MİLLİ MƏCLİSİN İCLASINDA
Dekabrın 7-də Milli Məclisin növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov gündəliyin təsdiqindən sonra millət vəkillərini Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin ilk iclasının 100 illiyi münasibətilə təbrik etdi.
Cari müzakirələr zamanı deputatlardan Əli Hüseynli, Bəxtiyar Əliyev, Fazil Mustafa, Zahid Oruc, Fərəc Quliyev, Aqil Abbas, Sahib Alıyev, Musa Qasımlı, Siyavuş Novruzov, İsa Həbibbəyli, Cavid Qurbanov, Araz Əlizadə ölkə gündəmində olan vacib məsələlərdən söz açdılar.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı.
İlk olaraq Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə sənədi ikinci səsverməyə təqdim etdi. Bildirildi ki, qanuna aşağıdakı redaksiyada yeni 5.4-cü maddə əlavə edilir: “Ələt azad iqtisadi zonası haqqında” qanunla müəyyən edilmiş hallarda zona ərazisində bu Konstitusiya qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin zonanın fəaliyyəti ilə bağlı qəbul edilmiş aktlar azad zona daxilində məcburi hüquqi qüvvəyə malikdir.” Sənəd səsvermə yolu ilə təsdiqləndi.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentdə üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Aviasiya haqqında”, “Dövlət borcu haqqında” qanunlarda ikinci oxunuşdan sonra heç bir dəyişikliyin olmadığını bildirdi. Qanun layihələri səsə qoyularaq təsdiqləndi.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Cinayət Prosessual, İnzibati Xətalar Məcəllələrinə və “İnzibati icraat haqqında” qanun layihəsinə təklif olunan dəyişikliklərə dair məsələləri şərh etdi. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.
Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Psixoloji yardım haqqında” qanun layihəsini üçüncü oxunuşda təqdim etdi. Bildirildi ki, sənədə parlamentin plenar iclasında birinci və ikinci oxunuşlarda baxılıb və təqdim olunan bir sıra təkliflər nəzərə alınıb. Sənəd Azərbaycanda psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquq və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər psixoloji yardım sahəsində ölkə vətəndaşları ilə bərabər hüquqlara malikdirlər. Qanunda psixoloji profilaktika və maarifləndirmə, psixoloji məsləhət, psixoloji dəstək, psixoloji diaqnostika, psixoterapiya, psixoloji reabilitasiya və psixoloji korreksiya, psixoloji ekspertiza, psixoloji treninq psixoloji yardımın növləri olaraq təsbit olunur. Dövlət vətəndaşların vaxtında, keyfiyyətli psixoloji yardım almaq hüququna təminat verir. Sənəd səsə qoyularaq təsdiqləndi.
Sonra Əli Hüseynli “Dövlət qulluğu haqqında” qanuna təklif olunan termin dəyişikliyini şərh etdi. Qeyd olundu ki, Azərbaycan Prezidentinin 2003-cü il 4 avqust tarixli fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu”nun bir maddəsi ilə ölkə başçısının digər bir fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqında Əsanamə”nin arasında mövcud olan uyğunsuzluğu aradan qaldırmaq məqsədi ilə bu dəyişiklik təklif edilib. Göstərilən hər iki normativ hüquqi aktda sahə inzibati ərazi dairəsi dövlət orqanı kimi, sahə inzibati ərazi nümayəndəsinin vəzifəsi isə inzibati vəzifə kimi təsbit edilmişdir. Sənəd səsvermə yolu ilə qəbul edildi.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı “Uşaq hüquqları haqqında” və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədi təqdim etdi. Bildirildi ki, hər iki sənədə təklif olunan dəyişikliklər “Məktəbəqədər təhsil haqqında” 14 aprel 2017-ci il tarixli qanuna uyğunlaşdırma məqsədi daşıyır. Bu sənədlər də millət vəkilləri tərəfindən müsbət dəyərləndirildi.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Sahibkarlıq fəaliyyəti haqqında” və “Çayçılıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə məlumatda bildirdilər ki, “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” ölkə Prezidentinin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilmiş və İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilmişdir. Həmin fərmanla Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi və Fondun vəsaitindən istifadə qaydası təsdiq edilmişdir. Qeyd edildi ki, hər iki qanun layihəsində edilən dəyişikliklər adıçəkilən fərmana uyğun olaraq publik hüquqi şəxs statusunda olan İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun yaradılması ilə bağlıdır və sənədlərdə “Sahibkarlığa Kömək Milli Fondu” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının” sözləri ilə əvəz edilir. Sənədlər səsə qoyularaq qəbul edildi.
Ziyad Səmədzadə “Avtomobil yolları haqqında” qanunda dəyişiklik edilməsi barədə məlumatında vurğuladı ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini yaradılması haqqında” ölkə Prezidentinin 18 oktyabr 2017-ci il tarixli fərmanı var. Bu fərmanla ölkənin avtomobil yolları sahəsində idarəetməni və nəzarət mexanimlərini daha da təkmilləşdirmək, işin səmərəliliyini artırmaq məqsədi ilə “Azəravtoyol” ASC “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə çevrilmişdir. Agentliyin müvafiq icra hakimiyyəti orqanı olmaması qeyd olunan dəyişikliklərin edilməsi zərurətini yaradır. Agentlik öz fəaliyyət istiqamətlərini müvafiq lisenziya olmadan həyata keçirə biləcəkdir. Bu işlərin siyahısı isə müvafiq icra hakimiyyəti tərəfindən təsdiq ediləcəkdir. Komitə sədri qanuna bir sıra dəqiqləşdirmə xarakterli dəyişikliklər edildiyini, o cümlədən ödənişli yollarla bağlı maddənin də əlavə olunduğunu vurğuladı. Millət vəkilləri sənəddə edilən dəyişiklikləri razılıqla qarşıladılar.
İclasda “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə sənəd də ikinci oxunuşda səsə qoyularaq qəbul edildi.
Sonra Əli Hüseynli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi ikinci oxunuşda təqdim edərkən bildirdi ki, təklif edilən dəyişikliyin məqsədi məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların elektron qaydada qeydiyyata alınmasının hüquqi mexanizminin müəyyən edilməsindən ibarətdir. Sənəd səsə qoyularaq təsdiq edildi.
Əli Hüseynli Mənzil və İnzibati Xətalar Məcəllələrində dəyişiklik edilməsi haqqında sənədləri də ikinci oxunuşda şərh etdi. O, vurğuladı ki, hər iki sənəddə edilən dəyişiklik qanunvericiliyin təkmilləşdirilməsi, terminlərin dəqiqləşdirilməsi ilə bağlıdır. Sənədlər çoxmənzilli binaların, tikintisi və ya yenidən qurulması tam başa çatmış kooperativ binanın idarə olunması ilə bağlı mexanizmləri təkmilləşdirmək məqsədi ilə hazırlanmışdır. Mənzil qanunvericiliyinin pozulmasına görə cərimə sanksiyalarının tətbiq olunması üsulları da sənəddə əksini tapır. Hər iki sənəd ayrı-ayrılıqda səsə qoyularaq təsdiqləndi.
Əli Hüseynli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim etdi. Deputatlar qanunvericiliyin uyğunlaşdırılması məqsədilə sənədin 12 və 14-cü maddəsinə təklif olunan. dəyişikliyə də razılıq verdilər. Sənəd ikinci oxunuşda qəbul edildi.
Əli Hüseynli Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında sənədlə bağlı məlumatında bildirdi ki, 2016-cı ilin sentyabrında ölkəmizdə keçirilmiş referenduma əsasən Konstitusiyada bir sıra dəyişikliklər edilməsi nəticəsində Seçki Məcəlləsində mövcud olan 178.1-ci maddə ilə ziddiyyət meydana gəlib. Belə ki, növbədənkənar Prezident seçkilərində seçilmiş Prezidentin səlahiyyət müddəti oktyabr ayında yox, 7 il əvvəl Prezident seçildiyi tarixdə bitir. Həmin ziddiyyətin aradan qaldırılması üçün məcəllədə dəyişiklik edilməsi zərurəti yaranıb. Deputatlar Seçki Məcəlləsində dəyişikliyə dair qanun layihəsini ikinci oxunuşda məqbul saydılar.
Sonra Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə məlumat verdi. Bildirildi ki, Məcəllədə dərman vasitələri haqqında qanunvericiliyin pozulması ilə bağlı bir sıra əlavələr nəzərdə tutulub. Əlavələrə əsasən, dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə məsuliyyət halları nəzərdə tutulur. Məcəllədə aptek təşkilatlarına dair tələblərin pozulmasına görə məsuliyyət halları da müəyyən edilir. Sənəd ikinci oxunuşda səsə qoyularaq təsdiq edildi.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi “Yol hərəkəti haqqında” 2018-ci il 23 fevral tarixli qanunun icrası məqsədilə təklif edilib. Belə ki, Azərbaycanın tərəfdar çıxdığı “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nə əsasən ölkəmizdə beynəlxalq daşımaları həyata keçirən sürücülərin iş və istirahət rejiminə nəzarətin təşkili və bu məqsədlə rəqəmsal taxoqrafların tətbiqi nəzərdə tutulmuşdur. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda təsdiqləndi.
İclasın sonunda Ziyad Səmədzadə “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi də ikinci oxunuşda təqdim etdi. Qeyd olundu ki, son illərdə ölkənin maliyyə və bank sektorunda baş verən proseslər sığorta sektoruna da təsirsiz ötüşməmiş, nəticədə 2 sığorta şirkətinin müflis olmasına, 4 sığorta şirkətinin könüllü olaraq bağlanmasına, bəzi sığorta şirkətlərinin isə maliyyə dayanıqlığı riski ilə üzləşməsinə səbəb olmuşdur. Sığorta münasibətlərini tənzimləyən mövcud qanunvericilikdə sığorta və təkrarsığorta şirkətlərinin məcburi və könüllü ləğvetmə prosesinin əhatə olunmasına baxmayaraq, onların sağlamlaşdırılması ilə bağlı müddəa mövcud deyildir. Komitə sədri sənədə təklif olunan dəyişikliklərin kapital tələblərinə cavab verməyən sığorta və təkrarsığorta şirkətlərinə vaxtında müdaxilə edilməsi, həmin şirkətlərin iflasdan xilas edilməsi və iflasa getdiyi təqdirdə istehlakçıların hüquqlarının qorunması məqsədi ilə şirkətin vəsaitlərinin qorunması üçün hüquqi əsas yaratdığını diqqətə çatdırdı. Sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
Bununla da Milli Məclisin bugünkü iclası öz işini başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti