MİLLİ MƏCLİSİN HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ İCTİMAİ MÜZAKİRƏ KEÇİRİLDİ

Komitə iclasları
20 noyabr 2018 | 05:11   
Paylaşın:        
Noyabrın 20-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində  hazırlanması nəzərdə tutulan “Kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsinə dair ictimai müzakirə keçirildi.
Tədbiri açan komitənin sədri Əli Hüseynli belə müzakirələrin keçirilməsinin təqdirəlayiq hal olduğunu diqqətə çatdırdı və bu şəraitin yaradılmasına görə Milli Məclisin rəhbərliyinə təşəkkürünü bildirdi.
Çıxış edən Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov diqqətə çatdırdı ki, ölkənin iqtisadiyyatının inkişafının birinci göstəricisi kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında tutduğu yerdən asılıdır. ABŞ, Yaponiya, Avropanın inkişaf etmiş ölkələrində, Rusiyada kiçik və orta sahibkarlıq subyektləri iqtisadiyyatın əhəmiyyətli hissəsini təşkil edir.  Ona görə də bu tədbir çox önəmlidir. Çünki ölkə iqtisadiyyatının inkişafına yeni mərhələdə təkan verə biləcək bir qanun layihəsinin hazırlanması ilə əlaqədar ictimai müzakirəyə toplaşmışıq. Əminəm ki, burada çox əhəmiyyətli təkliflər səslənəcəkdir.
Sonra çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, sahibkarlıq Azərbaycan iqtisadiyyatının strateji resursudur. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni iqtisadi sistem formalaşdırmışdır və bu sistemin də aparıcı qüvvəsi kiçik və orta sahibkarlıqdır. Bu gün Azərbaycanın özəl sektorunun payına Ümumi Daxili Məhsulun 80 faizi düşür. Lakin bu gün iqtisadiyyatımızın imkanlarından daha səmərəli istifadə etmək üçün yeni qanun layihəsinə ehtiyac var. İnanıram ki, bu qanun layihəsi kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatındakı rolunu artıracaqdır.
Tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Şirzad Abdullayev kiçik və orta sahibkarlığın inkişafı üçün ölkəmizdə həyata keçirilən işlərdən danışdı. Bildirdi ki, bu tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı əvvəlki illərdən fərqli olaraq daha yüksək pillədə qərar tutmuşdur.
Sonra çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirdi ki, kiçik və orta sahibkarlığın dayanıqlı inkişafı ölkəmizdə iqtisadi siyasətin tərkib elementi kimi hər zaman prioritet təşkil etməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılmasına, eləcə də kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artırılmasına xidmət edəcək. Təbii ki, əsas məqsədimiz sahibkar məmnunluğuna nail olmaq və fəaliyyətimizi şəffaflıq və operativlik prinsiplərinə uyğun həyata keçirməkdir.
Orxan Məmmədov bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin sahibkarlığın inkişafı istiqamətində müəyyən etdiyi strateji xəttin əsas elementləri qanun layihəsində öz əksini tapacaqdır. Belə ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılması, dövlət adından onlara göstərilən xidmətlərin vahid elektron informasiya sistemləri vasitəsilə göstərilməsi, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakı üçün əlverişli şəraitin yaradılması, sahibkarlığa dəstək infrastrukturunun formalaşdırılması, biznes subyektlərinə dövlət xidmətlərinin vahid məkanda təşkil edilməsi qanunla nəzərdə tutulan yeni mexanizmlərdəndir.   
Çıxış edən Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, bu tədbirdə qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə yanaşı, beynəlxalq təşkilatların nümayəndələri də iştirak edir. Bu da onu göstərir ki, Azərbaycan belə qanun layihələrinin hazırlanmasında beynəlxalq təşkilatların rəylərinə böyük önəm verir.
Sonra çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin departament müdiri Fuad Məmmədov  bildirdi ki, qanun layihəsinin hazırlanması ilə bağlı beynəlxalq təcrübə öyrənilmiş və qanunun ilkin layihəsinə dair təkliflər hazırlanmışdır. Qanun layihəsinin 5 fəsil, 21 maddədən ibarət olması təklif olunur və burada kiçik və orta sahibkarlığın inkişafının əsas istiqamətləri öz əksini tapacaqdır.
İctimai müzakirələrdə çıxış edən millət vəkilləri Vahid Əhmədov, Tahir Mirkişili, Çingiz Qənizadə, Elşən Musayev, Asiya İnkişaf Bankının nümayəndəsi Nəriman Mannapbekov və qeyri-hökumət təşkilatlarının nümayəndələri hazırlanacaq layihə barədə fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər.
İctimai müzakirələrə yekun vuran Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov tədbiri yüksək qiymətləndirdi. Bildirdi ki, müzakirələr bundan sonra da davam edəcək, təklif, fikir və iradlar nəzərə alınacaq.
Bununla da  hazırlanması nəzərdə tutulan “Kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsinə dair ictimai müzakirə başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti     


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU