MİLLİ MƏCLİSDƏ BÜDCƏ MÜZAKİRƏLƏRİ DAVAM EDİR

Tədbirlər
14 noyabr 2018 | 07:11   
Paylaşın:        

Noyabrın 14-də Milli Məclisin Spikeri Oqtay Əsədovun sədrliyi ilə  parlament 2019-cu ilin büdcə zərfinə daxil olan bir sıra sənədlərə münasibət bildirdi. Öncə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirildi. Gündəlikdəki məsələ ətrafında çıxış edən deputatlar Rəşad Mahmudov, Jalə Əliyeva, Sona Əliyeva, Elçin Quliyev, Rafael Hüseynov, Sahib Alıyev, Arif Rəhimzadə, Məlahət İbrahimqızı, Yaqub Mahmudov, Ağalar Vəliyev, Fazil Mustafa, Bəxtiyar Əliyev 2019-cu ilin büdcə layihəsini yüksək dəyərləndirdilər. Gələn ilin büdcə zərfinə daxil olan sənədləri yüksək səviyyədə hazırlamağa nail olmuş hökumət qurumlarına təşəkkürlərini bildirdilər.
Qeyd olundu ki, layihə peşəkarlıqla hazırlanıb. Ölkəmizin  iqtisadi uğurları və perspektiv imkanları nəzərə alınıb. 2019-cu ilin büdcə proqnozları dayanıqlı inkişafa əsaslanıb. Büdcədə sosial yönümlülük saxlanılıb.
Plenar iclasda Azərbaycanın 2019-cu il dövlət büdcəsində gəlirlərin 22 milyard 917,5 milyon manat, xərclərin 24 milyard 780,1 milyon manat proqnozlaşdırılması, həmçinin neftin bir barelinin 60 ABŞ dolları səviyyəsində müəyyənləşdirilməsi müsbət dəyərləndirildi. Vurğulandı ki, 2000-ci illə müqayisədə büdcəmiz təxminən 25 dəfə artıb. Bu, Azərbaycan Prezidentinin çevik və uzaqgörən siyasəti sayəsində nail olunmuş inkişafın göstəricisidir. Bildirildi ki, son illər ölkəmizdə irimiqyaslı işlər görülüb. Aparılan islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığın və biznesin inkişafına göstərilən diqqət, kölgə iqtisadiyyatının məhdudlaşdırılması, bölgələrin sosial-iqtisadi tərəqqisinə xidmət edən dövlət proqramlarının həyata keçirilməsi, kənd təsərrüfatına yatırımların artırılması, ölkədə yol-nəqliyyat infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi, o cümlədən keçən il istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər amillər Azərbaycanın iqtisadi qüdrətini artırıb, beynəlxalq aləmdə müsbət imicini daha da möhkəmləndirib.
Müzakirə zamanı deputatlar təmsil etdikləri bölgələrdəki çatışmazlıqları da hökumət üzvlərinin diqqətinə çatdırdılar. Bir sıra kəndlərdə yolların abadlaşdırılması, içməli su və suvarma suyu ilə təminat, qazlaşdırmanın tam başa çatması, yeni məktəblərin tikintisi vacibliyi önə çəkildi. Qaçqın və məcburi köçkünlərin, Qarabağ əlillərinin, şəhid ailələrinin mənzil və məşğulluq problemlərinin həlli zəruri sayıldı. Mədəniyyətin inkişafı, o cümlədən yüksək səviyyəli kino çəkilişi üçün büdcədən yetərincə vəsaitin ayrılması, QHT-lərin fəaliyyətinə maliyyə dəstəyinin artırılması, Bakı metropolitenində havalandırma sisteminin yaxşılaşdırılması, elmi fəaliyyətlə məşğul olanların maaşlarının artırılması, gənclərin mənzil təminatı və s. kimi mühüm məsələlərə toxunuldu.
Müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olundu.
Sonra iclasda Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli 2019-cu ilin büdcə zərfinə daxil olan “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihələrini təqdim etdi.
Ümummilli lider Heydər Əliyev dühasının müəllifi olduğu Azərbaycan Konstitusiyası sayəsində ölkəmizdə dirçəliş baş verdiyini, əsaslı islahatlar aparıldığını, əhalinin güzəranında köklü dəyişikliklərə nail olunduğunu, beynəlxalq aləmə inteqrasiya etdiyimizi vurğulayan komitə sədri bildirdi ki, son 15 ildə Prezident İlham Əliyev sosial təminat sahəsində dünyaya nümunə olacaq islahatlar həyata keçirib. Azərbaycanda sosial sabitlik yaranıb, əhalinin rifahı günü-gündən yaxşılaşır. Ötən müddətdə büdcəmizdə sosial sahəyə ayrılan vəsaitin həcmi ildən-ilə artıb, əhatə dairəsi genişlənib. 2019-cu il dövlət büdcəsinin əsas məramı əhalinin güzəranının daha da yaxşılaşdırılmasıdır. Sosial müdafiə sistemində yeni institut formalaşır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apardığı ardıcıl  islahatların ən ciddisi şəffaflıq nümunəsi olan DOST sisteminin – Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin yaranmasıdır.
Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında danışan Hadi Rəcəbli sənəddəki müsbət tendensiyalarla yanaşı əlillərin pensiya təminatı ilə bağlı bəzi qeydlərini, həmçinin gələn ilin büdcəsində doğuma görə birdəfəlik müavinətin artırılması vacibliyini konkret faktlara istinadən   hökumət üzvlərinin diqqətinə çatdırdı.
Milli Məclisdə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirdi ki, Azərbaycanda sosial sahəyə diqqət dövlət siyasətinin prioritet istiqamətidir. Dövlət başçısının tapşırıqlarına əsasən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əmək resurslarından səmərəli istifadə olunması, məşğulluq səviyyəsinin mütəmadi artırılması, aztəminatlı və həssas qruplar üçün tam dövlət dəstəyi ilə kiçik ailə təsərrüfatlarının yaradılması və biznesə çıxış imkanlarının genişləndirilməsi, onların ünvanlı sosial yardım proqramlarından asılılığının azaldılması  və digər tədbirlər geniş vüsət alıb.
Hazırda pensiya, müavinət, sosial yardım formasında ödənişlərlə təmin olunan 2,1 milyona yaxın insanı və yaxud ölkə əhalisinin 21 faizini əhatə edən sosial təminat sisteminin gücləndirilməsi, vətəndaş məmnunluğuna şərait yaradan sosial təminat sisteminin qurulması islahatlar paketinin əsas hədəfini təşkil edir.
Deputatların diqqətinə çatdırıldı ki, hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 309 min nəfər əmək pensiyası, 509 min nəfər müxtəlif müavinətlər, 64 min nəfər Azərbaycan Prezidentinin təqaüdlərini, 50,2 min ailənin 200 min 200 üzvü isə ünvanlı sosial yardım alır. Onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 340 milyon manatdan çox vəsait ödənilir.
Nazir qeyd etdi ki, Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcə layihəsinin tərtibatı çoxfaktorlu proqnozlaşdırma modelinə söykənir. Bu məqsədlə  cari ildə ölkə iqtisadiyyatının inkişaf meylləri, növbəti illərdə sosial-iqtisadi inkişafın əsas proqnozları, 2017-2018-ci illərdə Dövlət Sosial Müdafiə Fondu büdcəsinin icrasının nəticələri, eləcə də 2018-ci ildə əhalinin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik inkişaf tendensiyaları, pensiya təminatı sahəsində aparılan kompleks tədbirlərin təsirləri nəzərə alınmaqla sığorta-pensiya sisteminin parametrlərinin dəyişməsi əsas götürülüb.
Bildirildi ki, aparılan hesablamalara görə, 2019-cu ildə demoqrafik inkişaf meylləri, əhalinin məşğulluğu və sosial vəziyyətinin göstəriciləri, eləcə də pensiya qanunvericiliyində son dəyişikliklər nəzərə alınmaqla sığorta pensiya sisteminin əsas parametrləri aşağıdakı kimi gözlənilir:
Doğulanların sayı 150 min nəfər olacaq, doğulanda gözlənilən ömrün uzunluğu 75,7 yaş (qadınlar üçün 78, kişilər üçün 73,5 yaş) təşkil edəcək. 15-64 yaş arası, yəni əmək qabiliyyətli yaşda olanlar ümumi əhalinin 71 faizini, 65 yaşdan yuxarı olanlar isə bütün əhalinin 6,4 faizini təşkil edəcək. İqtisadiyyatla məşğul olanların orta illik sayı 4 milyon 994 min nəfər olacaq. Proqnozlara görə, muzdlu işçilərin orta illik sayı isə 1 milyon 548 min nəfər olacaq. 2019-cu ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən çıxacaq pensiyaçıların sayı üzrə proqnozlar əmək pensiyaçılarının orta illik sayının 1 milyon 294 min nəfər olacağını göstərir.
Sahil Babayev qeyd etdi ki, gələn il üçün DSMF-nın xərcləri 3 milyard 928,1 milyon manat nəzərdə tutulur. Bu da cari ilin proqnoz  göstəricisindən 349 milyon manat və ya 9,8 faiz çoxdur. Növbəti ildə əhaliyə ödənişlər fondun xərclərinin 97,6 faizi səviyyəsində və ya 3 milyard 835 milyon manat proqnozlaşdırılır.
2019-cu ildə əmək pensiyaları 6,3 faiz artaraq orta hesabla 241 manat təşkil edəcək. Yaşa görə əmək pensiyaları isə daha da artacaq və orta göstərici 272 manata çatacaq. 
Əmək və əhalinin sosial müdafiəsi naziri Milli Məclisə sosial təminat sistemində elektron xidmətlərin artması istiqamətində görülən işlər barədə də ətraflı məlumat verdi.
Sonra plenar iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış etdi. Bildirdi ki, “Sosial təminatı və  müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinin strukturu və ümumi göstəriciləri qanunvericiliyin tələblərinə uyğun hazırlanıb, lakin bu qanun layihəsini  əsaslandıran və dəstəkləyici sənədlər büdcə zərfinə tam şəkildə əlavə edilməyib. 
 Eyni zamanda, Hesablama Palatası Fondun büdcəsinin tərtibinə dair yanaşmanın müasir çağırışlara uyğun təkmilləşdirilməsini təklif edir. Belə ki, qanun layihəsinin hazırlanmasında DSMF-nın gəlirləri iki yerə bölünür: büdcə və qeyri-büdcə. Hesab edirik ki, gəlirlərin strukturunda dəyişiklik vacibdir. Burada həm büdcə, həm dövlət müəssisələri, həm publik hüquqi şəxslər, həm bələdiyyə və s. kimi göstərilməklə ödəyicilər haqqında daha dolgun təssəvvür yaratmaq olar. Bu, həm şəffaflığı artırar, həm də daxilolmanın mənbələrini konkretləşdirər.
Palata sədri qeyd etdi ki, Fondun növbəti ildə gəlirlərinin 61,6 faizini təşkil edəcək məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,4 milyard manat olmaqla, cari ilin göstəricisindən 6,4 faiz çox nəzərdə tutulub. Büdcə zərfindəki proqnozlara görə, 2019-cu ildə məşğul əhalinin sayı 1,8 faiz, orta aylıq əməkhaqqı isə 14,9 faiz artacaq. Beləliklə, məcburi dövlət sosial sığorta haqlarının artım tempi ilə orta aylıq əməkhaqqının artım tempi arasında qanun layihəsində göstərilən 8,5 faiz az proqnozlaşdırma ehtimalı var ki, bu da növbəti ildə yığımların Vergilər Nazirliyi tərəfindən aparılması və inzibatçılığın gücləndirilməsi halında nisbətən az proqnozlaşdırma hesab edilmir.
Hesablama Palatası məlumat bazasının təhlili ilə əmək pensiyalarının və bəzi müavinətlərin ödənilməsində cari ildəki və növbəti ildə yarana biləcək riskləri də müəyyən edib. Qanunvericiliklə müəyyən edilmiş indeksləşmə səviyyəsi, həminin cari ilin tendensiyaları 2019-cu il üçün əmək pensiyalarının ödənilməsi ilə bağlı əlavə vəsaitin nəzərdə tutulmasına ehtiyac olduğunu göstərir.
 Eyni yanaşma məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağı müavinətlərə də şamil olunmalıdır. Belə ki, növbəti ildə bu istiqamətdə nəzərdə tutulmuş artım həmin müavinətin ödənilməsi üçün əsas olan əməkhaqqının artım tempi göstəricisindən nəzərəçarpacaq dərəcədə geri qalır. 
Hesablama Palatası sığortaolunanların əməkhaqqının səviyyəsinin, iş stajlarının və sağlamlıq səviyyələrinin, ölkədə doğum və vəfatetmə səviyyələrinin müavinətlərin ödənilməsi xərclərinin səviyyəsinə əhəmiyyətli təsir etdiyini nəzərə almaqla həmin amillərin nəzərə alınmamasını bir risk olaraq qiymətləndiribdir. 
Ümumilikdə Hesablama Palatasının Kollegiyası “Sosial təminatı və  müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinə müsbət rəy veribdir.
Müzakirələrdə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, deputatlar Aydın Hüseynov, Fazil Mustafa, Siyavuş Novruzov, Elmira Axundova, Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Azər Badamov, Fəzail Ağamalı, Fərəc Quliyev, Əli Məsimli, Sahib Alıyev, Elman Məmmədov, Qənirə Paşayeva, Zahid Oruc, Elşən Musayev, Musa Qasımlı, Sədaqət Vəliyeva rəy və təkliflərini bildirdilər.
Sonra parlamentdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihələri ayrı-ayrılıqda səsə qoyuldu və hər iki sənəd birinci oxunuşda qəbul edildi.
Plenar iclasda büdcə zərfinə daxil olan “2019-cu il üçün yaşayış minimumu haqqında” qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsini Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təqdim etdi. Bildirildi ki, 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilib. Azərbaycanda 2019-cu ildə ehtiyac meyarının həddi isə 143 manat məbləğində müəyyən edilib.
Fikir mübadiləsi aparıldı. Bu qanun layihələri də ayrı-ayrılıqda səsə qoyuldu və hər iki sənəd birinci oxunuşda qəbul edildi.
İclası yekunlaşdıran Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, sabah plenar iclasda büdcə zərfinə daxil olan digər məsələlər müzakirə olunacaq.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU