MİLLİ MƏCLİSDƏ PARLAMENTLƏRARASI İTTİFAQIN GƏNC PARLAMENT ÜZVLƏRİNİN KONFRANSI KEÇİRİLİR
Dekabrın 14-də Milli Məclisdə Parlamentlərarası İttifaqın Gənc parlament üzvlərinin 5-ci Qlobal Konfransı öz işinə başladı.
Tədbiri giriş sözü ilə açan Milli Məclisin Sədri Oqtay Əsədov bu mötəbər toplantı münasibəti ilə iştirakçılara Azərbaycan Prezidenti cənab İlham Əliyevin səmimi təbriklərini və xoş arzularını çatdırdı. Spiker çıxışında dedi: “Ötən yüzilliyin sonlarında bəşəriyyətin mövcudluğunu qorxu altına alan qlobal təhlükələrin hamılıqla dərk edilməsi dünya sivilizasiyasının inkişafının xarakterini dəyişdirməyə yönələn beynəlxalq səylərin artmasına gətirib çıxarmışdır. Öz tarixinin dönüş mərhələsində olan insan cəmiyyəti sivilizasiyanın inkişaf prosesinin yeni vektorunu bərqərar etməyə bəslədiyi ümidləri dayanıqlı inkişaf ideologiyasının həyata keçirilməsi ilə bağlamışdır.
Bu gün bir çox tədqiqatçılar dayanıqlı inkişaf prinsiplərinə keçidi sosial mühəndisliyin xüsusi bir metodu və “ekoloji politologiya” adlandırırlar. Söhbət qloballaşmanın və böhranlı halların mənfi nəticələrini aradan qaldırmağa yönələn siyasi fəaliyyətdən və ekoloji tarazlığa nail olmaq yolu ilə dayanıqlı və təhlükəsiz inkişafı təmin etməkdən gedir.
Nəticə etibarı ilə bütün bunlar indiki və gələcək nəsillər üçün daha güvənli, ədalətli və humanist bir dünya qurulmasına gətirib çıxarmalıdır. Bu baxımdan inanıram ki, konfransın sessiyalarında aparılacaq fikir mübadiləsi və müzakirələr dayanıqlı inkişafın təmin edilməsində gənclərin, xüsusən gənc parlament üzvlərinin rolunun gücləndirilməsi yollarını müəyyən etməyə imkan verəcəkdir.
Dünya əhalisinin mühüm hissəsini təşkil edən gənclər ən dinamik sosial qrup olaraq dayanıqlı inkişaf məqsədlərinin əldə edilməsinə dəyərli töhfələr verə bilərlər. Çox böyük intellektual potensialın daşıyıcısı olan gənclər bir çox ölkələrin siyasi, iqtisadi və sosial strukturlarında önəmli yer tutaraq müasir cəmiyyətin mənəvi inkişafının mühüm amili kimi çıxış edirlər.
Sivilizasiyalar arasında qarşılıqlı əlaqələrin intensiv gücləndiyi dövrdə gənclər müxtəlif mədəniyyətlərə xas dəyərləri və yeni ideyaları daha tez mənimsəyirlər. Bəşər sivilizasiyasının inkişafının müasir mərhələsində milli eqoizm və müstəsnalıq düşüncəsinin aradan qaldırılması, müharibə və zorakılıq fəlsəfəsinin sülh və əməkdaşlıq fəlsəfəsi ilə əvəz edilməsi üçün obyektiv imkanlar yaranmışdır. Əminəm ki, yeni dünya nizamının formalaşmasında məhz gənclər həlledici rol oynamalıdırlar.
Bu gün Azərbaycanda gənclər sosial, humanitar, iqtisadi və siyasi fəaliyyətə yaxından cəlb olunmuşlar. Gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Dövlətin yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişlər.
Bizim gənclərimiz Azərbaycan parlamentində də önəmli mövqelərə malikdirlər. Onlar qanunvericilik prosesiində, beynəlxalq parlament təşkilatlarının fəaliyyətində yaxından iştirak edirlər. Dövlətimizin qarşılaşdığı problemlər, xüsusən Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün ağır nəticələri, ölkə ərazisinin 20 faizinin işğal edilməsi, 1 milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsi barədə məlumatları xarici ölkələrdən olan həmkarlarına çatdırmaq üçün bütün vasitələrdən istifadə edirlər.
Yeri gəlmişkən, qeyd edim ki, beynəlxalq təşkilatlar bu münaqişəyə həsr edilmiş bütün qərarlarında Azərbaycan ərazilərinin işğalına son qoyulması zərurətinə istinad edirlər. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə, eləcə də 2008-ci ildə BMT Baş Məclisinin qəbul etdiyi qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir. Bu sənədlərdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənmişdir.
Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti və İslam Əməkdaşlığı Təşkilatı kimi digər beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər.
Əminik ki, həm bizim ölkəmizin, həm də bütövlükdə Cənubi Qafqaz bölgəsinin hərtərəfli inkişafına mane olan Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin ərazi bütövlüyü əsasında həll ediləcəkdir.”
Oqtay Əsədov çıxışının sonunda vurğuladı ki, Parlamentlərarası İttifaqın bu konfransının Bakıda keçirilməsi ölkəmizin siyasi həyatında çox önəmli hadisədir. İnanırıq ki, bu qlobal konfransda 44 ölkəni təmsil edən 250-yə yaxın nümayəndə Şərq dünyası ilə Qərb dünyası arasında körpü rolu oynayan Azərbaycan barəsində dolğun və ətraflı məlumat alacaq, müxtəlif mədəniyyətlərin vətəni olan ölkəmizdən xoş təəssüratla ayrılacaqlar.
Parlamentlərarası İttifaqın Prezidenti Qabriela Kuevas Barron çıxışında bu tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkürünün bildirdi. Qeyd olundu ki, Azərbaycan gənclər üçün bu günün çağırışlarını qət etməkdə yeni innovasiyalı həll yollarını təklif edir, onların həyata keçirilməsi üçün hər cür şərait yaradır. O, konfransda müzakirə ediləcək məsələlərin dünyada gedən qlobal dəyişikliklərə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Barron vurğuladı ki, hazırda iqlim dəyişikliyi nəticəsində 1,5 dərəcə ümumi qlobal temperatur artıb. Dünya əhalisi növbəti 40 il ərzində 60 faiz artacaq. Bu baxımdan ətraf mühitə olan təsirlər gələcəkdə vəziyyəti daha da çətinləşdirəcək. Ərzaqla bağlı çətinliklər yaranacaq. Biz statistik məlumatları nəzərə almalı, ətraf mühitə yaranan təhdidlərin həyatımıza təsirlərini bilməliyik. Buna görə də biz gələcəyimiz naminə seçimlərimizi doğru etməli, qərarlarımızı düzgün hesablamalıyıq.
Sonra Parlamentlərarası İttifaqın Gənclər Forumunun sədri Mourine Osoru iki günlük konfransın əhəmiyyəti ilə bağlı fikirlərini bildirdi. Gənclərin cəmiyyətin aparıcı qüvvəsi olduğunu vurğulayan xanım Osoru bu sahədə üzv ölkələrin səylərini birləşdirməli, təcrübələrini bölüşərək qlobal səviyyədə səslərini eşitdirməli olduqlarını dilə gətirdi. Dayanıqlılığın təşviqi, gələcək nəsillərin maraqlarının müdafiəsi mövzusunda keçirilən bu konfransın dialoq və məlumat mübadiləsi üçün yaxşı platforma olduğu, gənclərin parlamentdə iştirakının artırılmasının vacibliyi vurğulandı.
Gənclər və idman naziri Azad Rəhimov çıxışında Azərbaycanın gənclər siyasəti, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı barədə məlumat verdi. Azərbaycanın gənc ölkə olduğunu söyləyən nazir bildirdi ki, əhalimizin 60 faizi – yəni 3-də 2 hissəsi 30 yaşdan aşağıdır. 1994-cü ildən ölkədə Gənclər və İdman Nazirliyi fəaliyyət göstərir. 1996-ci il fevralın 2-də isə ölkəmizdə ilk Gənclər Forumu keçirilib və hər il həmin gün - Gənclər günü kimi qeyd olunur. Ölkəmizdə 2001-ci ildə gənclər siyasəti ilə bağlı qanun qəbul edilib. 2011-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Gənclər Fondu, 2015-ci ildən isə Milli Məclisdə Gənclər və idman komitəsi yaradılıb. Azərbaycanın dövlət büdcəsindən gənclər sahəsinə ayrılan vəsait 2003-cü ildən indiyədək 100 dəfə artırılıb. Son 10 il ərzində 41 gənclər mərkəzi yaradılıb, ölkədə gənclərlə bağlı olan 300-dən çox QHT fəaliyyət göstərir. Gənc sahibkarlara öz bizneslərini yaratmaq üçün bütün lazımı kömək göstərilir. Azərbaycan dövləti 2007-ci ildən bu günə kimi dünyanın 100 universitetində 3600-dən çox tələbənin təhsil alması üçün maliyyə yardımı göstərib. Azərbaycan gəncləri Avropa Şurası, BMT, Avropa İttifaqı və 30-dan çox beynəlxalq, humanitar təşkilatlarda təmsil olunurlar.
Açılış mərasimi bitdikdən sonra Parlamentlərarası İttifaqın 5-ci Qlobal konfransının iştirakçıları Milli Məclisin inzibati binasının fonunda birgə şəkil çəkdirdilər.
Sonra tədbir “Planetimizin gələcək üçün mühafizəsi: ətraf mühitin qorunmasında gənclərin rolu” mövzusunda birinci sessiya ilə davam etdirildi.
Parlamentlərarası İttifaqın Gənclər Forumunun sədri Mourine Osorunun moderatorluğu ilə aparılan sessiyada əvvəlcə Təbiət Qanunu Fondunun prezidenti Toni Oposanın “Gələcək nəsillər üçün iqlim ədaləti” adlı videoməruzəsi dinlənildi.
Sonra Zambiya “Yaşıl Partiya”sının baş katibi Daniel Sichilongo, Boliviya parlamentinin gənc deputatı Rous Betsaida Choqu, Azərbaycan İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “Təmiz şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov mövzu ilə əlaqədar fikirlərini bildirdilər.
Həmin gün fasilədən sonra Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı sessiyalarda öz işini davam etdirdi.
İkinci sessiyada “Paradiqmanın dəyişdirilməsi: gələcək nəsillər üçün davamlı istehlak və istehsal” mövzusunda videomesaj dinlənildikdən sonra Milli Məclisin deputatı Tahir Mirkişili, Yaponiya, Pakistan, İran, Çin, Əlcəzair, Kosta-rika, Ruanda və başqa ölkələrdən olan millət vəkilləri, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova mövzu ilə bağlı fikirlərini bildirdilər.
Çıxışlarda davamlı iqtisadi inkişaf, ətraf mühitin qorunması, tullantıların minimuma endirilməsi, gələcəkdə dünyada gözlənilən ərzaq qıtlığının qarşısının alınması üçün dünya ölkələrinin səylərinin birləşdirilməsinin vacibliyi vurğulandı. Müzakirələr zamanı Sudan nümayəndəsi Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə çağıran sənəd qəbul olunması barədə təkliflə çıxış etdi.
Üçüncü sessiyada “Güclü gələcək: sabahın təhsili” mözvusunda məruzə dinlənildi. Məruzə ətrafında müzakirələr zamanı YUNESKO-nun təhsil üzrə nümayəndəsi xanım Meirqul Alpisbayeva, Küveyt millət vəkili Omar Altabtabae, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Qazaxıstandan olan millət vəkili, PAİ-nin Gənc Parlament üzvləri İdarə Heyətinin üzvü Bəxtiyar Maken, Dünya Gənclər Birliyinin baş katibi xanım Ediola Paşollari, Şərqi Afrika Gənclər Parlamentinin prezidenti Ceremia Kisanqau, Türkiyə, Əfqanıstan, Suriya, Qazaxıstan, Malavi, Zimbabve və digər ölkələrin nümayəndələri ağıllı və irəliyə yönəlmiş təhsilə investisiya qoyulması, təhsilin dayanıqlı inkişafı, yeni təhsil siyasəti, qlobal əmək bazarının və texnologiyalar sahəsində yeniliklərin təhsilə təsiri və digər məsələlər barədə fikirlərini bildirdilər.
İş gününün sonunda Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal Konfransının sabah davam etdirilməsi qərara alındı.
Milli Məclisin
Mətbuat xidməti