HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

Komitə iclasları
05 dekabr 2018 | 02:12   
Paylaşın:        

Dekabrın 5-də  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirildi.  Əvvəlcə komitənin sədri Əli Hüseynli gündəliyə daxil edilən “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında  və “Azərbaycan Respublikasının Dövlət himni haqqında”  qanun layihələri barədə məlumat verdi.
Qeyd  edildi ki,  hər iki sənəd “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və  “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya Qanunlarının tətbiqi məqsədi ilə hazırlanmışdır.  1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsində Azərbaycan dövlətinin rəmzləri təsbit edilmiş, 75-ci maddəsində bu rəmzlərə hörmət vətəndaşların əsas vəzifələri kimi müəyyən olunmuşdur. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun dövlət  rəmzlərimiz  haqqında  yeni   qanunların  qəbul edilməsi zərurəti yaranmışdı.
Qanun layihələri Dövlət Gerbinin istifadəsi qaydalarını, Dövlət Himninin ifa edilməsi, oxunması, dinlənilməsi, istifadəsi hallarını və qaydalarını müəyyən edir. Hər iki  qanun layihəsi preambuladan və 9 maddədən ibarətdir. Layihələrdə Dövlət Gerbi və Dövlət himni haqqında ümumi müddəalar, bu sahədə qanunvericilik, müəyyən edilmiş vəzifələr, Dövlət Gerbinin rəngli qabarıq təsvirinin vurulduğu yerlər, Dövlət Gerbinin rəngli təsvirinin istifadəsi, Dövlət Himninin ifa edildiyi hallar, ifaya, dinlənilməyə və istifadəyə dair tələblər, dövlət  rəmzlərimizlə əlaqədar məhdudiyyətlər, bu qanunlarun pozulmasına görə məsuliyyət və yekun müddəalar təsbit edilmişdir.
Komitə  üzvləri Fəzail Ağamalı, Tahir  Kərimli,  Rəfael Cəbrayılov, Elşən Musayev, Məlahər İbrahimqızı, Sabir Hacıyev,  Çingiz  Qənizadə,  Qüdrət  Həsənquliyev sənədlərlə bağlı  fikirlərini bildirdilər.
Sonra  millət  vəkilləri  “Milli Məclisin komitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə” sənədi  müzakirə  etdilər. Qeyd  edildi ki, qanun layihəsi 2002-ci il 24 avqust tarixli referendum nəticəsində qəbul edilmiş Aktın, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun və 1996-cı il 17 may tarixli qanunla ilə təsdiq edilmiş “Milli Məclisin Daxili Nizamnaməsi”nin tətbiqi məqsədi ilə hazırlanmışdır.
Qanun layihəsində 6 yeni dəyişikliyin edilməsi təklif edildi. Dəyişikliklərdə Milli Məclisin həll etdiyi məsələlərdən Auditor Palatasının yaradılması məsələsinin çıxarılması, həmçinin, İnsan hüquqları, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin baxdığı məsələlərdən Auditorlar Palatasının sədrinin və sədr müavininin vəzifədən azad edilməsi barədə məsələyə baxılmasının və bu barədə rəy verilməsinin çıxarılması nəzərdə tutulmuşdur.   Qeyd olundu ki,  Hesablama Palatasının fəaliyyəti barədə illik hesabat parlamentin müzakirəsinə təqdim edilməzdən əvvəl buna Milli Məclisin müvafiq komitəsində baxılmalı və rəy verilməlidir. Bu məsələ İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin baxdığı məsələlərə əlavə olunur. Eləcə də gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  illik məlumatı Milli Məclisin müzakirəsinə təqdim edilməzdən əvvəl həmin məlumata baxılması və rəy verilməsi İnsan hüquqları və Ailə, qadın və uşaq məsələləri komitələrinin baxdığı məsələlərə əlavə olundu.
Müzakirə olunan məsələlər  baxılması  üçün parlamentin plenar iclasına tövsiyə edildi.

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU