AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
30 noyabr 2018 | 03:11   
Paylaşın:        

Noyabrın 30-da  Milli Məclisin Aqrar  siyasət  komitəsinin  növbəti iclası  keçirildi.
İclası açan komitə sədri Eldar İbrahimov bildirdi ki, “Sahibkarlıq fəaliyyəti haqqında” və “Çayçılıq haqqında”  qanunlarda dəyişiklik  edilməsi  barədə  məsələlərə  baxılacaq.
 Hər  iki məsələni ətraflı  şərh  edən  İqtisadi  qanunvericilik şöbəsinin müdir  müavini - Aqrar  qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə  qeyd etdi ki, bu sənədlər Azərbaycan Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü  qaydasında  komitəyə  daxil olub. Bildirildi ki,  “Azərbaycan  Respublikasında  sahibkarlığın inkişafına  dövlət  dəstəyi  mexanizminin  təkmilləşdirilməsi haqqında” ölkə Prezidentinin 2018-ci il 31 iyul  tarixli Fərmanı ilə  Sahibkarlığa  Kömək Milli Fondu ləğv edilmiş və İqtisadiyyat  Nazirliyinin  tabeliyində Sahibkarlığın  İnkişafı Fondu publik hüquqi şəxs  təsis edilmişdir. Həmin fərmanla Sahibkarlığın  İnkişafı Fondunun Nizamnaməsi və  Fondun  vəsaitindən  istifadə qaydası təsdiq  edilmişdir.  Qeyd  edildi ki,  hər iki qanun layihəsində  edilən dəyişikliklər  adıçəkilən  fərmana uyğun  olaraq  publik  hüquqi  şəxs  statusunda  olan İqtisadiyyat  Nazirliyinin  tabeliyində  Sahibkarlığın  İnkişafı  Fondunun yaradılması ilə bağlıdır və sənədlərdə   “Sahibkarlığa Kömək Milli Fondu”  sözləri “müvafiq  icra  hakimiyyəti orqanının  müəyyən etdiyi  orqanının”  sözləri ilə əvəz  edilir.
Millət vəkilləri Eldar Quliyev, Aydın Hüseynov, Hüseynbala Mirələmov,  Cavanşir Paşazadə,  Novruz Aslan  qanun  layihəsi ilə bağlı fikirlərini bildirdilər.
Hər iki sənəd  baxılması üçün Milli Məclisin plenar  iclasına  tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU