SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA
Noyabrın 8-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi. Komitə sədri Əhliman Əmiraslanov gündəlikdəki məsələlər barədə ətraflı məlumat verdi.
Əvvəlcə, “Psixoloji yardım haqqında” qanun layihəsi müzakirə olundu. Bildirildi ki, layihə Milli Məclis rəhbərliyinin tapşırığı və Səhiyyə komitəsinin təşəbbüsü ilə yaradılan işçi qrupu tərəfindən hazırlanıb. Ölkədə psixologiya sahəsinin tanınmış mütəxəssisləri iş prosesində yaxından iştirak ediblər. Dünya ölkələrinin bu sahədə təcrübəsi öyrənilib. Sənədə parlamentin plenar iclasında birinci oxunuşda baxılıb və bir sıra təkliflər verilib. İkinci oxunuşa təqdim olunan qanun layihəsində bu təkliflər nəzərə alınıb.
Diqqətə çatdırıldı ki, sənəd Azərbaycan Respublikasında psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər psixoloji yardım sahəsində Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər hüquqlara malikdirlər. Qanunda psixoloji profilaktika və maarifləndirmə, psixoloji məsləhət, psixoloji dəstək, psixoloji diaqnostika, psixoterapiya, psixoloji reabilitasiya və psixoloji korreksiya, psixoloji ekspertiza, psixoloji treninq psixoloji yardımın növləri olaraq təsbit olunur.
Layihədə bildirilir ki, dövlət vətəndaşların vaxtında, keyfiyyətli psixoloji yardım almaq hüququna təminat verir. Psixoloji yardımın göstərilməsi könüllülük, konfidensiallıq, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquq və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. Şəxsin psixoloji vəziyyəti və ona göstərilən psixoloji yardım haqqında məlumatlardan sərbəst istifadə hüququ onun özünə və qanunla nəzərdə tutulmuş hallarda buna icazə verilən şəxslərə məxsusdur.
Komitə üzvləri Rəşad Mahmudov, Musa Quliyev, Kamilə Əliyeva, Məlahət İbrahimqızı, İlham Məmmədov, Rafiq Məmmədhəsənov, Sədaqət Vəliyeva “Psixoloji yardım haqqında” qanun layihəsi barədə öz fikirlərini səsləndirdilər və parlamentin plenar iclasına tövsiyə etdilər.
Sonra Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” qanunda aparılan düzəlişlər barədə danışdı. O, söylədi ki, qanunun 3.0.4-cü maddəsində “keyfiyyətinə” sözündən sonra “effektivliyinə” sözü əlavə edilir. 3.0.5-ci maddəsində “səmərəli” sözü “effektiv” sözü ilə əvəz edilir. 14-1.2-ci maddənin ikinci cümləsinə “tərkibli” sözündən sonra “və eyni dozalı” sözləri əlavə olunur.
İclasda İnzibati Xətalar Məcəlləsinə olunan dəyişikliklərə də baxıldı. Bildirildi ki, Məcəllənin dərman vasitələri haqqında qanunvericiliyin pozulması ilə bağlı 221-ci maddəsinə bir sıra əlavələr nəzərdə tutulub. Əlavələrə əsasən, dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qeyd olunan xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədildikdə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Məcəllənin 452-ci maddəsinə təklif olunan əlavələrdə isə göstərilir ki, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Bu xəta təkrar törədildikdə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
Hər iki qanun layihəsinin Milli Məclisin plenar sessiyasında birinci oxunuşda baxılması tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti