İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ
Yanvarın 22-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi. Milli Məclis Sədrinin müavini, komitə sədri Bahar Muradova iclası açaraq, 2019-cu ilin yaz sessiyasının başlaması münasibəti ilə deputatlara öz təbriklərini çatdırdı, fəaliyyətlərində müvəffəqiyyətlər dilədi.
Vitse-spiker bildirdi ki, ötən il ölkəmizin dünyada nüfuzunun daha da artması ilə müşahidə olundu, bir sıra mühüm əhəmiyyətli tədbirlər keçirildi. Növbədənkənar prezident seçkilərində xalqımız mütəşəkkil şəkildə iştirak etdi və layiqli namizədə səs verdi. Mötəbər beynəlxalq təşkilatların, çoxsaylı xarici dövlətlərin nümayəndə heyətlərinin qatıldığı Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı yubiley mərasimi yüksək səviyyədə keçirildi. Ölkəmiz keyfiyyətcə yeni dönəmə qədəm qoyub. Həyatın bütün sahələrində islahatlar sürətlə davam etdirilir. Bu işdə Milli Məclis də öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Parlamentin üzvləri beynəlxalq səviyyəli tədbirlərdə fəal iştirak edir, aktual məsələlərlə bağlı ölkəmizin mövqeyini geniş ictimaiyyətə çatdırırlar.
Sonra Bahar Muradova gündəlikdəki məsələlər barədə məlumat verdi.
Əvvəlcə, komitənin 2018-ci ilin payız sessiyasında fəaliyyəti barədə hesabat təqdim olundu. Bildirildi ki, sessiya ərzində 6 iclas keçirilib, 7 məsələyə baxılıb. Komitə tərəfindən Milli Məclisə tövsiyə edilən 3 sənəd – “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanunlar, habelə, “Uşaq hüquqları haqqında” və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihələr plenar iclasda müzakirə edilərək qəbul olunub.
Hesabat dövründə komitəyə 419 müraciət daxil olub. Komitənin rəhbərliyi tərəfindən 95 vətəndaş qəbul edilib. Ərizələrə baxılması üçün müxtəlif ünvanlara 258 məktub göndərilib.
Qeyd edildi ki, komitə üzvləri Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı, parlamentdə təmsil olunan siyasi partiya nümayəndələrinin, Avropa və Asiyada fəaliyyət göstərən siyasi partiyaların gənclər təşkilatları üzvlərinin iştirakı ilə “Siyasi plüralizm və parlament təcrübəsi” mövzusunda dəyirmi masada iştirak ediblər.
Sonra 2019-cu il yaz sessiyası üçün komitənin iş planı barədə söhbət açıldı. Diqqətə çatdırıldı ki, növbəti sessiyada Milli Məclisə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin müzakirəsi, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından qanun və qərar layihələrinə dair rəy hazırlanması, beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri ilə əməkdaşlığın inkişaf etdirilməsi, ölkədaxili və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Deputatlar Hikmət Məmmədov, Tahir Kərimli, Elman Nəsirov, Əflatun Amaşov, Yevda Abramov çıxış edərək komitənin 2018-ci ilin payız sessiyasında fəaliyyətini qənaətbəxş hesab etdilər, 2019-cu ilin yaz və növbədənkənar sessiyaları üçün iş planını müsbət dəyərləndirdilər, cari məsələlərlə bağlı fikirlərini bölüşdülər.
Sonra parlament Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik və Sosial qanunvericilik şöbələrinin məsul işçiləri müzakirəyə təqdim olunmuş qanun layihələri barədə məlumat verdilər.
Bildirildi ki, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanuna 1.2-1-ci maddə əlavə olunur. Əlavədə deyilir ki, doğum haqqında şəhadətnamə ilə birlikdə ilk dəfə verilən fərdi identifikasiya kartının alınması üçün vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs də müraciət edə bilər. Bununla bağlı qanunun 3.2 və 7-ci maddələrində də müvafiq dəyişikliklər edilib.
Qeyd olundu ki, həmin qanuna uyğunlaşdırmaq məqsədi ilə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda da düzəlişlər aparılıb. Belə ki, qanunun 6-cı maddəsində təsbit olunan vətəndaşlığı təsdiq edən sənədlər siyahısına “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı” bəndi əlavə edilir.
Ailə Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin mahiyyəti ilə bağlı bildirildi ki, 164.1-ci maddədə “təqdim edildikdə” sözləri “əsasında” sözü ilə əvəz olunur və ikinci cümlə əlavə edilir. Aparılan düzəlişdən sonra maddə aşağıdakı kimi səslənir: “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur”. Bu dəyişiklik ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.4-cü bəndinin icrası ilə bağlı elektron xidmətlərin tətbiqi ilə əlaqədar dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin edilməsi məqsədi daşıyır.
Habelə, doğumun qeydə alınmasının notariat qaydada müəyyənləşdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə təklif olunur ki, Məcəllənin 166.2-ci maddəsində “valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər” sözləri “uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs” sözləri ilə əvəz edilsin.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti