MİLLİ MƏSLİSDƏ DÖVLƏT BÜDCƏSİ ZƏRFİNƏ DAXİL OLAN SƏNƏDLƏRİN MÜZAKİRƏSİ BAŞA ÇATDI

Tədbirlər
15 noyabr 2018 | 04:11   
Paylaşın:        

Noyabrın 15-də Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2019-cu il üçün dövlət büdcəsi zərfinə daxil olan sənədlərin  müzakirəsi davam etdirildi.
Milli Məclisin Sədri Oqtay Əsədov iclasa Milli Məclisin və Hesablama  Palatasının 2019-cu il üçün  xərclər  smetaları  haqqında  məsələlərin  müzakirəsi  ilə  başlanılmasını  təklif  etdi.
Əvvəlcə Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev  parlamentin  gələn ilki  xərclər  smetası barədə məlumatı  diqqətə  çatdırdı. Bildirildi ki, gələn ilin dövlət büdcəsində Milli Məclisin və onun Aparatının xərclər smetası 27 milyon 69 min 600 manat məbləğində müəyyənləşdirilib. O, qeyd etdi ki, bu məbləğ 2018-ci illə müqayisədə 2 milyon 837 min 545 manat artıqdır. Xərclər smetasının ümumi dəyərinin 68,5 faizə qədərini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir.
Millət  vəkilləri  Tahir  Kərimli,  Vahid Əhmədov, Naqif Həmzəyev,  Qüdrət  Həsənquliyev,  Zahid Oruc,  Fəzail Ağamalı,  Fazil Mustafa,   Siyavuş Novruzov,  Aytən Mustafazadə, Qənirə  Paşayeva  Milli Məclisin və onun Aparatının gələn ilki xərclər  smetası ilə bağlı  fikirlərini  bildirdilər,  təkliflərini  səsləndirdilər.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov  Palatanın 2019-cu il üçün xərclər smetası barədə məlumat verdi. Bildirildi ki, dövlət büdcəsindən Palatanın gələn ilki xərclər smetası üçün, ümumilikdə 4 mln. 368 min 941 manat vəsait nəzərdə tutulur ki, bu 2018-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 6,5 faiz çoxdur. Palata üzrə xərclər smetasının ümumi məbləğinin 84,3 faizi əməyin ödənilməsini təşkil edir. Qeyd  olundu ki, Hesablama Palatasının təqdim etdiyi xərclər smetası onun fəaliyyətini səmərəli təşkil etməyə və nəzarət tədbirlərinin keyfiyyətini yüksəltməyə imkan verəcək.
Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, bununla da büdcə  sənədləri üzrə müzakirələr başa çatır. “Azərbaycan Respublikasının 2019-cu il üçün dövlət büdcəsi” layihəsi və büdcə zərfinə daxil olan  digər sənədlər noyabrın 23-də keçiriləcək iclasda ikinci, noyabrın 30-da keçiriləcək iclasda isə üçüncü  oxunuşda səsverməyə çıxarılacaq.
Sonra  Milli Məclisin  Hüquq  siyasəti  və  dövlət  quruculuğu  komitəsinin sədri  Əli  Hüseynli gündəliyə  daxil edilən digər 3 məsələni - “Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında”, “Milli Məclis  deputatının statusu  haqqında  və “Milli Məclis  deputatının etik davranış  qaydaları  haqqında”  qanunlara  dəyişikliklər  edilməsi  barədə  sənədləri birlikdə ikinci oxunuşda təqdim etdi.
Qeyd  edildi ki, sənədlərə dəyişikliklərin edilməsinin məqsədi 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tətbiqi ilə əlaqədardır.
Əli  Hüseynli  dəyişiklikləri  ətraflı şərh  edərkən bildirdi ki, Milli Məclisin İntizam Komissiyasının tərkibi ilə bağlı deputatların komitə  iclasları zamanı irəli  sürdükləri təkliflərə baxılıb. Komissiyanın tərkibinin 9 nəfərdən  11 nəfərə çatdırılması qərara alınıb. İclasın baş tutması üçün 7 nəfərin iştirakı məqbul hesab edilib.
Komitə  sədri “Milli Məclis  deputatının statusu” haqqında  qanuna  təklif  edilən dəyişikliklərin “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanunda təsbit  edilən deputatların hədiyyə alma və maraqlar toqquşması kimi etik qaydaların təkmilləşdirilməsi və deputatlar tərəfindən bu qaydalara əməl olunmasına nəzarətin gücləndirilməsi məqsədi ilə hazırlandığını  dedi.
Müzakirə edilən məsələlərlə əlaqədar  deputatlardan Qüdrət  Həsənquliyev, Çingiz  Qənizadə,  Fərəc Quliyev, İlham Əliyev, Əflatun Amaşov,  Fazil Mustafa,  Siyavuş Novruzov,  Tahir Rzayev fikirlərini  bildirdilər.  Məsələlər  ayrı-ayrılıqda  səsə  qoyularaq  ikinci  oxunuşda  qəbul  edildi.
Sonra Əli  Hüseynli  “Notariat  haqqında” qanuna edilən  dəyişikliklər  barədə  məlumatında  bildirdi  ki,  ədliyyə orqanlarında  son illər  həyata keçirilən islahatlar  notariat  hərəkətlərinin aparılması ilə bağlı milli və beynəlxalq təcrübə nəzərə alınmaqla qanunvericiliyin təkmilləşdirilməsini  də tələb  edir. Bildirildi  ki, qanun layihəsinə görə notariusun işəgötürülərkən iş stajı hüquqşünas ixtisası üzrə 3 ildən az olmamalıdır.
Layihədə notariusun şəhadətnaməsinin məhkəmə və ya digər müvafiq icra hakimiyyəti orqanı tərəfindən deyil, yalnız Ədliyyə Nazirliyi tərəfindən ləğv edilməsi təklif edilir. Bu da məhkəmə prosesinin uzun vaxt ala biləcəyini nəzərə alaraq, ləğv etməyə əsas olan halların vaxtında və operativ araşdırılaraq qərar verilməsi məqsədi daşıyır. Bu zaman maraqlı şəxslərin inzibati aktdan mövcud qanunvericiliyə əsasən şikayət vermək hüququ saxlanılır.
Sənədə xüsusi notariusun vəzifədən kənarlaşdırılması ilə bağlı yeni maddə də təklif olunur. Layihəyə əsasən notariuslar “Elektron notariat” informasiya sistemindən istifadə edirlər, bunun üçün də hər bir notariusun elektron imzası olmalıdır. Qanun layihəsinə həmçinin,  xüsusi notariusun intizam məsuliyyətinə cəlb edilməsi qaydası və tətbiq edilən intizam tənbehlərini tənzimləyən yeni normanın əlavə edilməsi maddəsi  də daxil  edilir. Notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə, notariusların məcburi üzvlüyünə əsaslanan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən və qeyri-kommersiya hüquqi şəxs olan Notariat Palatasının yaradılması təklif olunur.
Qanun layihəsi səsə qoyularaq təsdiq edildi.
Bununla da Milli Məclisin bugünkü iclası öz işini başa çatdırdı.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU