AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
07 dekabr 2018 | 02:12   
Paylaşın:        

Dekabrın 7-də Milli Məclisdə Aqrar siyasət komitəsinin növbəti iclası oldu. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, ölkəmizdə Ələt azad iqtisadi zonasının yaranması ilə əlaqədar gündəlikdəki dörd qanuna dəyişiklik edilməsi zərurəti meydana gəlib.
İclasda həmin layihələri təqdim edən Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə bildirdi ki, qanunvericiliyin uyğunlaşdırılması baxımından Torpaq Məcəlləsində və “Torpaq icarəsi haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsindən məqsəd bu ilin 18 may tarixində qəbul olunmuş “Ələt azad iqtisadi zonası haqqında” qanunun tətbiqi üçün hüquqi zəmini təkmilləşdirməkdir.
Qeyd olundu ki, Ələt azad iqtisadi zonası xüsusi qaydada fəaliyyət göstərəcək və bir sıra fərqli cəhətlərə malik olacaq  ərazi olduğundan orada tətbiq ediləcək qaydalar da ölkənin digər yerlərindəki qaydalardan fərqlənəcək. Bu ərazidə qabaqcıl beynəlxalq təcrübəyə və standartlara uyğun gələn qaydalara üstünlük veriləcək. Azad Zonada maliyyə, gömrük işi, əmək münasibətləri, miqrasiya, vergi tənzimlənməsi, valyuta əməliyyatları aparmaq azadlığı,  müflisləşmə və iflas, notariat fəaliyyəti, əqli mülkiyyət kimi bir sıra sahələrə, o cümlədən  torpağa və sığortanın stimullaşdırılmasına dair münasibətləri tənzimləyən məcburi xarakterli daxili qaydalar qəbul ediləcək.
Vilayət Əlizadə deputatların diqqətinə çatdırdı ki, torpaq münasibətlərinin tənzimlənməsi məqsədi ilə qəbul olunacaq qaydalarda Azad Zonanın torpağı ilə bağlı prosedurlar,  bu torpağa dair sərəncam, o cümlədən istifadə, icarə, təminat və digər hüquqların yaradılması və onlara xitam verilməsi qaydaları və tələbləri, Azad Zona torpağına dair hüquqların yaradılmasını və onlara xitam verilməsini təsdiq edən özünün reyestrinin aparılması və digər məsələlər göstəriləcək. Azad Zona torpağına dair bütün hüquqlar bu reyestrdə qeydiyyata alınacaq. Bütün bunların hüquqi tənzimlənməsi üçün torpaq icarəsi,  torpaqların dövlət ehtiyacları üçün alınması və kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında qanunlara, həmçinin  Torpaq Məcəlləsinə müvafiq əlavələr təklif olunur.
Sonra iclasda rəylərini bildirən komitənin sədr müavini Eldar Quliyev və komitə üzvləri Novruz Aslan, Tahir Süleymanov, İqbal Məmmədov, Cavanşir Paşazadə, Hüseynbala Mirələmov, Aydın Hüseynov yekdilliklə təklif edilən dəyişiklikləri dəstəklədilər.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU