İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ

Komitə iclasları
20 noyabr 2018 | 05:11   
Paylaşın:        

Noyabrın 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi.
Komitə sədri Ziyad Səmədzadə iclasın gündəliyi barədə məlumat verdikdən sonra Vergi Məcəlləsinə ediləcək dəyişiklikləri şərh etdi. O, bildirdi ki, burada əsas amil ölkə iqtisadiyyatında şəffaflığın gücləndirilməsi, korrupsiyaya qarşı mübarizənin genişləndirilməsidir.  Bu  dəyişikliklər  dövlət büdcəsinin stabil  artımını təmin edəcək.
İclasda iştirak edən vergilər naziri Mikayıl Cabbarov Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqaməti və mahiyyəti barədə ətraflı danışdı. Qeyd edildi ki, dəyişikliklər beş əsas istiqaməti əhatə edir. Yeniliklər  əsasən sahibkarlığın inkişafının dəstəklənməsini, “kölgə” iqtisadiyyatının azaldılmasını, olkədə iqtisadiyyatın şəffaflaşdırılmasını, vergitutma bazasının genişləndirilməsini, vergi güzəştlərinin tətbiqi ilə iqtisadi sənayenin yüksəldilməsini və vergi inzibatçılığının təkmilləşdirilməsini özündə  ehtiva  edir. Nazir  görülən işlərin əhalinin sosial müdafiəsinə, pensiya təminatının və pensiya sisteminin maliyyə dayanıqlığının gücləndirilməsinə yönəldiyini  diqqətə çatdırdı. Bildirildi ki, Məcəllədə edilən dəyişikliklər əhalinin kreditə çıxış imkanlarının genişləndirilməsinə də yol  açacaq.
Mikayıl Cabbarov onu da qeyd  etdi ki, ölkədə dövlət orqanları ilə vergi ödəyiciləri arasında ünsiyyətin minimuma endirilməsi planlaşdırılır. Bu, vergi orqanlarının bu sahədə səlahiyyətlərinin və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlıdır. Dövlət orqanları ilə elektron məlumat mübadiləsinin genişləndirilməsi ölkədə iqtisadi səmərənin daha  da  artırılmasında və sui-istifadə hallarının azaldılmasında  faydalı olacaq. Bildirildi ki, ölkədə sərbəst biznes mühitinin təkmilləşdirilməsi hər zaman diqqət mərkəzindədir. Sadələşdirilmiş vergi ödəyicilərinin sayı 2013-cü ildən bu günə qədər 1,5 dəfə artıb və onların vergi ödəyicilərinin aktiv sayında payı 56 faizə yaxındır. Nazir atılacaq addımların fayda verəcəyinə və şəffaflığın artırılması sayəsində vergitutma bazasının genişlənəcəyinə inamını ifadə etdi.  Məcəllədə  edilən dəyişikliklərdə, pərakəndə ticarət və nəğdsiz ödənişlər üzrə post terminallar vasitəsilə müddətli vergi güzəştlərinin verilməsi, lisenziya tələb edən fəaliyyət növü ilə məşğul olan, zərgərlik məhsullarının, topdansatış ticarət fəaliyyəti həyata keçirən digər şəxslərin gəlir və xərclərinin uçotunun aparılması hallarının  da  əksini tapdığı  vurğulandı.
Deputatlardan Vahid Əhmədov, Tahir Mirkişili, Cavid Qurbanov, Əli Məsimli, Xanhüseyn Kazımlı  Vergi  Məcəlləsinə  edilən  dəyişikliklər  barədə fikir və təkliflərini bildirdilər.
Sonra “Büdcə sistemi haqqında”, “Dövlət borcu haqqında”, “Sığorta fəaliyyəti haqqında”  qanun layihələrində  edilən  dəyişikliklər  nəzərdən  keçirildi. Sənədlərlə əlaqədar  məlumat  verən  maliyyə  nazirinin müavini Azər  Bayramov makroiqtisadi birliyin təmin edilməsi istiqamətindəki islahatlardan  danışdı.  Olkəmizdə bu  sahədə  tam sabitliyin  təmin olunduğunu,  müsbət iqtisadi artımın qeydə alındığını dedi.
Hesablama  Palatasının sədri  Vüqar  Gülməmmədov  sənədlərə  edilən  dəyişiklikləri yüksək  qiymətləndirdi. 
Sonra  deputatlar  “Avtomobil nəqliyyatı haqqında” qanunda  edilən  dəyişikliklərə  baxdılar. 
Ətraflı  müzakirələrdən sonra  qanun layihələrinin hər biri baxılmaq  üçün Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU