HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

Komitə iclasları
23 yanvar 2019 | 03:01   
Paylaşın:        

Yanvarın 23-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyasında ilk iclası keçirildi.
Əli Hüseynli əvvəlcə 2018-ci ilin payız sessiyası dövründə rəhbərlik etdiyi komitədə görülən işlər barədə məlumat verdi. Bildirildi ki, hesabat dövründə komitənin 25 iclası keçirilib və 169 məsələ müzakirə olunub. Millət  vəkilləri komitənin payız sessiyası dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər. 
Daha sonra komitənin 2019-cu il yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri planına baxıldı. İşlər planına Azərbaycan Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, “Peşə birlikləri haqqında”, “Sosial sifarişlər haqqında” qanunların hazırlanması,  eləcə də bir  sıra qanunlarda dəyişiliklər edilməsi haqqında qanun layihələrinin daxil edildiyi diqqətə çatdırıldı.  Qanunvericilik  işləri planı müzakirə olunaraq təsdiqləndi.
İclasda “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadə qaydası haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himninin istifadə qaydası haqqında” qanun layihələri ikinci oxunuşda müzakirə edildi. Qeyd olundu ki, hər iki sənəd “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanunlarının tətbiqi məqsədilə hazırlanmışdır.
Sonra “Milli Məclisin komitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə edildi. Bildirildi ki, sənəd “Milli Məclisin Daxili Nizamnaməsi”nə uyğunlaşdırma və parlament haqqında qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.  
Eyni zamanda gündəlikdəki “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin təsvirinin təsdiq edilməsi haqqında”, “Silahlı Qüvvələrin qarnizon və qarovul xidmətləri Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”,  “İnzibati icraat haqqında”, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, İnzibati Xətalar Məcəlləsində və “Avtomobil nəqliyyatı haqqında” qanunda, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və  “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”qanunlarda, eləcə də Seçki Məcəlləsində, Əmək Məcəlləsində və Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri də müzakirə edildi. Bildirildi ki, nəzərdə tutulan bütün dəyişikliklər texniki xarakter daşıyır.
Müzakirə olunan bütün məsələlər  baxılması  üçün parlamentin plenar iclasına tövsiyə edildi.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU