ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
16 noyabr 2018 | 04:11   
Paylaşın:        

Noyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə daxil olan “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara təklif edilən dəyişikliklər ölkə əhalisinin rifah halının yaxşılaşdırılması istiqamətində ciddi nəticələrə zəmin yaradacaq. Qeyd etdi ki, bu qanunlara edilən dəyişikliklər gələn ildən Vergi Məcəlləsində ediləcək dəyişikliklərlə sıx bağlıdır. 
Komitədə öncə vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov ölkədə 2019-cu ildə aparılacaq vergi siyasəti və Vergi Məcəlləsində hazırlanan dəyişikliklər barədə ətraflı məlumat verdi. Qeyri-leqal məşğulluğun aradan qaldırılacağı, kölgə iqtisadiyyatında muzdla işləyənlərin uçota alınacağı, özəl sektorda çalışanların əməkhaqqından vergi tutulacağı, sadələşdirilmiş vergi ödəyicilərinin dairəsinin məhdudlaşdırılacağı, vergi yükünün azaldılacağı,  inzibatçılığın təkmilləşdiriləcəyi bildirildi.
Sonra iclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev gündəlikdəki qanun layihələrini təqdim etdi. Sosial sığorta, işsizlikdən sığorta və əmək pensiyaları haqqında qanunlarda dəyişiklikləri şərh etməklə yanaşı çıxışçı təmsil etdiyi nazirliyin bu sahələrdə apardığı islahatlardan söz açdı, əmək pensiyalarının elektronlaşması və hesablanmasının avtomatlaşdırılması üçün həyata keçirilən tədbirlərdən danışdı, yeni yaradılan DOST sisteminin 124 növ xidmət göstərəcəyini nəzərə çatdırdı.
Müzakirələrdə çıxış edən komitə sədrinin müavini Rauf Əliyev, deputatlar Elmira Axundova, İlham Məmmədov, Aytən Mustafayeva, Yaqub Mahmudov, Musa Quliyev, Jalə Əliyeva, Rafiq Məmmədhəsənov rəy və təkliflərini bildirdilər, seçicilərin qarşılaşdıqları bir sıra problemlərdən söz açdılar.
Fikir mübadiləsində vurğulandı ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün minimum əməkhaqqının artırılması məqsədəmüvafiq olardı. 2019-cu ildən işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarətin yalnız Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcəyi isə müsbət hal kimi dəyərləndirildi.
İclasda iştirak edən müvafiq qurumların nümayəndələri suallara cavab verdilər, deputatları narahat edən məsələlərə aydınlıq gətirdilər.
Yekunda müzakirə olunan hər üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU