2019-cu ilin BÜDCƏ ZƏRFİNƏ DAXİL OLAN QANUNLAR QƏBUL OLUNDU
Noyabrın 30-da Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasa sədrlik edən Spiker Oqtay Əsədov qeyd etdi ki, ilk dəfədir büdcə zərfinə daxil olan sənədlər parlamentdə üç oxunuşdan keçir. Bu günədək həmin qanun layihələri komitələrdə və plenar iclaslarda iki oxunuşda geniş müzakirə olunub. Hökumətlə parlamentin sıx əməkdaşlığı müsbət nəticə verib. Layihələrə lazımi düzəlişlər edilib.
İclasda 2019-cu ilin dövlət büdcəsi haqqında qanun layihəsini üçüncü oxunuşda deputatlara təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə vurğuladı ki, müzakirələr zamanı deputatların irəli sürdükləri təkliflərin əksəriyyəti hökumət tərəfindən nəzərə alınıb. Büdcə zərfinə daxil olan qanunlar Azərbaycan dövlətinin maraqlarına tam cavab verir. Gələn ilin büdcəsi ölkədə aparılan iqtisadi islahatların daha da dərinləşməsinə, iqtisadi siyasətin prioritet istiqamətlərinin daha real şəkildə həyata keçirilməsinə və əhalinin sosial problemlərinin həllinə imkan verəcək.
Məlumat dinlənildikdən sonra Milli Məclis “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul etdi.
Plenar iclasda üçüncü oxunuşa çıxarılmış büdcə zərfindəki sosial sahəyə dair qanun layihələrini Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təqdim etdi. Deputatlar “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında”, “2019-cu il üçün yaşayış minimumu haqqında” və “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrini dəstəklədilər.
“Azərbaycan Respublikası Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında” və “Azərbaycan Respublikası Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihələri də üçüncü oxunuşda qəbul edildi.
Büdcə zərfindəki sənədlərin qəbulundan sonra iclasda hökumət üzvlərinin iştirakı ilə Vergi Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar olan 7 qanun layihəsinə baxıldı.
Öncə komitə sədri Ziyad Səmədzadə Vergi Məcəlləsində aparılan dəyişikliklər barədə məlumat verdi. Bildirdi ki, həmin dəyişikliklər Azərbaycan iqtisadiyyatında şəffaflığın artırılmasına, biznes mühitinin daha da yaxşılaşmasına, sahibkarlığın təkmilləşməsinə, əmək münasibətləri sahəsində yaranmış problemlərin həllinə kömək edəcək.
Qanun layihəsinin müzakirəsində deputatlar İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Əli Məsimli, Çingiz Qənizadə müsbət fikirlər söylədilər. Bir sıra təkliflər irəli sürüldü. İclasda iştirak edən vergilər naziri Mikayıl Cabbarov deputatların təkliflərinə münasibət bildirdi, suallara aydınlıq gətirdi. Səsvermə zamanı qanun layihəsi ikinci oxunuşda qəbul edildikdən sonra üçüncü oxunuşda da səsə qoyuldu və qəbul edildi.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyi deputat Azay Quliyev şərh etdikdən sonra parlament bu qanun layihəsinə də ikinci və üçüncü oxunuşda müsbət münasibət bildirdi.
Qeyd olundu ki, “Büdcə sistemi haqqında” qanunda edilən dəyişikliyə görə icmal büdcənin qeyri-neft gəlirləri dedikdə icmal büdcənin ümumi gəlirlərindən icmal büdcənin neft gəlirləri çıxıldıqdan sonra qalan məbləğ nəzərdə tutulacaq. Dövlət büdcəsinin neft gəlirləri dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert, Azərbaycan ərazisində xam neftin və təbii qazın hasilatı ilə məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ödədiyi vergilər (fiziki şəxslərin gəlir vergisi istisna olmaqla) və həmin fəaliyyətlə məşğul olan digər şəxslərin ödədiyi mənfəət vergisi nəzərdə tutulur. Dövlət büdcəsinin qeyri-neft gəlirlərini isə dövlət büdcəsinin ümumi gəlirlərindən dövlət büdcəsinin neft gəlirləri çıxıldıqdan sonra qalan məbləğ təşkil edəcək.
Parlament bu qanun layihəsinin həm ikinci, həm də üçüncü oxunuşda qəbul edilməsini məqsədəuyğun saydı.
İclasda ikinci oxunuşda müzakirəyə çıxarılmış bütün qanun layihələrinə, o cümlədən “Dövlət borcu haqqında”, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara dəyişiklik edilməsinə dair layihələrə prosedur qaydalarına uyğun baxıldı. Sənədlər öncə ikinci oxunuşda əsas kimi qəbul edildi, fikir mübadiləsindən sonra səsverməyə çıxarıldı. Ayrı-ayrılıqda səsə qoyulan bu qanun layihələri ikinci və üçüncü oxunuşlarda qəbul olundu.
Bugünkü plenar iclasda bir sıra qanun layihələrini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev təqdim etdi. Deputatlar İnzibati Xətalar və Cinayət-Prosessual məcəllələrində, həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsini məqsədəuyğun saydılar.
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov “Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin “qərargah zabit” və “hərbi müşahidəçi” qismində UNMİSS-in komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında” qərar layihəsini şərh etdi. Bildirdi ki, indiyədək Azərbaycan dünyanın bir çox ölkələrində sülhməramlı missiyalarda iştirak edib. BMT-nin başçılığı altında həyata keçirilən bu missiya dövlətimizin sülhsevər siyasətinin humanist mahiyyətini bir daha ortaya qoyur.
Parlament həmin qərar layihəsini təsdiq etdi.
Sonra iclasda qanunvericiliyin uyğunlaşdırılması məqsədilə hazırlanmış layihələrə baxıldı. Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlının, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun, Regional məsələlər komitəsinin üzvü Rüstəm Xəlilovun məlumatları dinlənildi. Fikir mübadiləsində deputatlar Əflatun Amaşov, Tahir Kərimli, İsa Həbibbəyli, Musa Quliyev, Hikmət Məmmədov rəylərini bildirdilər. Milli Məclis “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda və 1999-cu il 8 dekabr tarixli qanunla təsdiqlənmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun tətbiqi haqqında Əsasnamə”də, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda və “Dərman vasitələri haqqında” qanunlarda, həmçinin İnzibati Xətalar Məcəlləsində bir sıra dəyişikliklər edilməsinə razılıq verdi.
Deputatlara məlumat verildi ki, Vergi Məcəlləsinin 221-ci maddəsində və “Avtomobil nəqliyyatı haqqında” qanunun 6, 21, 27 və 59-cu maddələrində dəyişiklik edilməsi zərurəti Azərbaycan Prezidentinin “Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2 aprel 2018-ci il tarixli Fərmanının icrası məqsədilə hazırlanıb. Səsvermə zamanı millət vəkilləri həmin dəyişiklikləri müsbət dəyərləndirdilər.
“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliklər edilməsinə dair qanun layihəsi birinci oxunuşda qəbul olundu.
Plenar iclasda qanunvericiliyin təkmilləşdirilməsi və uyğunlaşdırılması məqsədilə Mənzil Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanuna təklif olunan dəyişikliklər də müsbət qarşılandı. Hər üç sənəd birinci oxunuşda qəbul edildi.
Bildirildi ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna 9-1-ci maddə əlavə edilir. Bu əlavədən məqsəd məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınmasının hüquqi mexanizminin müəyyən edilməsidir. Bununla əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı verdikləri yanlış məlumata görə inzibati məsuliyyətdən azad etmə müddəti 1 il nəzərdə tutulur. Deputatlar sözü gedən dəyişikliklərlə bağlı hər iki sənədi birinci oxunuşda qəbul etdilər.
Parlamentdə ikinci oxunuşda müzakirəyə çıxarılmış “Aviasiya haqqında”, “Dövlət borcu haqqında”, “İnzibati icraat haqqında” qanunlarda, eləcə də Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrində, İnzibati Xətalar Məcəlləsinin 43,54 və 594-cü maddələrində dəyişikliklərə dair məsələlər şərh olundu. Qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov birinci oxunuşdan sonra “Psixoloji yardım haqqında” qanun üzərində aparılmış iş barədə məlumat verdi. İclasda 6 fəsil 22 maddədən ibarət qanun layihəsi ikinci oxunuşda qəbul edildi.
Deputatlar qanunvericiliyin uyğunlaşdırılması məqsədilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 12 və 14-cü maddəsinə təklif oluna dəyişikliyə də razılıq verdilər. Sənəd birinci oxunuşda qəbul edildi.
Milli Məclisə məlumat verildi ki, 2016-cı ilin sentyabrında ölkəmizdə keçirilmiş referenduma əsasən Konstitusiyada bir sıra dəyişikliklər edilməsi nəticəsində Seçki Məcəlləsində mövcud olan 178.1-ci maddə ilə ziddiyyət meydana gəlib. Həmin ziddiyyətin aradan qaldırılması üçün məcəllədə dəyişiklik edilməsi zərurəti yaranıb. Deputatlar Seçki Məcəlləsində dəyişikliyə dair qanun layihəsini birinci oxunuşda məqbul saydılar.
İclasda bildirildi ki, İnzibati Xətalar Məcəlləsinin şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlamaya dair 92-ci maddəsində aparılan dəyişiklik bu sənədin “Feldyeger rabitəsi haqqında” qanuna uyğunlaşdırılması ilə əlaqədardır. Sonra “Avtomobil nəqliyyatı haqqında” qanunun 1,9,57-ci maddələrinə, “Sığorta fəaliyyəti haqqında” qanunun 96-cı maddəsinə edilən dəyişiklik və əlavə barədə məlumat dinlənildi. Qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
Bununla da gündəlikdəki 45 məsələyə münasibət bildirən Milli Məclis bugünkü iclasını başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti