MƏDƏNİYYƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
17 yanvar 2019 | 04:01   
Paylaşın:        

Yanvarın 17-də Mədəniyyət komitəsi Milli Məclisin 2019-cu il yaz sessiyasında ilk iclasını keçirdi. Komitənin sədri Rafael Hüseynov öncə günün aktual məsələlərinə toxundu, Azərbaycan Prezidentinin mədəniyyət sahəsi ilə bağlı imzaladığı son sərəncamlardan söz açdı. Qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ədəbiyyat, mədəniyyət və mənəviyyat hadisəsidir. Sonra dövlət başçısının kitabxanalarla bağlı fərmanına toxunan komitə sədri dedi ki, bu fərman elektron kitabxanalar şəbəkəsinin genişləndiyi müasir şəraitdə kitabxana işinin təkmilləşdirilməsinə xidmət edir.
İclasda gündəlikdəki məsələləri şərh edən Rafael Hüseynov öncə parlamentin 2018-ci il payız sessiyası dövründə komitədə görülmüş işlərin hesabatını təqdim etdi. Bildirdi ki, ötən sessiyada Mədəniyyət komitəsində 7 iclas keçirilib, 22 məsələyə baxılıb. Onlardan 20-si qanun layihəsidir. Mühüm əhəmiyyət daşıyan həmin qanun layihələri parlamentdə qəbul olunub.
Payız sessiyasında Mədəniyyət komitəsinə 147 təklif, ərizə və şikayət daxil olub ki, onlardan 97-si tədbir görülməsi üçün aidiyyəti üzrə təşkilatlara göndərilib, 50 müraciət isə işə alınıb. Sessiya müddətində komitə sədri tərəfindən 22 vətəndaş qəbul edilib.
Komitə üzvləri hesabatı məqbul saydılar.
Sonra iclasda 2019-cu ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri barədə məlumat verildi. Bildirildi ki, iş planına “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında” və digər qanun layihələri, tədbirlər daxil edilib. Nəzərə çatdırıldı ki, sessiya ərzində kitabxanaların fəaliyyəti, nəşriyyat işi, aşıq sənəti ilə bağlı yeni qanunların hazırlanması da gündəmdə ola bilər.
Fikir mübadiləsində deputatlar Aqil Abbas, Novruz Aslan, Əflatun Amaşov, komitə sədrinin müavini Jalə Əliyeva bir sıra dəyərli təkliflər irəli sürdülər. Mədəniyyət komitəsinin iş planı təsdiqləndi.
Komitədə “Milli arxiv fondu haqqında” qanunda dəyişikliklər edilməsi, “Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə qaydaları haqqında” Sazişin təsdiqi, “Azərbaycan Respublikası Hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında yerləşmə ölkəsi haqqında” Sazişin təsdiqi kimi məsələlərə də baxıldı.
İclasın yekununda gündəlikdəki sonuncu məsələyə – “Azərbaycan Respublikasının “Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq  edilməsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunlarda və Seçki Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirildi.
İclasda baxılan bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU