ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ
Dekabrın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə bir sıra qanunlarda dəyişikliklərin edilməsi ilə bağlı məsələlər daxildir. Nəzərdə tutulan dəyişikliklər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli qanununa uyğunlaşdırmaq məqsədi daşıyır.
Komitə sədri qeyd etdi ki, dövlət başçısının tapşırığı ilə hazırlanmış bu qanunun ölkə iqtisadiyyatının inkişafına müsbət təsiri olacaq. Ələt azad iqtisadi zonası fərqli bir layihədir və onun çox böyük əhəmiyyəti olacaq.
Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev diqqətə çatdırdı ki, Azad iqtisadi zonanın fəaliyyəti və onunla əlaqədar münasibətlər ancaq bu qanunla və bu qanuna əsasən hazırlanan daxili qaydalarla tənzimlənir. Sonra o, nəzərdə tutulan düzəlişlər barədə məlumat verdi.
Bildirildi ki, “Sosial sığorta haqqında” qanunun 7-ci maddəsi yeni redaksiyada verilib. Maddədə deyilir ki, sosial sığorta haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir. Ələt azad iqtisadi zonasında sosial sığorta sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” qanunun tələblərinə uyğun olaraq tənzimlənir.
“Məşğulluq haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlara edilən əlavələrə əsasən, Ələt azad iqtisadi zonasında bu istiqamətlər üzrə münasibətlər də “Ələt azad iqtisadi zonası haqqında” qanunun tələblərinə uyğun olaraq tənzimlənir.
Qeyd olundu ki, Əmək Məcəlləsinin tətbiq edildiyi iş yerləri sırasına da əlavə olunub ki, Ələt azad iqtisadi zonasında əmək münasibətləri “Ələt azad iqtisadi zonası haqqında” qanunun tələblərinə uyğun olaraq tənzimlənir.
Komitə üzvləri təklif olunan düzəlişlərin məqsədəmüvafiq olduğunu söylədilər və gündəlikdəki qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə etdilər.
Milli Məclisin
Mətbuat xidməti