MİLLİ MƏCLİSDƏ “AZƏRBAYCAN PARLAMENTARİZMİ TARİXİ” KİTABININ TƏQDİMATI KEÇİRİLDİ
Dekabrın 28-də Milli Məclisdə “Azərbaycan parlamentarizmi tarixi” adlı ikicildlik kitabın təqdimat mərasimi keçirildi.
Mərasimdə Milli Məclisin Sədri Oqtay Əsədov, Sədrin birinci müavini Ziyafət Əsgərov, Sədr müavinləri Bahar Muradova və Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin deputatları və KİV nümayəndələri iştirak edirdilər.
Parlamentin Spikeri Oqtay Əsədovun elmi məsləhətçiliyi və redaktorluğu, Milli Məclisin Sədr müavini Bahar Muradovanın, deputat, AMEA-nın müxbir üzvü Musa Qasımlının, tarixçi-alim Vasif Qafarovun müəllifliyi ilə hazırlanan kitabın təqdimat mərasimini giriş sözü ilə Bahar Muradova açdı.
Vitse-spiker əvvəlcə qeyd etdi ki, 2018-ci il vacib və əhəmiyyətli 100 illik yubiley tədbirləri ilə zəngin olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixli Sərəncamından irəli gələn vəzifələri yerinə yetirərək bu il dövlətimiz, xalqımız, cəmiyyətimiz və bütün dünya azərbaycanlıları müsəlman Şərqində ilk parlamentli respublika olan müasir və dünyəvi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini hələ də qeyd etməkdədirlər. Tədbirlərdə bu yüz ildə əldə etdiyimiz uğurlar, rastlaşdığımız çətinliklər, bizim müqəddəs xəyallarımızın gerçəkliyə çevrilməsi istiqamətindəki səylərimizə qarşı yönəlmiş cəhdlər barədə çoxsaylı müzakirələr, diskussiyalar və dəyərləndirmələr aparılıb.
Dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinin yüksək səviyyədə qeyd olunması üçün bütün lazımi addımları atıb. Azərbaycan parlamenti də Prezident İlham Əliyevin AXC-nin 100 illiyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı tövsiyələrinə əməl edilməsi üçün səylərini əsirgəmədi. Milli Məclisin Sədri Oqtay Əsədovun sərəncamı ilə yubileyə hazırlıq üzrə təşkilat komitəsi yaradıldı, bu tədbirlər yüksək səviyyədə keçirildi və görülən işlərin nəticələri barədə ictimaiyyətə geniş məlumat verildi.
Bahar Muradova “Azərbaycan parlamentarizmi tarixi” kitabının önəmini vurğulayaraq qeyd etdi ki, kitab üzərində il yarım iş gedib. Kitabın tədqiqat obyekti Azərbaycan xalqının qədimdən keçdiyi yol, qərarların qəbulu ənənəsi, bu ənənələrin formalaşması üsulları, AXC-nin yaranması, Sovet dövrü, həmin dövrdə dəyişən şərtlər çərçivəsində və 1991-ci ildə müstəqilliyin bərpasından sonra Azərbaycan parlamentinin keçdiyi yoldur. Həmmüəlliflər olaraq məqsədimiz Azərbaycanda tarixən qərarların qəbul edilməsi ənənəsini öyrənmək, parlamentin dövlət idarəçiliyi sistemində tutduğu yeri, oynadığı rolu dəyərləndirmək, eləcə də bu günə qədər bu sahədəki elmi-nəzəri tədqiqatları özündə əks etdirən, ümumiləşmiş tədqiqat əsəri ortaya qoymaq idi.
Kitabın birinci cildi qədim dövrdən 1991-ci ilə qədər olan dövrü, ikinci cildi isə 1991-ci ildən 2018-ci ilə qədər olan dövrü əhatə edir. Kitab bu sahədə olan nailiyyətləri özündə birləşdirən ümumiləşmiş bir əsərdir və hesab edirəm ki, gələcəkdə çoxsaylı elmi-tədqiqat əsərlərinin yaradılması üçün əhəmiyyətli baza olacaq.
Sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli çıxış edərək söylədi ki, Azərbaycan Prezidenti İlham Əliyevin AXC-nin 100 illiyinin qeyd olunması və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamları bizim dövlətçilik tariximizə dövlət səviyyəsində verilən yüksək qiymətin ifadəsidir və dövlət səviyyəsində cümhuriyyət qurucularının xatirəsinə ehtiramı ifadə edir. Mühüm siyasi və tarixi əhəmiyyətə malik olan bu sənədlərə əsasən ölkədə və dünyada genişmiqyaslı tədbirlər həyata keçirildi.
İsa Həbibbəyli həmin tədbirlərin içərisində Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclası və təqdimatı olan “Azərbaycan parlanentarizmi tarixi” kitabının işıq üzü görməsini mühüm hadisə kimi dəyərləndirdi. Komitə sədri dedi ki, əsər Azərbaycanda mili parlamentarizmin tarixinə və ənənələrin inkişaf yoluna işıq saldığı üçün böyük tarixi əhəmiyyətə malikdir.
Millət vəkili, akademik Yaqub Mahmudov çıxışında vurğuladı ki, bu kitabın təqdimatı elmə, millətin tarixinə dövlət münasibətinin parlaq nümunəsidir. Əsərin yaranması ulu öndər Heydər Əliyevin tariximizlə əlaqədar verdiyi fərmanlardan, tariximizin yenidən yazılması, xalqımızın məruz qaldığı soyqırımlar və deportasiyaların yenidən işlənməsi zərurətindən yaranıb. Bünövrəsi ulu öndər tərəfindən qoyulan tarix elminin inkişafını cənab Prezident Ilham Əliyev də daim diqqət mərkəzində saxlayır. Dövlətin yeritdiyi bu siyasət Azərbaycan parlamentində ardıcıllıqla həyata keçirildi.
Sonra deputat Hikmət Babaoğlu kitabın mühüm dövrləri əhatə etdiyini, Azərbaycan prezidentinin AXC-nin yubileyi ilə bağlı imzaladığı sərəncamda əksini tapan müddəalara əsasən ardıcıllıqla yazıldığını diqqətə çatdırdı. O, qeyd etdi ki, kitabda tarixi məsələləri, onların əhatəli və sistematik şərhini, hadisələrin analitik təhlilini görürük, 100 il boyunca qərar qəbul edən siyasi liderlərin düşüncələri ilə tanış oluruq.
Təqdimatın sonunda kitabın həmmüəllifləri deputat, tarixçi-alim Musa Qasımlı və AMEA-nın aparıcı elmi işçisi Vasif Qafarov çıxış edərək bildirdilər ki, bu il Azərbaycan xalqı ölkədə müstəqil dövlət yaradılmasının 100 illiyini uğurla yola salır. AXC-nin yaradılmasının 100 illiyinə gözəl töhfə olan bu kitabın hazırlanması prosesi bizim üçün də olduqca xoş oldu.
Milli Məclisin
Mətbuat xidməti