MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA
Noyabrın 6-da Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Mədəniyyət, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclası keçirildi.
İclası Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli açaraq bildirdi ki, bugünkü iclasda 2019-cu ilin dövlət büdcəsi layihəsi müzakirə ediləcək. Qeyd olundu ki, ölkəmizdə ulu öndər Heydər Əliyev dühasının yaratdığı sosial sabitlik bazasında sosial rifah dövlətinin yaradılması istiqamətində böyük işlər görülmüşdür. Beynəlxalq münasibətlər, ordu quruculuğu, iqtisadi islahatlar, demokratik cəmiyyət quruculuğunun baş məqsədi ölkəmizdə vətəndaşların güzəranının yaxşılaşmasına, ehtiyacı olanların sosial müdafiəsinin gücləndirilməsinə yönəlmişdir. Son illər dünyada gedən iqtisadi kataklizmlər, böhran prosesləri və gərgin situasiyalar ölkə başçısı möhtərəm İlham Əliyevin uzaqgörən, ardıcıl və sistemli siyasəti nəticəsində Azərbaycanda kəskin fəsadlarla müşahidə olunmamışdır.
Komitə sədri vurğuladı ki, ötən müddətdə büdcəmizdə sosial məsələlərə ayrılan vəsaitin həcmi artmış və əhatə miqyası genişlənmişdir. Gələn ilin büdcəsi tamamilə sosial və investisiya yönümlüdür. 2019-cu il dövlət büdcəsinin əsas məqsədi əhalinin güzəranının daha da yaxşılaşdırılmasıdır.
Hadi Rəcəbli sonra büdcədə nəzərdə tutulan yeniliklərdən danışdı. O qeyd etdi ki, sosial müdafiə sistemində yeni institut formalaşıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ardıcıl islahatlar aparıb və bu islahatların ən ciddisi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) yaranmasıdır. Bu da ölkəmizdə “ASAN” brendinin davamıdır. Komitə sədri bildirdi ki, gələn il sosial məqsədlərə 8 milyard 265,8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da büdcənin 33,4 faizini təşkil edir.
İclasda iştirak edən maliyyə nazirinin birinci müavini İlqar Fətizadə çıxışında bildirdi ki, 2019-cu ilin dövlət büdcəsinin layihəsi “Büdcə sistemi haqqında” qanuna, Azərbaycan Respublikasının milli iqtisadiyyatının başlıca sektorlar üzrə strateji yol xəritəsinə, habelə dünya və Azərbaycan iqtisadiyyatında gözlənilən meyllərin təhlilinə uyğun hazırlanıb. Büdcənin sabitliyi və orta müddətli dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Qeyd olundu ki, gələn il üçün bir barrel xam neftin satış qiyməti 60 ABŞ dolları səviyyəsində qəbul edilib.
Nazir müavini bildirdi ki, 2019-cu il üçün dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 28 faizi həcmində olmaqla, 22 milyard 918 milyon manat təşkil edəcək. Bu da cari illə müqayisədə 769 milyon manat və ya 3,5 faiz çoxdur. Gəlirlərin 9 milyard 217 milyon manatı (40,2 faiz) qeyri-neft sektoru üzrə daxilolmaların, 13 milyard 700 milyon manatı (59,8 faiz) neft gəlirlərinin payına düşəcək. 2019-cu ildə Vergilər Nazirliyin xətti ilə proqnozlaşdırılan daxilolmalar 7 milyard 316 milyon manat, Dövlət Gömrük Komitəsi xətti ilə proqnozlaşdırılan daxilolmalar isə 3 milyard 452 milyon manat səviyyəsində qiymətləndirilir. Dövlət Neft Fondundan transfert isə 11 milyard 364 milyon manat müəyyən edilib. Büdcə təşkilatlarının ödənişli xidmətləri hesabına 627 milyon manat, digər daxilolmalar üzrə 159 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur.
Qeyd olundu ki, əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də xərclərin sosialyönümlü olması diqqətdə saxlanılıb. 2019-cu il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 30 faizi həcmində olmaqla mütləq ifadədə 24 milyard 780 milyon manat təşkil edəcək. Dövlət büdcəsi xərclərinin 12 milyard 554 milyon manatı və ya 50,7 faizi cari xərclərə, 9 milyard 891 milyon manatı və ya 39, 9 faizi əsaslı xərclərə, 2 milyard 335 milyon manatı və ya 9,4 faizi dövlət büdcəsinə xidmətlə bağlı xərclərə yönəldiləcək.
Bildirildi ki, növbəti ildə sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər siyasəti ilə bağlı xərclərə 6 milyard 369 milyon manat vəsait sərf ediləcək. Sosial tədbirlərin xərclərinin dövlət büdcəsi xərcləri tərkibində xüsusi çəkisi cari illə müqayisədə 1,5 faiz artaraq 25,7 faizə çatacaq. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqqlarının artırılması, sosial müavinətlər, təqaüdlər və digər sosial yönümə aid edilən xərclər üzrə yaranmış əlavə maliyyə öhdəliklərinin təmin edilməsi üçün dövlət büdcəsindən 620 milyon manat, pensiya təminatı sahəsində əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manat, 1425 məktəbəqədər təhsil müəssisəsində bir günlük ərzaq xərclərinin orta hesabla üç dəfə artırılması məqsədi ilə 83 milyon manat məbləğində vəsait ayrılıb. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fonduna 4 milyon manat vəsait proqnozlaşdırılıb. 2019-cu ilin təhsil xərclərinə 2 milyard 275 milyon manat, səhiyyə xərcləri üçün 1 milyard 48 milyon manat vəsait nəzərdə tutulub. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı maliyyə təminatının yaradılması üçün 240 milyon manat vəsaitin ayrılması planlaşdırılır.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışında növbəti ilin büdcə layihəsində sosial sahəyə xüsusi diqqət ayrıldığına diqqət çəkdi. Qeyd olundu ki, sosial sahənin inkişafı Prezident İlham Əliyevin daim diqqətində olan məsələdir. Təhsil, səhiyyə, elm sahəsinin inkişafı, əmək məşğulluğu, sosial təminat məsələlərində xidmətlərin elektronlaşması ilə bağlı dövlət başçısı tərəfindən tapşırıq verilib və zəruri olan maliyyə ayrılıb. O, qeyd etdi ki, büdcədən bu sahəyə ayrılan vəsait 2018-ci illə müqayisədə 14 faiz çoxdur. Palata sədri 2019-cu ilin büdcəsində təhsil xərclərinə 2,3 milyard manat, sosial müdafiə, sosial təminat sahəsinə 2,6 milyard manat vəsait nəzərdə tutulduğunu dedi.
Palata sədri bildirdi ki, ünvanlı sosial yardımların təyin edilməsi və ödənilməsi ilə bağlı aparılan nəzarət tədbirləri nəticəsində ailənin məişət şəraitinin müayinəsinin tam həyata keçirilmədiyi, yalnız müraciət edən şəxslərin məlumatları əsasında avtomatlaşdırılmış sistem tərəfindən təyinat aparıldığı, ailənin istifadəsində olan əmlak və ailənin gəlirləri, tərkibində dəyişikliklər haqqında düzgün olmayan məlumatların qəbul edilməsi halları kimi nöqsanlar aşkarlanıb. Bu tədbirlərin nəticəsi ilə bağlı müvafiq nazirliyə məlumatlar göndərilib. Görülən tədbirlər nəticəsində cari ilin 9 ayında ünvanlı sosial yardım təyin edilən ailələrin sayı əvvəlki illə müqayisədə 37 faiz azalıb. Növbəti il üçün ünvanlı yardımın verilməsinə görə, ehtiyac meyarı 10 faiz artırılaraq 143 manat məbləğində proqnozlaşdırılır. O, həmçinin bildirdi ki, dövlət büdcə xərclərindən nəzərdə tutulan Dövlət proqramları və tədbirlərin əksər hissəsi sosial sahəyə yönəldilib.
Milli Məclisin komitə sədrləri Aqiyə Naxçıvanlı, Əhliman Əmiraslanov, İsa Həbibbəyli, Rəfael Hüseynov çıxışlarında bildirdilər ki, növbəti ilin dövlət büdcəsində xərclərin optimallaşdırılaraq səmərəliliyinin daha da artırılması, əhalinin sosial təminatının gücləndirilməsi, ölkənin müdafiə və təhlükəsizliyinin təmin edilməsi, mühüm investisiya layihələrinin həyata keçirilməsinin davam etdirilməsi, xarici öhdəliklərin tam və vaxtında yerinə yetirilməsi əsas hədəflər kimi qəbul edilib, buna müvafiq maliyyə təminatının yaradılması nəzərdə tutulub. 2019-cu il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara həssaslıqla yanaşılıb.
Sonra millət vəkilləri Elmira Axundova, Bəxtiyar Əliyev, Jalə Əliyeva, Hüseynbala Mirələmov, Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Şəmsəddin Hacıyev, Asim Mollazadə 2019-cu ilin büdcə layihəsinin proqnozları ilə bağlı fikirlərini bildirdilər. Qeyd olundu ki, gələn il ölkədə mühüm əhəmiyyət kəsb edən proqram və layihələrin icrası davam etdiriləcək, büdcə xərcləri sosial və investisiya yönümlülüyünü saxlayacaqdır.
Maliyyə naziri Samir Şərifov komitə sədrlərini və millət vəkillərini maraqlandıran bəzi məsələlərə aydınlıq gətirdi.
İclasda Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov rəhbərlik etdikləri qurumların əsas büdcə parametrlərində 2019-cu il üçün nəzərdə tutulan dəyişiklikləri açıqladılar.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti