MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
18 dekabr 2018 | 05:12   
Paylaşın:        
Dekabrın 18-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov əvvəlcə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevə söz verdi. 
Çıxış edən Cavanşir Feyziyev dekabrın 11-12-də Avropa Parlamentində keçirilən ilin son iclasları və qəbul edilən qətnamənin məzmunundan söz açdı.  
Bildirildi ki, öncə Avropa İttifaqının 140-dan çox nümayəndəsinin iştirak etdiyi mərasimdə Azərbaycan Xalq Cümhuriyyəti haqqında qonaqlara dəyərli məlumatlar verilib. Sonra Avropa Parlamentinin plenar sessiyası keçirilib və Avropa İttifaqının Xarici Fəaliyyət və Təhlükəsizlik siyasətinə dair illik hesabatı müzakirə edilib. Yekunda isə Avropa Parlamentinin qətnaməsi qəbul edilib.
Sənəddə bütün “Şərq tərəfdaşlığı ölkələri”nin, o cümlədən, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin tanındığı öz əksini tapıb, sonda isə qətnamə qəbul edilib. Qətnamədə Avropa İttifaqının və quruma üzv olan dövlətlərin regional münaqişələrə ikili yanaşmasını qadağan edən maddələr yer alıb. Erməni lobbisinin maraqlarına xidmət edən bəzi parlamentarilərin cəhdlərinə baxmayaraq, qətnamə böyük səs çoxluğu ilə təsdiqlənib. 
Qətnamədə Azəbaycanın maraqlarına tam uyğun gələn bəndlər yer alıb. Belə ki, sözügedən sənəd Avropa İttifaqı “Şərq Tərəfdaşlığı ölkələri”ndəki dondurulmuş münaqişələrə vahid mövqedən yanaşma tələb edir.  
Deputat qeyd etdi ki, qətnamənin qəbulunda bu dəfə xalqların öz müqəddəratını təyin etmə prinsipindən söz açılmayıb. Erməni lobbisinin səylərinə baxmayaraq, öz müqəddəratını təyin etmə məsələsi bu dəfə məruzəyə salınmayıb. 
Müzakirələr zamanı parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlardan Fazil Mustafa, Zahid Oruc, Tahir Kərimli, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Fəzail İbrahimli, Elman Nəsirov, Hikmət Məmmədov çıxış etdilər. Deputatlar qətnamənin qəbul edilməsini ölkəmizin uğuru kimi dəyərləndirdilər, cari məsələlər barəsində öz fikirlərini bildirdilər. 
Spiker Oqtay Əsədov vurğuladı ki, bütün bu nailiyyətlər Prezident İlham Əliyevin ortaya qoyduğu prinsipial mövqenin nəticəsidir. Dövlət başçısının apardığı siyasət artıq bəhrəsini verməkdədir. Bu, məqsədyönlü, sistemli, qətiyyətli siyasətin təntənəsidir.
Çıxışlardan sonra gündəlikdəki məsələrin müzakirəsinə başlanıldı. İlk olaraq  “Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev və Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatının təsdiq edilməsi barədə”, və “Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələri təsdiqləndi. 
Deputatlar həmçinin “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə üçüncü oxunuşda müsbət münasibət bildirdilər. Həmçinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi də səsverməyə çıxarılaraq qəbul edildi. 
Parlament həmçinin Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş),  “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” (üçüncü oxunuş),  Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş), “Avtomobil nəqliyyatı haqqında”(üçüncü oxunuş), “Sığorta fəaliyyəti haqqında”(üçüncü oxunuş)  qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini də təsdiqlədi. 
İclasda birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihələri ilə bağlı geniş müzakirələr aparıldı.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, sənəd 9 maddədən ibarətdir. Bu qanun Azərbaycanın Dövlət Gerbinin istifadəsi qaydalarını müəyyən edir. Qanun layihəsi ilə Azərbaycanın Dövlət Gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşib. Layihəyə əsasən, Dövlət Gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir.
Dövlət Gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır. Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, Dövlət Gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi.

Bildirildi ki, ikinci layihə də 9 maddədən ibarətdir və Azərbaycan Dövlət Himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edir.
Vətəndaşlar üçün Dövlət Himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər mövcuddur. Himn nəzərdə tutulan qaydada ifa edilməli, dinlənilməli və oxunmalıdır. 
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi.
İclasda həmçinin “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də (birinci oxunuş) təsdiqləndi. Yeni dəyişikliyə əsasən bundan sonra Milli Məclisin İnsan hüquqları komitəsi, Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birlikdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) fəaliyyəti haqqında illik məlumata baxacaq və rəy verəcək. 
Digər dəyişikliklə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Hesablama Palatasının fəaliyyəti barədə illik hesabata baxacaq və rəy verəcək. Qanun layihəsi barədə deputatlardan Aydın Mirzəzadə, Qənirə Paşayeva, Sahib Alıyev, Araz Əlizadənin fikirləri dinlənildikdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda  təsdiqləndi.
İclasda gündəliyin sonuncu məsələsi - “Ümumi təhsil haqqında” qanun layihəsinin birinci oxunuşu ətrafında geniş müzakirələr aparıldı. 
Sənədi təqdim edən parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirdi ki, 5 fəsil, 33 maddədən ibarət qanun layihəsi Azərbaycanda ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Qanun layihəsinin 12-ci (Ümumi təhsil müəssisəsi) maddəsində bildirilir ki, ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək.
Qanunun 13-cü (Ümumi təhsilin təşkili) maddəsinə əsasən, ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) təşkil edilir. Təmayül sinifləri şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdiriləcək. Hazırda bu rəqəm 20-dir.
Müzakirələr zamanı İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlardan Qüdrət Həsənquliyev, İlham Əliyev, Əli Məsimli, Tahir Kərimli çıxış edərək qanun layihəsi barədə fikirlərini bildirdilər. Qeyd olundu ki, Azərbaycanda orta təhsil sistemi nisbətən sadələşdirilməlidir. 
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edildi. Bununla da parlamentin plenar iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU