SƏHİYYƏ KOMİTƏSİNDƏ
Yanvarın 18-də ilk iclasını keçirən Səhiyyə komitəsində öncə 1990-cı ilin qanlı 20 yanvar hadisələrində həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra komitənin sədri Əhliman Əmiraslanov Milli Məclisin yaz sessiyasının başlanması münasibəti ilə deputatları təbrik etdi, qanunvericilik fəaliyyətində onlara uğurlar arzuladı.
İclasda öncə parlamentin 2018-ci il payız sessiyası dövründə Səhiyyə komitəsində görülmüş işlərin hesabatı təqdim olundu. Bu barədə geniş məlumat verən Əhliman Əmiraslanov qeyd etdi ki, ötən sessiyada komitə çox məhsuldar işləyib. 10 iclasda 15 məsələ müzakirədən keçib. Onlardan 7-si qanun layihəsi olub. Mühüm əhəmiyyət daşıyan həmin qanun layihələri, o cümlədən cəmiyyətin sosial sifarişi olan “Psixoloji yardım haqqında” və tam yenilənmiş “Tibbi sığorta haqqında” qanun layihələri parlamentdə qəbul edilib.
Hesabat dövründə komitəyə 105 ərizə və şikayət daxil olub. Baxılıb tədbir görülməsi üçün komitə adından müxtəlif qurumlara 100 məktub göndərilib. Sessiya müddətində komitə sədri 40 seçicini qəbul edib. Müraciətlər əsasən vətəndaşların ödənişsiz əməliyyat olunması, müalicəsi və digər məsələlərlə bağlı olub.
Sonra iclasda 2019-cu ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı müzakirə olundu. Bildirildi ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edəcəyi qanun layihələri ilə yanaşı Səhiyyə komitəsində bir sıra vacib qanunların da müzakirəyə çıxarılması nəzərdə tutulur. Bunlar “Reproduktiv sağlamlıq haqqında” , “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” , “Optika və optikaçılıq haqqında” qanun layihələridir. Yaz sessiyasında “Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri” mövzusunda dinləmə keçirilməsi də nəzərdə tutulur.
Müzakirə zamanı deputatlar Qənirə Paşayeva, Məlahət İbrahimqızı, İlham Məmmədov, Rəşad Mahmudov, Sədaqət Vəliyeva, Rafiq Məmmədhəsənov, komitə sədrinin müavini Musa Quliyev ötən sessiyada görülmüş işləri təqdirəlayiq hesab etdilər, səhiyyənin vacib problemlərini önə çəkərək bir sıra təkliflər irəli sürdülər. Orqan transplantasiyası zamanı beyin ölümünün təsdiqlənməsi vacibliyi vurğulandı. Autizm, antibiotiklərin istifadəsinə ehtiyatla yanaşmaq zərurəti, stomatoloji xidmətin yaxşılaşdırılması, şəkərli diabet mövzularında dinləmələrin keçirilməsi təklif olundu. Pasiyentin və tibb işçilərinin hüquqlarının qorunmasına dair qanun layihəsinin hazırlanması vacibliyi diqqətə çatdırıldı.
Müzakirələrə yekun vuran komitə sədri Əhliman Əmiraslanov irəli sürülən təkliflərin nəzərə alınacağını bildirdi. İş planı təsdiqləndi.
İclasda gündəlikdəki üçüncü məsələyə də müsbət münasibət bildirildi. “Azərbaycan Respublikasının “Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarda və Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsi də Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti