MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
27 noyabr 2018 | 06:11   
Paylaşın:        
Noyabrın 27-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı. 
Əvvəlcə  “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu müzakirəyə çıxarıldı. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin məlumatından sonra məsələ ikinci səsvermədə təsdiq olundu.   
Sonra  “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsinə başlandı. Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri  Ziyad Səmədzadə məlumat verərək bildirdi ki, hökumət dövlət başçısı İlham Əliyevin göstərişlərini əsas tutaraq 2019-cu il üçün dövlət büdcəsi layihəsini hazırlayarkən qarşıdakı dövrdə davamlı inkişafı təmin etməyi, qeyri-neft sektorunda özünü göstərən müsbət meyllərin daha da güclənməsini, iqtisadi inkişafla sosial inkişaf arasında əlaqənin möhkəmləndirilməsini, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq imkanlarından səmərəli istifadə edilməsini bilavasitə diqqət mərkəzində saxlamışdır. Dövlət büdcəsinin bütün əsas parametrləri kifayət qədər əsaslandırılmış və dövlətin konkret məqsəd və vəzifələrinin həyata keçirilməsini nəzərdə tutur. Büdcə layihəsi hazırlanarkən qlobal risklərdən qorunmağa, kölgə iqtisadiyyatının əsaslı şəkildə azaldılmasına, əmək münasibətlərinin təkmilləşdirilməsinə yönəlmiş tədbirlərə xüsusi yer verilmişdir. 
Komitə sədrinin sözlərinə görə, büdcə müzakirələrindən çıxarılan mühüm nəticələrdən biri də odur ki, dövlətimiz inkişaf etdikcə onun iqtisadi siyasəti, bu siyasətin tərkib hissəsi olan dövlət büdcəsinin hazırlanması, təqdim edilməsi və müzakirə prosesi də təkmilləşir, inkişafın daha sürətli, keyfiyyətli olması, yeni maliyyə mənbələrinin müəyyən edilməsi, məşğulluğun artırılması, sosial göstəricilərin yaxşılaşması üçün hökumət, müvafiq iqtisadi strukturlar daha yüksək fəallıq və peşəkarlıq nümayiş etdirirlər.
Müzakirələr zamanı   deputat Sahibə Qafarova, Mirkazım Kazımov, Cavanşir Paşazadə, Novruzəli Aslanov və Mirzəcan Xəlilov layihə ilə bağlı fikirlərini bildirdilər.
İclasda iştirak edən maliyyə naziri Samir Şərifov birinci oxunuşda müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən təkliflərə münasibət bildirdi. Qeyd etdi ki, Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsinin gəlirlərinin ilkin proqnoza nisbətən 251 milyon manat artırılaraq 23 milyard 168 milyon manata, xərclərinin isə ilkin proqnoza nisbətən 410 milyon manat artırılaraq 25 milyard 190 milyon manata çatdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, büdcə gəlirlərinin və xərclərinin artımı əsasən Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalarda gözlənilən artım hesabına baş tutacaq. 
Qeyd edildi ki, deputatların təklifləri əsasında layihəyə dəyişiklik olunub və onların ümumi maliyyə tutumu 610 milyon manat təşkil edir. Bu məbləğin 200 milyonu qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə, 80 milyonu regionlarda məşğulluq səviyyəsinin artırılmasına, 2,7 milyonu Gənclər Fonduna ayrılır. Həmçinin, 2019-2020-ci illərdə dövlət sifarişi əsasında təhsil alan ali məktəb tələbələrinin sayının artırılması və digər təhsil xərclərinə 11 milyon manat vəsait nəzərdə tutulur.  Eyni zamanda, AMEA-ya əlavə 800 min manat, yeni doğulmuş eşitmə və ürək qüsurlu uşaqların müalicəsinə əlavə 4 milyon manat, Milli Məclisin saxlanma xərclərinə əlavə 10,1 milyon manat, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və kənd təsərrüfatı xərcləri üçün əlavə 40 milyon manat ayrılacaq. Azərbaycan Respublikası Prezidentinin sərəncam və fərmanları ilə yeni yaradılan və strukturunda müvafiq dəyişikliklər edilən bir sıra təşkilatlarda maliyyə təminatının həll edilməsi məsələsi üçün 5.5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Maliyyə nazirinin məlumatı dinlənildikdən sonra “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” layihəsi ikinci oxunuşda təsdiq olundu.
İclasda dövlət büdcəsi zərfinə daxil olan “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri də ikinci oxunuşda müzakirəyə təqdim olundu. Layihələrlə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, həmçinin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev danışdılar. Qanun layihələri ikinci oxunuşda qəbul olundu. 
Daha sonra “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. Qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri  Ziyad Səmədzadə məlumat verdi. Bildirdi ki, təqdim edilmiş dəyişikliklər iqtisadi həyatda gedən prosesləri bütün meyarlar baxımından obyektiv qiymətləndirmək, iqtisadiyyatın dinamik, keyfiyyətli inkişafında səmərəlilik, şəffaflıq, sahibkarlıq kimi vacib amillərin rolunu artırmaq, daha sivil, mütərəqqi əmək münasibətlərini formalaşdırmaq, kölgə iqtisadiyyatının səviyyəsini əhəmiyyətli dərəcədə azaltmaq məqsədi daşıyır. Bu dəyişikliklər istər iqtisadi, istər siyasi, istərsə də mənəviyyat baxımından fundamental əhəmiyyət kəsb edir. Ona görə də bu gün bu dəyişikliklərə cəmiyyətdə böyük maraq var. Dəyişikliklər həm qanun pozuntuları üçün maliyyə sanksiyalarının tətbiqini, həm də qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan kiçik sahibkarlıq subyektlərinin ödədikləri dividendlərin vergidən azad edilməsini, özəl sektorda çalışan işçilərin əmək haqqlarından tutulan gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılmasını, dövlət orqanları ilə aparılan elektron məlumat mübadiləsinin genişləndirilməsini əhatə edir.
Qanun layihəsi barədə vergilər naziri Mikayıl Cabbarov da məlumat verdi. Onun sözlərinə görə, Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklər paketi özündə bir neçə məsələni əhatə edir. Vergi tutma bazasının vergi yükünün artırılması yolu ilə deyil, kölgədə fəaliyyət göstərənlərin vergi tutmaya cəlb edilməsi yolu ilə genişləndirilməsinin həyata keçirilməsi nəzərdə tutulur. Qeyd olundu ki, kölgə iqtisadiyyatında çalışan şəxslər pensiya və sosial sığorta sistemindən kənarda qalırlar. Bu isə gələcəkdə onları layiqincə pensiya almaq hüququndan məhrum edir. Bu baxımdan yeni dəyişikliklər yüz minlərlə insanın pensiya sistemindən yararlanmasına  xidmət edəcək. 
 Müzakirələr zamanı komitə sədri Əli Hüseynli, deputatlardan Fazil Mustafa, Vahid Əhmədov, Əli Məsimli, Elmira Axundova, Çingiz Qənizadə, Zahid Oruc, Musa Quliyev və Hikmət Məmmədov layihə ilə bağlı fikir və təkliflərini bildirdilər. Sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
Günün ikinci yarısında Milli Məclis İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi ilə öz işini davam etdirdi. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, bu sənəd vergi islahatlarının bir elementi kimi qəbul olunmalıdır.
 Təklif olunan dəyişikliyə əsasən, aksiz markası ilə markalanmalı olan malların marka olmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə cəza tədbiri olaraq inzibati cərimə deyil, maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulur. Dəyişiklik səsə qoyularaq qəbul edildi.
İclasda həmçinin “Büdcə sistemi haqqında” və “Dövlət borcu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri də təsdiqləndi. 
“Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi. 
Birinci sənədə edilməsi nəzərdə tutulan dəyişiklik qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində atılan addımlara dəstək məqsədi ilə həyata keçirilir. Dəyişikliyə əsasən həm sahibkarın, həm də işçinin hüquqları daha dolğun tənzimlənəcək. 
Digər sənədə edilən dəyişikliklər isə islahat məzmunlu olaraq 6 maddəni əhatə edir. Belə ki, 2019-cu ildən işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcək. Bu səbəbdən də layihədə sığortaçının, sığortaedənin və sığortaolunanların hüquq və vəzifələrində, uçot qaydalarında dəyişikliklər nəzərdə tutulub.  
Sonuncu qanun layihəsinə edilən dəyişiklik daha çox pensiya yaşına çatan şəxslərə şamil ediləcək güzəştlərlə bağlıdır. 
Dəyişikliklə bağlı məlumat verən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirdi ki, 2019-cu ildə 122 manatdan az pensiya alan 45 min nəfərin pensiyası 35 faiz artacaq. 73 manat sosial müavinət alan şəxslərin aylıq gəliri isə 122 manata yüksələcək. Gələn il həmçinin 38 min şəxsin aylıq gəliri 48 faiz artacaq. Gələn ildən başlayaraq Azərbaycan vətəndaşlarına pensiya təminatı avtomatlaşdırılmış qaydada aparılacaq.
Hər üç qanuna təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul olundu.
Gündəlikdəki digər üç sənəd - Azərbaycan Respublikası 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) komitə sədri Əli Hüseynli məlumat verdi. 
Bildirdi ki, parlamentin daxili nizamnaməsinə edilən dəyişikliyə əsasən Hesablama Palatasının üzvlərinin sayının azaldılması təklif olunur. Nizamnamənin 44-cü (Milli Məclisin Hesablama Palatası) maddəsinə əsasən, Hesablama Palatası sədrdən, sədr müavinindən və 7 auditordan ibarətdir. Dəyişikliklə isə auditorların sayı 7-dən 5-ə endirilir. Bundan sonra Hesablama Palatasının sədri, sədr müavini və auditorları dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat, maliyyə sahələrində 5 il iş təcrübəsinə malik olan ali təhsilli şəxslərdən ibarət olacaq. 
Digər dəyişiklik təklifi isə parlamentin İntizam komissiyasının üzvlərinin sayının artırılması ilə bağlıdır. Bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik edilib. Maddəyə əsasən, indiyədək Milli Məclisin İntizam Komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilib. Dəyişikliklə üzvlərin sayı 7-dən 11-ə çatdırılır. 
Layihələr müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edildi.
İclasda həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Çili Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında” Sazişlər təsdiqləndi. 
Sənədlərlə bağlı məlumat verən parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirdi ki, sazişlərə əsasən bu ölkələrə səfər edən xidməti, diplomatik və rəsmi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi nəzərdə tutulur. 
 “Tranzit və Nəqliyyat üzrə Əməkdaşlıq Sazişinin (Lapis Lazuli Marşrutu Sazişi)” təsdiq edilməsi haqqında  və “Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün Beynəlxalq Beyin Mərkəzinin yaradılması üzrə” Çoxtərəfli sazişə qoşulmaq haqqında sənədlər də səsə qoyularaq qəbul edildi. 
İclasda həmçinin “Vəkillər və vəkillik fəaliyyəti haqqında”,  “Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yeyinti məhsulları haqqında” qanunlarda və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda təsdiqləndi. 
Bununla da Milli Məclisin plenar iclası başa çatdı.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU