sahil Babayev əlavə etdi ki, 2019-cu il ərzində Azərbaycanda məşğulluq tədbirlərinin təxminən 250 min nəfəri əhatə etməsi gözlənilir. Sosial müdafiə, sosial təminat tədbirlərinin 2,1 min nəfəri əhatə etməsi gözlənilir. Gələn il pensiya alanların sayı təxminən 1 milyon 294 min nəfər, sosial müavinət və təqaüd alanların sayı isə 571 min nəfər olaraq proqnozlaşdırılır. 
İclasda çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavini Valeh Ələsgərov, Milli Məclisin komitə sədri Eldar İbrahimov, deputatlardan Vahid Əhmədov, Zahid Oruc, Əli Məsimli, Xanhüseyn Kazımlı, Dövlət Gömrük Komitəsinin idarə rəisi Mirqasım Vahabov 2019-cu ilin dövlət büdcəsi zərfi barədə fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər.
Maliyyə naziri Samir Şərifov iclasda qaldırılan məsələlərə münasibət bildirdikdən sonra “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.
Bununla da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU