AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
18 yanvar 2019 | 03:01   
Paylaşın:        

Yanvarın 18-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2019-cu ilin yaz sessiyasında ilk iclası keçirildi. Komitə sədri Aqiyə Naxçıvanlı növbəti sessiyanın başlaması münasibəti ilə öz təbriklərini çatdırdı və gündəlikdə olan məsələlər barədə məlumat verdi.
Əvvəlcə, 2018-ci ilin payız sessiyasında görülən işlər barədə hesabat təqdim edildi. Bildirildi ki, bu müddətdə komitənin 4 iclası keçirilib, 6 məsələyə baxılıb. İclaslarda, o cümlədən “Azərbaycan Respublikasının 2019-ci il dövlət büdcəsi haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlar, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Uşaq hüquqları haqqında” və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanunlarda dəyişikliklərin edilməsi barədə sənədlər müzakirə olunub. Qeyd edilən sənədlər Milli Məclisdə qəbul olunub.    
Aqiyə Naxçıvanlı qeyd etdi ki, ötən sessiya ərzində xarici ölkə parlamentlərinin təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri ilə bir sıra görüşlər keçirilib, fikir mübadiləsi aparılıb. Komitə üzvləri, eyni zamanda, müxtəlif ölkədaxili və beynəlxalq tədbirlərdə fəal iştirak ediblər.
Hesabat dövründə komitənin ünvanına 108 məktub daxil olub. Müraciətlərin 52-si araşdırılmaq üçün aidiyyəti qurumlara göndərilib. Habelə, komitə sədri tərəfindən Milli Məclisdə 54 nəfər vətəndaş qəbul edilib, onları narahat edən məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb.
Komitənin 2018-ci ilin payız sessiyasında fəaliyyəti məqbul hesab olundu.
2019-cu ilin yaz sessiyası üçün iş planını diqqətə çatdıran komitə sədri  bildirdi ki, bu müddətdə müxtəlif sənədlərdə, o cümlədən ailə, qadın və uşaq hüquqlarına həsr olunmuş qanunlarda əlavə və dəyişikliklərin edilməsi, bununla əlaqədar aidiyyəti komitələrlə müzakirələrin aparılması, daxil olan sənədlərin ekspertizasının keçirilməsi, komitənin hazırladığı qanun layihələri ilə əlaqədar dinləmələrin, habelə ailə modelinin təkmilləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili nəzərdə tutulur.
Deputatlar Sədaqət Vəliyeva və Tahir Rzayev iş planı ilə bağlı öz   təkliflərini səsləndirdilər. Millət vəkilləri ictimaiyyətin maarifləndirilməsi baxımından ailə institutunun formalaşması və qorunması istiqamətində bir sıra məqamların təbliği, habelə ailə, qadın və uşaq məsələləri sahəsində qəbul olunmuş qanunlar, onların izahatı ilə bağlı dinləmələrin, televiziyalarda dəyirmi masaların təşkilinin vacibliyini söylədilər.  
Sonra iclasda Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər barədə məlumat verildi. Bildirildi ki, 164.1-ci maddədə “təqdim edildikdə” sözləri “əsasında” sözü ilə əvəz olunur və ikinci cümlə əlavə edilir. Aparılan düzəlişdən sonra maddə aşağıdakı kimi səslənir: “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur”.
Bu dəyişiklik ölkə Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.4-cü bəndinin icrası ilə bağlı elektron xidmətlərin tətbiqi ilə əlaqədar dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin edilməsi məqsədi daşıyır.
Digər dəyişiklik doğumun qeydə alınmasının notariat qaydada müəyyənləşdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə aparılıb. Belə ki, Məcəllənin 166.2-ci maddəsində “valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər” sözləri  “uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs” sözləri ilə əvəz edilir.
Komitə üzvləri Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin məqsədəmüvafiq olduğunu bildirdilər və qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə etdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU