MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 17-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2019-cu ilin yaz sessiyasında ilk iclası keçirildi. İclası açan komitə sədri, parlament Sədrinin birinci müavini Ziyafət Əsgərov əvvəlcə komitə üzvlərini yeni sessiyanın başlanması münasibəti ilə təbrik etdi. 1990-cı ilin qanlı 20 yanvar hadisələrində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra komitənin gündəliyinə daxil edilən “Azərbaycan Respublikasının “Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Silahlı Qüvvələrin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin təsdiq edilməsi barədə”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunlarda, Seçki Məcəlləsində və “1994-cü il 23 sentyabr tarixli 886 nömrəli qanunla təsdiq edilmiş “Silahlı Qüvvələrin qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirə olundu.
Bu sənədlərdə edilən dəyişiklikləri şərh edən Ziyafət Əsgərov bildirdi ki, qanun layihələri qanunvericiliyə uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, 2016-cı il sentyabrın 26-da ölkəmizdə keçirilmiş referendumla Azərbaycan Konstitusiyasına xeyli sayda əlavə və dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərdən biri də Konstitusiyanın 9-cu maddəsinə edilən dəyişikliyə müvafiq olaraq “Sərhəd mühafizə orqanları haqqında” qanuna edilən dəyişikliklərdir. Bu qanunlarda edilən dəyişikliklərin mahiyyəti həmin qanuna uyğunlaşdırmaya xidmət edir.
Sonra Ziyafət Əsgərov “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişiklikləri diqqətə çatdırdı. Bildirildi ki, sənədə edilən dəyişikliklər ilkin hərbi qeydiyyata alınan 16 yaşından yuxarı vətəndaşlardan tələb olunan sənədlərin onlayn qaydada qəbul edilməsi qaydalarını tənzimləyəcək.
Müzakirə edilən qanun layihələri baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti