ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ
Noyabrın 8-də Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Hadi Rəcəbli gündəliyə 2019-cu ilin büdcə zərfinə daxil edilən “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında”, “2019-cu il üçün yaşayış minimumu haqqında” və “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinin daxil edildiyini bildirdi.
Gündəliyə daxil edilən məsələlərlə əlaqədar çıxış edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirdi ki, 2019-cu ilin dövlət büdcəsinin tərtibi zamanı əsas parametrlər nəzərə alınıb. Burada ilk növbədə ötən dövrdə iqtisadiyyatda baş verən dəyişikliklər, iqtisadi inkişaf meylləri, gələn ilin proqnozları, Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti, demoqrafik məşğulluq göstəriciləri, eyni zamanda, pensiya, sığorta sistemində baş verən dəyişikliklər nəzərə alınmışdır.
Nazir müavini qeyd etdi ki, cari ilin 10 ayında muzdlu işləyənlərin sayı 1 milyon 540 min nəfər olub, 3,3 milyon nəfər isə sərbəst məşğul olanlardır. Bu dövrdə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəliri 3 milyard 187 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artım deməkdir.
Azərbaycanda demoqrafik göstəricilərin müsbət olduğunu söyləyən nazir müavini söylədi ki, ölkəmizdə əhali cavandır. Belə ki, 15-64 yaş arasında olan əhali 71 faiz təşkil edir. 65 yaşdan yuxarı olan əhali isə növbəti ildə 6,3 faiz təşkil edəcək. Bu, çox müsbət göstəricidir. Ölkədə əmək qabiliyyətli insanların çox olması pensiya sisteminin maliyyə dayanıqlığını daha möhkəm edir. Çünki ödənilən sosial sığorta haqları bu insanlardan asılıdır. Növbəti ildə məşğul əhalinin sayının 5 milyona çatacağı gözlənilir. O, gələn il əhalinin gəlirlərinin 9 faiz artaraq 54,4 milyard manata çatacağını dedi. Növbəti ildə orta aylıq əməkhaqqı 642 manat həcmində olacaq. 2019-cu ildə inflyasiya 3,8 faiz səviyyəsində nəzərdə tutulur.
Nazir müavini onu da vurğuladı ki, gələn il pensiyaçıların orta illik sayı 1 milyon 294 min təşkil edəcək. Bunun 58,3 faizi yaşa görə, 30,8 faizi əlilliyə görə, 10,9 faizi isə ailə başçısını itirməyə görə pensiya alanlardır. 2019-cu ildə pensiyaların orta məbləği 240 manatın üzərində olacaq, bu da 6,3 faiz artım deməkdir. Yaşa görə pensiyalar isə 273 manat səviyyəsində müəyyən olunur. Növbəti ildə DSMF-nin gəlir və xərcləri 3 milyard 928,1 milyon manat nəzərdə tutulur.
O, 2019-cu ilin xərclərinin cari ilin gözlənilən göstəricisi ilə müqayisədə 190 milyon manat çox olduğunu dedi. Qeyd olundu ki, büdcənin xərclərinin əsas hissəsi əhaliyə ödənişlər, pensiya üzrə xərclərdir. DSMF-nin büdcəsinin xərclərinin 95,3 faizi pensiya ödənişləri, 2,3 faizi məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinət, 2,4 faizi isə digər xərclər üçün nəzərdə tutulub. İclasda həmçinin əlillərin maddi vəziyyətinin daim diqqət mərkəzində olduğu vurğulandı. Növbəti ildə əlillərə verilən sosial müavinətin artırılması ilə bağlı ciddi tədbirlərin həyata keçiriləcəyi bildirildi.
İclasda iştirak edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirdi ki, Azərbaycanda ilkin hesablamalara görə cari ildə 175 manat həddi ilə təsdiq olunmuş yaşayış minimumu növbəti ildə 180 manat məbləğində nəzərdə tutulur. Növbəti ilə ünvanlı sosial yardımların müəyyən edilməsi ilə əlaqədar olaraq ehtiyac meyarının artırılması nəzərdə tutulur. Gələn il üçün ehtiyac meyarının 143 manat müəyyən edilməsi təklif olunur.
Müzakirələr zamanı Maliyyə Nazirliyinin nümayəndəsi Xaqani Rzayev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, deputatlardan Yaqub Mahmudov, Səttar Mehbalıyev, Elmira Axundova, Musa Quliyev, Aytən Mustafayeva, İlham Məmmədov və digərləri də qanun layihələri ilə bağlı fikir və təkliflərini səsləndirdilər. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev səslənən təkliflərə münasibət bildirdi.
Ətraflı müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti