MİLLİ MƏCLİSİN KOMİTƏLƏRİNDƏ 2019-CU İLİN DÖVLƏT BÜDCƏSİNİN MÜZAKİRƏSİ DAVAM ETDİRİLDİ
Noyabrın 7-də Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı.
Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirdi ki, büdcənin müzakirə edildiyi ötən iki gündə keçirilən iclaslarda hökumət nümayəndələri həm büdcənin bütün parametrləri, həm ölkədəki real vəziyyət, həm də gələcək inkişaf illəri üçün işləyib hazırladıqları büdcə sənədini təqdim ediblər.
Bahar Muradova diqqətə çatdırdı ki, 2019-cu ilin büdcəsi Azərbaycanın sürətli inkişafının göstəricisi kimi xarakterizə edilə bilər. Vitse-spiker qeyd etdi ki, büdcə çox təkmil, mükəmməl və peşəkar səviyyədə hazırlanıb.
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirdi ki, İqtisadiyyat Nazirliyinin hazırladığı makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2019-cu ildə Ümumi Daxili Məhsulun 3,6 faiz, qeyri-neft sektorunun isə 3,9 faiz artımı gözlənilir. Dövlət büdcəsi və dövlət neft fondunun gəlirlərinin hesablanmasında isə bir barel xam neftin satış qiyməti 60 ABŞ dolları səviyyəsində qəbul edilib.
Nazir diqqətə çatdırdı ki, 2019-cu ilin dövlət büdcəsinin tərtibindən başlayaraq növbəti illərin icmal və dövlət büdcələri yeni qəbul edilmiş büdcə qaydasına uyğun olaraq hazırlanacaq. Qaydanın tətbiqi neft qiymətlərinin qalxması və enməsi zamanı büdcənin daha dayanıqlı olmasını hədəfləyir.
Nazir bildirdi ki, 2019-cu ildə böyük vergi islahatları gözlənilir və bunlar büdcə sənədlərində öz əksini tapmışdır. 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 22 milyard 918 milyon manat gözlənilir. Gəlirlər əsasən Vergilər Nazirliyi və Gömrük Komitəsinin xətti ilə təmin olunacaqdır. Büdcənin xərcləri isə 24 milyard 780 milyon manat nəzərdə tutulur.
Büdcə həmişə olduğu kimi sosial yönümlüdür və sosial sahədəki proqramların həyata keçirilməsi davam etdiriləcəkdir.
Nazir diqqətə çatdırdı ki, dövlət büdcəsi layihəsində ölkəmizin beynəlxalq fəaliyyəti, beynəlxalq təşkilatlarda təmsil olunması ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 207 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Həmin vəsaitin 115 milyon manatı Azərbaycan Respublikasının xaricdə diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması, təxminən 4 milyon manat ölkəmizin xaricdəki ticarət nümayəndəliklərinin fəaliyyətinin təmin edilməsi, 4,2 milyon manatı isə ölkəmizin xarici dövlətlərdəki mədəniyyət mərkəzlərinin fəaliyyətinin təmini ilə bağlıdır.
Nazir bildirdi ki, Prezident İlham Əliyevin ölkə əhalisinə xidmətlərin dövlət orqanları tərəfindən yüksək səviyyədə göstərilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrə uyğun olaraq növbəti ilin dövlət büdcəsindən “ASAN xidmət”in fəaliyyətinin təşkili və onun əhatə dairəsinin genişləndirilməsi üçün 28 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu da cari illə müqayisədə 15 faiz çoxdur.
Nazir qeyd etdi ki, dövlət büdcəsi layihəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qarşısında Azərbaycan Respublikasının maraqlarının müdafiəsi və həmin məhkəmənin qərarlarının ölkədaxili icrası ilə bağlı xərclər üçün də müvafiq vəsaitlər nəzərdə tutulub. Məhkəmə prosesləri ilə bağlı aztəminatlı şəxslərə cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, məhkəmə qərarlarının icrası və digər sosial-iqtisadi tədbirlərin maliyyə təminatı ilə bağlı xərclər üçün də 15 milyon manat vəsaitin ayrılması planlaşdırılır.
Nazir çıxışında 2019-cu ildə büdcədən vəsait ayrılması nəzərdə tutulan digər sahələri də diqqətə çatdırdı, bildirdi ki, əksər sahələrə ayrılan vəsaitlərdə artımlar mövcuddur.
Çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov diqqətə çatdırdı ki, 2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22,9 milyard, xərcləri isə 24,7 milyon manat məbləğində proqnozlaşdırılır.
Gələn il cari illə müqayisədə vergi gəlirlərinin azaldılması, qeyri-vergi gəlirlərinin artımının proqnozlaşdırılması ilə xarakterizə olunur.
Hesablama Palatasının kollegiyası 2019-cu ilin dövlət büdcəsinin layihəsi ilə bağlı öz müsbət rəyini vermiş və qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirə olunmasını təklif etmişdir.
Sonra iclasda çıxış edən Milli Məclisin komitə sədrləri Arif Rəhimzadə, Ülvi Quliyev, Səməd Seyidov, deputatlardan Fəzail Ağamalı, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Asim Mollzadə, Şahin İsmayılov, Əflatun Amaşov, Kamran Bayramov, Ombudsman Elmira Süleymanova 2019-cu ilin büdcə layihəsi barədə fikirlərini bildirdilər, təkliflərini verdilər.
Maliyyə naziri Samir Şərifov iclasda səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti