MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASI BAŞA ÇATDI
Dekabrın 28-də Milli Məclisin payız sessiyasının sonuncu iclası keçirildi. Spiker Oqtay Əsədovun sədrliyi ilə 52 məsələdən ibarət gündəlik təsdiqləndi.
İclasda öncə Polad Həsənovun və Qabil Məmmədovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi məsələsinə razılıq bildirildi.
Sonra Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında məsələyə baxıldı. Parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə Xanlar Fətiyev Almaniya, Sahibə Qafarova Çexiya, Cavanşir Feyziyev Fransa ilə analoji işçi qrupların rəhbəri seçildilər.
Deputatlara məlumat verildi ki, gündəlikdəki növbəti 17 məsələ bu ilin mayında qəbul olunmuş “Ələt azad iqtisadi zonası haqqında” qanunun tətbiqi ilə əlaqədardır. Həmin məsələləri parlamentə təqdim edən vitse-spiker, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirdi ki, bu ilin dekabr ayının 7-də Milli Məclis Ələt azad iqtisadi zonası ilə əlaqədar “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda dəyişiklik etdi, 20 dekabr tarixində həmin dəyişiklik qüvvəyə mindi. Bu dəyişikliyə görə, “Ələt azad iqtisadi zonası haqqında” qanunla müəyyən edilmiş hallarda zona ərazisində bu Konstitusiya qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin zonanın fəaliyyəti ilə bağlı qəbul edilmiş aktlar Azad Zona daxilində məcburi hüquqi qüvvəyə malikdir”. Bununla əlaqədar gələcəkdə Ələt azad iqtisadi zonasında məcburi hüquqi qüvvəyə malik olan daxili qaydalarla əsas iqtisadiyyat qanunvericiliyi arasında ziddiyyət yaranmasın deyə, parlamentə təqdim olunmuş bir sıra qanunlarda əlavə və dəyişikliklər edilmişdir.
Milli Məclis Sədrinin müavini qeyd etdi ki, Ələt azad iqtisadi zonasında daxili qaydalar ən qabaqcıl beynəlxalq standartlara və beynəlxalq standartlarda öz əksini tapmış tələblərə uyğun hazırlanacaqdır.
Deputatlar atmosfer havasının mühafizəsi, ekoloji təhlükəsizlik, ətraf mühitin mühafizəsi, istehsalat və məişət tullantıları, Yerin təki haqqında qanunlarda və Su Məcəlləsində dəyişiklik edilməsini dəstəklədilər.
Növbəti qanun layihələrinə görə, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanuna 2.5 maddəsinin, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna isə 3.2 maddəsinin əlavə olunması, həmçinin “İcra haqqında” və “İnzibati icraat haqqında” qanunlara təklif olunan dəyişikliklər də müvafiq hüquqi prosedurların Azad Zona səlahiyyətli qurumu tərəfindən həyata keçirilməsini təmin etmək məqsədi daşıyır. Parlament bu məsələlərə də müsbət münasibət bildirdi.
Qanunvericiliyin uyğunlaşdırılması baxımından “Məhkəmələr və hakimlər haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Notariat haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda, həmçinin İnzibati Xətalar, İnzibati Prosessual, Miqrasiya, Mülki, Mülki Prosessual, Şəhərsalma və Tikinti məcəllələrində dəyişikliklər edilməsi vacib sayıldı.
Deputatlar antiinhisar fəaliyyəti, auditor xidməti, daşınar əmlakın yüklülüyü, daşınmaz əmlakın dövlət reyestri, elektron ticarət, əmtəə nişanları və coğrafi göstəricilər, haqsız rəqabət, xarici investisiyanın qorunması, icarə haqqında qanunlarda dəyişiklik edilməsini razılıqla qarşıladılar.
Parlament icbari sığortalar, ixrac nəzarəti, investisiya fəaliyyəti, kommersiya sirri, qrant, lisenziyalar və icazələr, müflisləşmə və iflas, mühasibat uçotu, nağdsız hesablaşmalar, patent, reklam haqqında qanun layihələrini də səsvermə yolu ilə qəbul etdi.
“Sahibkarlıq fəaliyyəti haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” və “Valyuta tənzimi haqqında” qanunlarda, eləcə də Gömrük və Vergi məcəllələrində dəyişiklik edilməsi məqsədəuyğun sayıldı.
Milli Məclis “Ələt azad iqtisadi zonası haqqında” qanunun tətbiqi üçün hüquqi zəmini təkmilləşdirmək məqsədilə “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlarda dəyişikliyə razılıq verdi.
Sonra banklar, bank olmayan kredit təşkilatları, poçt, kredit ittifaqları, kredit büroları, investisiya fondları, qiymətli kağızlar bazarı, lotereyalar, ipoteka, sığorta fəaliyyəti haqqında qanunlara təklif olunan dəyişikliklər qəbul olundu. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunda dəyişiklik edilməsi müsbət qarşılandı.
Parlamentin komitə və plenar iclaslarında gedən öncəki müzakirələrdən bəllidir ki, Ələt azad iqtisadi zonasında torpaq münasibətlərinin tənzimlənməsi məqsədilə qəbul olunacaq qaydalarda Azad Zonanın torpağı ilə bağlı prosedurlar əksini tapacaq və ona dair bütün hüquqlar özünün reyestrində qeydiyyata alınacaq. Bütün bu məsələlərin hüquqi tənzimlənməsi üçün Milli Məclis aqrar sahəyə dair qanunvericilik aktlarına – Torpaq Məcəlləsinə və “Torpaq icarəsi haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanunlara edilən əlavə və dəyişikliklərə razılıq verdi.
Plenar iclas Azad Zonanın fəaliyyəti ilə əlaqədar sosial sahəni əhatə edən 4 qanuna – “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Məşğulluq haqqında” və “Sosial sığorta haqqında” qanunlara, Əmək Məcəlləsinə təklif olunan dəyişiklikləri vacib hesab etdi.
Azad Zonada sanitariya-epidemioloji salamatlığın təmin edilməsi sahəsində münasibətlər də “Ələt azad iqtisadi zonası haqqında” qanunun tələblərinə uyğun tənzimlənəcəyindən deputatlar “Sanitariya-epidemioloji salamatlıq haqqında” və “Tibbi sığorta haqqında” qanunlara dəyişiklik edilməsini məqsədəuyğun saydılar.
İclasda “Elektron imza və elektron sənəd haqqında” və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanun layihələrinə edilən dəyişikliklər də səsvermə yolu ilə qəbul olundu.
Milli Məclisin Sədri Oqtay Əsədov vurğuladı ki, beləliklə, uzun müddət parlamentdə müzakirə olunan “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi və həmin qanunun tətbiqi ilə bağlı olaraq 75 qanuna dəyişiklik edilməsi məsələsi başa çatdı.
Sonra iclasda Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunun 1-ci və 7-ci maddələrinə təklif olunan dəyişiklikləri şərh etdi. Bildirdi ki, bu layihə Mülki Məcəllənin müddəalarının nəzərə alınması və praktikada qanunun tətbiqi zamanı yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə hazırlanıb. Qanun qəbul olundu.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deputatların nəzərinə çatdırdı ki, Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli qanunu ilə təsdiqlənmiş 1 nömrəli əlavədə – “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin Siyahısı”nda dəyişiklikdən məqsəd narkomaniyaya qarşı mübarizə ilə bağlı sui-istifadə hallarını aradan qaldırmaq və güclü təsir edən maddələrin dövriyyəsinə nəzarəti gücləndirməkdir. Parlament bu qanunun qəbulunu vacib saydı.
Sonra növbəti məsələləri təqdim edən komitə sədri Milli Məclisə məlumat verdi ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun 2.2-ci maddəsində tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Məcəllənin 11.1-ci maddəsində nəzərdə tutulmuş tələbin tətbiqi üçün müəyyənləşdirilmiş vaxt daha 1 il müddətinə uzadılır. Qanun layihəsi səsə qoyuldu və müsbət qarşılandı.
Bildirildi ki, “Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsindən məqsəd ölkə əhalisinin Dövlət Reyestrinə Azərbaycanda qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə də məlumatların daxil edilməsidir. Qanun dəstəkləndi.
Parlamentdə qeyd olundu ki, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunun 16-cı maddəsinə təklif olunan dəyişiklikdən məqsəd bu sahədə qeyri-qanuni sənədlərin hazırlanması və yayılmasının qarşısının alınmasıdır. Sənəd səsvermə yolu ilə qəbul olundu.
Plenar iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, “Hesablama Palatası haqqında” qanunda dəyişikliyə ehtiyac cari ilin 29 iyununda “Büdcə sistemi haqqında” qanunda edilmiş dəyişikliyin icrasını təmin etməkdən yaranıb. Həmin qanunda xərclərin orta və uzunmüddətli idarə edilməsi üzrə yeni büdcə qaydasının tətbiqi nəzərdə tutulub. Bu zaman büdcə qaydasına uyğun olaraq ilk növbədə icmal büdcənin xərclərinin yuxarı həddi müəyyənləşdirilir. Layihə səsə qoyuldu və qəbul edildi.
Gündəlikdəki növbəti məsələni təqdim edən Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov qeyd etdi ki, ölkədə əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətinin tənzimlənməsi, habelə bu sahədə nəzarətin və şəffaflığın artırılması üçün “İstehsalat və məişət tullantıları haqqında” qanunun 12-2-ci maddəsinə edilən dəyişikliyə görə, əlvan və qara metal tullantılarının qəbulunu həmin metalların əridilməsi ilə məşğul olan və təhlükə potensiallı obyekt kimi qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə biləcəklər. Bu metalların qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından yoxlanmasına dair müəyyənləşdiriləcək qaydalara müvafiq həyata keçiriləcək.
Komitə sədri Əli Hüseynli əlavə etdi ki, bu məsələ ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 276-1 və 457-1-ci maddələrinə təklif olunan dəyişikliyə görə, həmin müddəaları pozanlar məsuliyyət daşıyacaqlar. Yeni qanuna əsasən, fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 2500 manatdan 3500 manatadək, hüquqi şəxslər 5000 manatdan 10000 manatadək məbləğdə cərimə olunacaqlar.
Məlumatlar dinlənildikdən sonra hər iki qanunun qəbulu məqsədəuyğun sayıldı.
Komitə sədri Ziyad Səmədzadənin şərhi dinlənildikdən sonra deputatlar “İcra haqqında” qanunun tələblərinin nəzərə alınması məqsədilə Mülki Məcəllədə və “Daşınar əmlakın yüklülüyü haqqında” qanunda dəqiqləşdirmələr aparılmasına və texniki xarakterli düzəlişlərin edilməsinə dair qanun layihələrinə də müsbət münasibət bildirdilər.
Məlumdur ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb. Bu qanuna təklif olunan dəyişikliyə əsasən, həmin istisnaya gömrük auditi də əlavə olunur. Beləliklə də, səlahiyyətli qurumlar xarici ticarət dövriyyəsində şəffaflığın, dövlət büdcəsinə ödənilməli olan vergi və gömrük rüsumlarının tam təmin edilməsi məqsədilə gömrük auditini maneəsiz həyata keçirə biləcəklər. Deputatlar bu dəyişikliyə müsbət yanaşdılar.
Məlumdur ki, gömrük sistemində islahatlar aparılır. Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi, elektron gömrük xidmətlərinin genişləndirilməsi məqsədilə ölkəmizdə “Yaşıl dəhliz” buraxılış sistemləri yaradılır. İdxal-ixrac əməliyyatlarında qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaradılması, gömrük sərhədində mal dövriyyəsini sürətləndirmək yolu ilə ölkənin ixrac potensialının gücləndirilməsi, Ümumdünya Gömrük Təşkilatının tövsiyələrinə uyğun olaraq xarici ticarət iştirakçılarında könüllü riayət mədəniyyətinin formalaşdırılması, gömrük nəzarətinin daha çevik və şəffaf həyata keçirilməsi, idxal-ixrac zamanı məmur-sahibkar münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında qurulması vacib amillərə çevrilib. Bununla əlaqədar olaraq Gömrük Məcəlləsinin 13-1, 113 və 114-cü maddələrinə dəyişiklik edilməsi zərurəti yaranıb. Həmçinin İnzibati Xətalar Məcəlləsinin 485-ci maddəsinə edilən əlavədə qeyd olunur ki, qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməlidir. Əks halda vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 1500 manat məbləğində cərimələnəcəklər. İclasda şərhlər dinlənildikdən sonra hər iki Məcəlləyə dəyişikliklər qəbul olundu.
Milli Məclis qanunvericiliyin uyğunlaşdırılması və təkmilləşdirilməsi baxımından dövlət satınalmaları, dövlət rüsumu, yol hərəkəti haqqında qanunlara təklif edilən dəyişikliklərə razılıq verdi.
Deputatlar Mülki Prosessual Məcəllədə, “Məhkəmələr və hakimlər haqqında” qanunda məhkəmə prosesinin avtomatlaşdırılmasını, hakimlərə elektron informasiya sistemindən geniş istifadə imkanı yaradılmasını, məhkəmə prosesinin onlayn rejimdə müşahidə edilə bilməsini nəzərdə tutan dəyişiklikləri təsdiqlədilər.
Ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planının və maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin icrasının sürətləndirilməsi məqsədilə Mülki Məcəlləyə, ipoteka və icra haqqında qanunlara edilən dəyişikliklər qəbul olundu.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qeyd etdi ki, Azərbaycan Prezidenti icbari tibbi sığortanın 2020-ci ildə bütün ölkə ərazisində tam tətbiq olunmasına hazırlıq işlərini sürətləndirmək, səhiyyənin mövcud maliyyə mexanizmlərinin təkmilləşdirilməsi yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, tibbi xidmətin keyfiyyətini yüksəltmək, əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə müvafiq fərman imzalayıb. Milli Məclisin nəzərinə çatdırıldı ki, 1999-cu ildə qəbul olunmuş “Tibbi sığorta haqqında” qanun günün tələblərinə cavab vermədiyindən həmin qanuna 34 maddədən ibarət 5 yeni fəsil əlavə olunub.
Layihəyə dair fikir mübadiləsi aparıldıqdan sonra iclasda iştirak edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deputatları maraqlandıran məsələlərə aydınlıq gətirdi. İcbari tibbi sığorta ilə könüllü tibbi sığortanın fərqini izah etdi. Mingəçevirdə, Yevlaxda və Ağdaşda həyata keçirilən pilot layihələr barədə ətraflı məlumat verdi.
Deputatlar ölkədə əhalinin tibbi xidmətlərə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, tibbi xidmətlərin əlçatanlığı, keyfiyyətin artırılması, sığorta olunanların maraqlarının qorunması, nəzarət mexanizminin tətbiqi məqsədilə “Tibbi sığorta haqqında” qanuna edilən dəyişikliklərə razılıq verdilər. Bununla əlaqədar olaraq qanunvericiliyin uyğunlaşdırılması üçün “İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlara təklif olunan dəyişiklikləri qəbul etdilər.
Milli Məclis “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda 12 iyun 2018-ci il tarixdə edilmiş dəyişikliyin icrasına hüquqi zəmin yaratmaq üçün “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Banklar haqqında”, “Pasportlar haqqında” qanunlarda, 2005-ci ildə təsdiq olunmuş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nda və Mülki Məcəllədə zəruri olan dəyişikliklərə razılıq verdi.
Millət vəkilləri “Müflisləşmə və iflas haqqında” “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda, Əmək Məcəlləsində və Mülki Məcəllədə dəyişiklik edilməsini məqbul saydılar.
Bildirildi ki, “İnzibati icraat haqqında” qanunda, Mülki Prosessual Məcəllədə, Şəhərsalma və Tikinti Məcəlləsində edilən dəyişikliklər “Doing Business”in 2019-cu ildə Azərbaycan Respublikası ilə bağlı hesabatındakı tövsiyələrdən irəli gəlir. Mülki işlər və iqtisadi mübahisələr üzrə ərizə və şikayətlərin elektron dövriyyəsi, bu sahədə sadələşdirilmiş icraatın tənzimlənməsi, səhmdarların maraqlarının qorunması məsləhət görülür. Təqdim olunan qanun layihələrində investisiyalı hüquqi şəxslərin elektron dövlət qeydiyyatına dair məlumatlara digər inzibati orqanların çıxış imkanının olması məqsədəuyğun sayılır. Tikintiyə icazə prosedurlarının sadələşdirilməsi, tikinti aparılmasına, həmçinin obyektin istismarına icazə verilmə müddətinin qısaldılması tənzimlənir. Parlament bu qanunlara razılıq verdi.
Sonra vitse-spiker Bahar Muradova “Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti”nin mətnini oxudu. Müraciət təsdiq olundu.
(Müraciətin mətni parlamentin rəsmi saytında və mətbuatda dərc olunacaq.)
İclasın sonunda Milli Məclisin Sədri Oqtay Əsədov 2018-ci il payız sessiyasının sona çatması ilə əlaqədar yekun nitqi söylədi. Spiker dedi:
- “Hörmətli deputatlar! Milli Məclisin payız sessiyasının sonuncu iclası başa çatır. Bu gün biz həm sessiyaya, həm də qanunvericilik ilinə yekun vururuq. Görülmüş işləri nəzərə alaraq, inamla söyləmək olar ki, bu bir ildə parlament səmərəli fəaliyyət göstərmişdir. 31 iclasda 463 qanun qəbul edilmişdir.
Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmdə yerinə yetirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərini parlament səviyyəsində dəstəkləmək üçün lazımi tədbirlər görülmüşdür.
Bu il Milli Məclisin beynəlxalq əlaqələrinin intensivliyi baxımından çox məhsuldar il olmuşdur. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində yaxından və çox yüksək səviyyədə iştirak etmişlər. İl ərzində 45 ölkəyə 135-dən çox səfər həyata keçirilmişdir. Millət vəkillərimiz Türkiyədə keçirilən prezident və parlament seçkilərini, Rusiyada, Gürcüstanda və Monteneqroda prezident seçkilərini və Latviyada parlament seçkilərini müşahidə etmişlər.
Bu il 85 xarici dövlətin və 27 beynəlxalq təşkilatın 160-dan çox nümayəndə heyəti, 2050 nəfər deputat və əcnəbi vətəndaş Milli Məclisdə olmuşdur. Azərbaycan parlamenti ilə tanışlıq qonaqlarımızda xoş təəssüratlar oyatmışdır. Onlarda Azərbaycan haqda müsbət fikirlər yaranmışdır. Beynəlxalq təşkilatların xətti ilə 9 tədbir keçirilmişdir.
Əlbəttə, ən möhtəşəm tədbirimiz Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 100 illiyinə həsr edilən tədbir olmuşdur. Bu tədbirdə 44 ölkədən gələn nümayəndələr iştirak edirdi. Siz hamınız həmin tədbirin iştirakçısı oldunuz və nə qədər təntənəli səviyyədə keçirildiyini gördünüz.
Eləcə də bu yaxınlarda Parlamentlərarası İttifaqın Gənc parlament üzvlərinin 5-ci Qlobal Konfransı Azərbaycanda keçirildi. Çox maraqlıdır ki, bu iclasda da dünyanın 44 ölkəsini təmsil edən 180 nəfərdən çox nümayəndə iştirak edirdi. Parlamentlərarası İttifaqın o mötəbər konfransı Milli Məclisin plenar iclas zalında keçirildi. O gənclər Azərbaycan haqda çox yüksək təəssüratla qayıtdılar və bir daha Azərbaycana gəlmək istədiklərini vurğuladılar.
Mən hesab edirəm ki, Milli Məclis 2018-ci ili uğurla başa çatdırır. Bununla əlaqədar mən bütün millət vəkillərini təbrik edirəm. Qarşıda bayramlar var. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə də hamınızı təbrik edirəm.
Cənab Prezidentə Milli Məclis adından təbrik məktubu hazırlanmışdır. (Alqışlar.) İcazə verin, sizin bu alqışlarınızı təbrikin təqdim edilməsinə razılığın ifadəsi kimi qəbul edək.
Hörmətli həmkarlar, bayramlar münasibəti ilə, yeni il münasibəti ilə hamınızı ürəkdən təbrik edirəm, hər birinizə can sağlığı, ailə xoşbəxtliyi, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.”
Çıxışını yekunlaşdıran Spiker Oqtay Əsədov Milli Məclisin payız sessiyasını bağlı elan etdi.
Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə Milli Məclisin payız sessiyası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti