MİLLİ MƏCLİSDƏ KEÇİRİLƏN PARLAMENTLƏRARASI İTTİFAQIN GƏNC PARLAMENT ÜZVLƏRİNİN KONFRANSI BAŞA ÇATDI

Tədbirlər
15 dekabr 2018 | 06:12   
Paylaşın:        

Dekabrın 15-də  Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal Konfransı üçüncü sessiyada “Güclü gələcək: sabahın iş yerləri” mözvusunda işini davam etdirdi.
Oksford Universitetinin professoru Daniel Susskind mövzuya dair məruzəni təqdim etdi. Professor bildirdi ki, bu gün dünyada böyük problemlərdən biri işsizlikdir və 2020-ci ildə dünyada kütləvi işsizlik gözlənilir.
Professorun sözlərinə görə, bu problemin kökündə isə elm və texnologiyanın sürətli inkişafı və onun həyatımıza, əl əməyinə ciddi təsiri dayanır. Çünki texnologiyalar inkişaf etdikcə işçi qüvvəsinə, əl əməyinə ciddi ehtiyac qalmır. İşləri məhz həmin texnoloji avadanlıqlar, cihazlar görür.
Beynəlxalq Əmək Təşkilatının Bürosunda Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Xoloud Alxaldi də çıxışı zamanı dünyada işsizlik problemi məsələsinə toxundu. Onun sözlərinə görə, bu gün dünya üzrə işsizlik həddi artıq 63 faiz səviyyəsindədir.
Xoloud Alxaldi bildirdi ki, bu rəqəm bəzi ölkələrdə daha yüksəkdir. BƏT təmsilçisi qeyd etdi ki, xüsusilə gənclərin iş tapması ilə bağlı ciddi problemlər var. Ona görə də dünyanın qarşısında bu məsələ çox ciddi və aktual problem olaraq dayanır. Bu problemlərin, xüsusən də gənclərin işsizlik probleminin aradan qaldırılması yönündə daha ciddi addımlar atılmalı, böyük layihələr icra edilməlidir.
Konfransda çıxış edən “Azərkosmos” ASC-nin sədr müavini Rövşən Rüstəmov bildirdi ki, gələcəkdə dünyada texnologiyaların inkişafı nəticəsində bir sıra peşələr və iş növləri aradan qalxacaq, milyonlarla insan iş yerlərini itirməli olacaq.
Rövşən Rüstəmov qeyd etdi ki, elm və texnologiyanın inkişafı növbəti 15 il ərzində daha da aktual olacaq. Onun fikrincə, xüsusilə də internet texnologiyaları, süni zəkanın daha çox inkişaf etməsi gözlənilir. Robotlar artıq son illər ərzində populyarlaşıb və gələcəkdə daha da populyarlaşacaq. Növbəti illərdə bir çox işlərin avtomatlaşdırılmasının şahidi olacağıq. Broker, bank işçisi, hüquqşünas, auditor, kassir kimi peşələr növbəti 10 illər ərzində aradan çıxacaq. Ona görə də inklüziv dayanıqlı iqtisadi inkişaf üzrə “hamıya iş yerləri” şüarı altında işlər aparılmalıdır. Ümumilikdə, tendensiya belədir ki, müəyyən iş növləri aradan qalxacaq, daha çox yaradıcılıq, liderlik bacarıqları yaxşı olanlar üçün iş yerləri aktual olacaq. Milyonlarla insan peşələrini dəyişməsə, işlərini itirəcəklər. İnsanlar bu riskləri nəzərə almalıdırlar, hökumətlər, qeyri-hökumət təşkilatları insanları maarifləndirməli və stimullaşdırmalıdırlar ki, yeni peşələrə yiyələnsinlər.
Rövşən Rüstəmov diqqətə çatdırdı ki, Azərbaycanda insan kapitalı gələcəkdə gözlənilən dəyişikliklərə uyğunlaşmağa hazırdır. Təbii ki, bunun arxasında düzgün qərarlar olmalıdır. Hazırda Azərbaycanın peykləri gənc azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur. 2011-ci ildə “Azərkosmos” ASC yaradılanda xaricdə təhsil almış azərbaycanlı gənclərin ölkəyə qayıtması nəticəsində “Azərkosmos” komandasının formalaşdırılmasında heç bir çətinlik yaşanmadı.
Rövşən Rüstəmov “Azərkosmos”da aparılan işlər barədə də tədbir  iştirakçılarına ətraflı məlumat verdi.
Konfransda HUMAN fondunun təsisçisi və direktoru, Azərbaycan Dövlət İqtisad Universitetində mühazirəçi Fəridə Əsgərzadə, HORİZON Qrupun nümayəndəsi Marqareta Drzeniek, İspaniya, Pakistan, İran, Yaponiya, Qazaxıstan, Əfqanıstan, Türkmənistan, Malavi, Kosta-Rika, Anqola, Zimbabve, Cibuti, Əlcəzair, İordaniya, İndoneziya, Sudan, Qana nümayəndələri  yeni iş yerlərinin açılması, gənclərə rəqəmsal biliklərin aşılanması, qaçqın və miqrant gənclərin, gənc işçilərin dəstəklənməsi, gənc mütəxəssislərin sayının artırılması, gələcəyin peşələri, avtomatlaşmanın iş yerlərinin sayına təsiri,  yeni iş yerlərinin yaradılması üçün ölkələrdə həyata keçirilən proqramlar, gənclərin inkişaf etdirilməsi üçün fondların yaradılması barədə fikirlərini bildirdilər, qeyd və təkliflərini səsləndirdilər.
Sonra konfransın dördüncü sessiyasında “Gələcək nəsillər üçün Parlamentin atdığı addımlar” mövzusu ətrafında Ətraf Mühit və Davamlı İnkişaf üzrə kanadalı komissar xanım Cudi Gelfandın videomesajı dinlənildi. Panel müzakirələri zamanı Birləşmiş Ərəb Əmirliklərindən olan millət vəkili xanım Alya Aljassim, Gələcək nəsillər üçün sabiq komissar, Macarıstan nümayəndəsi Sandor Fülop gələcək nəsillərin hüquq və maraqlarının müntəzəm parlament işinə inteqrasiya edilməsi, gənclərin inkişaf strategiyası, onlara dəstək verilməsi, gənclər və rəqəmsallaşma, gənclər parlamentlərinin yaradılması, ölkələrin gənclər siyasəti barədə fikirlərini bölüşdülər.
Panel müzakirələrində çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirdi ki, bu gün biz həssas dünyada yaşayırıq və dünyada heç bir ölkə terrorçuluq, radikallıq və ekstremizmdən sığortalanmayıb. Azərbaycan da terrorçuluğa məruz qalan bir ölkədir.
20 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizi erməni işğalı altındadır və qonşu Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımız öz doğma yurdlarını tərk edərək qaçqın və məcburi köçkün vəziyyətinə düşüblər.
Komitə sədrinin müavini vurğuladı ki, bu işğal zamanı törədilmiş etnik təmizləmə terrorun hər bir ölkə üçün necə təhlükəli olmasının bariz nümunəsidir.
Millət vəkili Azərbaycanda gənclərə böyük diqqət və qayğının göstərildiyini qeyd etdi. Bildirdi ki, dünyada bəzi terror təşkilatları özlərini İslam təşkilatı kimi təqdim edərək İslamın adına xələl gətirirlər. Etnik və dini zəmində yaranan münaqişələrin sayı get-gedə artmaqdadır. Azərbaycan bu mənada öz dözümlülük ənənələrini qoruyub saxlayır. Müxtəlif dinlərə və etnik qruplara mənsub olan xalqlar əsrlər boyu Azərbaycanda yaşayır və ona görə də tolerantlıq və multikulturalizm ideyaları həyatımızın ən dəyərli hissəsidir və eyni zamanda dövlət siyasətinin prioritetlərindən biridir.
Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı müxtəlif aktual mövzulara həsr olunmuş sessiyalarda öz işini bitirdikdən sonra qurumun milli parlamentlərdə gənclərin iştirakı üzrə 2018-ci ilin hesabatı təqdim edildi.
Hesabatı təqdim edən PAİ-nin Gənclərin iştirak proqramının meneceri Zeina Hilal bildirdi ki, parlamentlər barədə qlobal informasiya şəbəkəsi olan  Parlamentlərarası İttifaq parlamentlərdə gənclərin iştirakını təhlil edib. Hesabata əsasən, son iki ildə dünyada 30 yaşından cavan deputatların sayı 1,9 faizdən 2,2 faizə qədər artıb. Gənc deputatların say çoxluğu ən çox Avropa ölkələrində müşahidə olunur. Parlamentlərdə gənclərin təmsilçiliyini artırmaq məqsədilə PAİ gənclərin bu sahəyə daha çox cəlb edilməsi üçün böyük səylər göstərib, onlar barədə məlumatlar yığıb, gənc deputatların illik qlobal konfransı kimi bir çox forumlar təşkil edib. Daha çox gənci qərarların qəbul edilməsinə cəlb etməklə, cəmiyyətdə mövcud olan əsas çağırışlara daha yaxşı cavab vermək olar. Bu gün də, gələcəkdə də xalqların mənafeyinə xidmət edəcək siyasətin hazırlanması işində gənc deputatların baxışlarına, müasir ideyalarına ehtiyac var.
Qeyd olundu ki, Parlamentlərarası İttifaqın hesabatında parlamentlərdə gənclərin iştirakını artırmaq üçün müxtəlif tədbirlər tövsiyə edilir. Bir sıra ölkələrdə gənclər üçün yaradılmış seçki kvotaları təsir göstərməyə başlayır. Təqdirəlayiq haldir ki, gənclər məsələləri üzrə parlament komitələri artıq ölkələrin 40 faizində mövcuddur, 72 ölkədə daha çox sayda gəncin siyasi təhsil alması və siyasətlə məşğul olması üçün gənclər parlamentləri yaradılır.
Müzakirələr zamanı Zambiyalı deputat Nava Villy Sitali, BMT-nin İnkişaf Proqramının nümayəndəsi Conas Olsen, Azərbaycan Milli Məclisinin deputatı Rəşad Mahmudov, Uqanda, Somali, Sudan, Yaponiya, Suriya, İordaniya, Misir və digər ölkələrin parlament təmsilçiləri hesabatla bağlı öz fikirlərini açıqladılar, bir sıra təkliflərini səsləndirdilər.
Sonra Azərbaycan Milli Məclisinin deputatı Şahin İsmayılov və Parlamentlərarası İttifaqın Gənclər Forumunun sədri Mourine Osoru Konfransın Yekun sənədini təqdim etdilər. Bildirildi ki, Yekun sənəddə müzakirəyə çıxarılan məsələlər, o cümlədən ətraf mühitin qorunmasında gənclərin rolu, gələcək nəsillər üçün davamlı istehlak və istehsal, sabahın təhsili, sabahın iş yerləri, gələcək nəsillər üçün parlamentin atdığı addımlar üzrə tövsiyələr öz əksini tapıb.
Tədbirin sonunda Parlamentlərarası İttifaqın Gənclər Forumunun sədri Mourine Osoru Azərbaycan Milli Məclisinə Konfransın yüksək səviyyədə təşkilinə görə nümayəndə heyətləri adından təşəkkürünü ifadə etdi.
Bununla da, Bakıda iki gün davam edən Parlamentlərarası İttifaqın  Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı öz işini başa çatdırdı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU